Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-25 09:00:00
Universitetlərimizin yoxa çıxan fakültələri–Sırada hansılardır?

 

 

Bu gün bir çox ali təhsil müəssisələrində özünün aktuallığı, əmək bazarına yararlılığı ilə seçilməyən fakültələr mövcuddur.

 

Bəs, bu qəbildən olan hansı fakültələr ləğv oluna və ya eyni profilli  digərinə birləşdirilə bilər?

 

Mözvu ilə bağlı ali təhsil məsələləri üzrə ekspert  Vüsal Kərimli AzEdu.az-a açıqlamasında fakültənin bağlanmasını deyil, bəzilərinin isə yenilənməsini təklif edib:

 

“Tələbənin dörd illik təhsil proqramı var, burada fənlərin sillabusu hazırlanarkən tələbəyə əmək bazarının tələbinin öyrədilməsi nəzərə alınmır. Bu da qaçınılmaz problemlərə səbəb olur. Bazarın nə tələb etdiyi öyrənilmədiyi təqdirdə tələbənin əmək bazarında bilik və bacarıqları adekvat olmur.

 

Mütləqdir ki, kafedralar öz proqramını, sillabuslarını hazırlayarkən əmək bazarını çox ciddi araşdırıb, oradakı tələb və təklifləri dəyərləndirsinlər. Əks təqdirdə, onların hazırladığı kadr əmək bazarına adekvat olmayacaq”.

 

V.Kərimli hansısa bir fakültə tam olaraq bağlanarsa, bunun yarada biləcəyi fəsadlardan da söz açıb:

 

“İllərdir fakültələr özləri-öz ixtisasını ixtisar edir. Bunun səbəbi odur ki, həmin ixtisasa əmək bazarında tələbat yoxdur və gənclər həmin ixtisas üzrə təhsil almaqdan imtina edir. Universitet özü bir fakültəni ixtisar edərsə bu  cəmiyyət arasında rezenansa səbəb olub, insanların təhsil alma hüququnun pozulması kimi qiymətləndirilə bilər. Təhsil həssas mövzu olduğu üçün, bu, geniş araşdırma tələb edir. Bir anda hansısa fakültəni ləğv edib və ya digərinə inteqrasiya etmək mənfi fəsadlara yol aça bilər.

 

Mövzu ilə bağlı Bakı  Mühəndislik  Universitetinin  Elmi  işlər  üzrə prorektoru Elçin  Süleymanov AzEdu.az-a açıqlamasında oxşar fakültələrin birləşməsinin daha doğru olacağını bildirdi:

 

“Ali təhsil müəssisələrində fakültələr elmi şuranın qərarına əsasən yaradılır.  Elmi şura qərar verdiyi zaman, ixtisasın aktuallığına və tələbə sayına diqqət edir. Fakültənin yaradılması üçün, minimum 500 tələbənin olması, maddi texniki baza, professor, müəllim heyətinin formalaşması şərtdir. Oxşar fakültələrin birləşməsini daha məqsədəuyğun hesab edirəm. Texniki bazanın, müəllim və professsor heyətinin birləşməsi faydalı olar”.

 

E.Süleymanovun fikrincə, əgər fakültədəki tələbə sayı çoxdursa, bu zaman birləşmək yerinə, fakültənin bölünməsi  daha doğru olacaq:

 

“Əsaslı bir səbəb yoxdursa, tələbə sayı çox, nəzarət çətindirsə, bu zaman ayrı-ayrılıqda fəaliyyət göstərmələri daha doğru olar. İdeal bir fakültəni 1500 tələbə olduğu təqdirdə idarə etmək mümkündür. Əgər tələbə sayı həddindən artıq çoxdursa, bu zaman fakültənin bölünməsini daha doğru hesab edirəm”.

 

Ekspert son olaraq bildirdi ki, oxşar fakültələrin birləşməsi idarəetmənin rahatlığı və maliyə imkanlarına qənaət üçün daha faydalı olar.