Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-23 13:59:00
İkinci rus-müsəlman qızlar məktəbinin birinci müdiri
(MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edirik) 
 
1911-12-ci illərin dövrü mətbuatı Azərbaycanın böyük satirik şairi Mirzə Ələkbər Sabirin əsərlərinin nəşri üçün ilk maddi yardım göstərən qeyrətli Vətən qızı haqqında yazır, onun bu maarifpərvər xeyirxahlığını bütün qəzetlər təbliğ edirdi... Bu xeyirxah qadın Bakıda İkinci Rus-müsəlman Qızlar Məktəbinin müdiri, görkəmli yazıçı və dramaturq Nəcəf bəy Vəzirovun qızı Sara xanım Vəzirova (1889-1961) idi. “Yeni İrşad” qəzetinin 28 avqust 1911-ci il tarixli ilk sayında Sara xanımın bir məktubu dərc olunmuşdu. O, məktubunda yazırdı: “Müdir əfəndi! Möhtərəm “Kaspi” qəzetəsində “Mehdibəy” imzalı, şairi-şəhirimiz (məşhur şairimiz) Sabir əfəndi haqqında bir məqalə dərc olunmuşdu. Məqalədə müşarulileyh (yuxarıda adı çəkilən) Mehdibəy cənabları mərhum Sabirin əsərlərini çap etmək təklifini etmişdir. Böylə ki, əsərlərdən cəm olunmuş pul mərhum Sabirin ailəsinə məsrəf olunsun. Özümə borc bildim ki, aldığım məvacibimdən 5 manat xidmətinizə göndərib, rica edim ki, bu az məbləği gələcəkdə Sabirin əsərlərini çap etmək üçün cəm olan sərmayəyə (fonda) daxil edəsiniz. Və bununla bərabər ümid edirəm ki, sahibi-sərvət qardaşlarım və bacılarım Sabirin bizim həqqimizdə çəkdiyi zəhmətini yaddan çıxarmayıb onun yadigarı olaraq əsərlərini çap etdirələr. Tainki, həm millətimiz o əsərlərdən bəhrəmənd olub, həm də o mərhumun övrətinə bir iyanə olunsun. 
 
Bakıda ikinci şəhər rus-müsəlman ünas məktəbinin müdirə və nazirəsi: Sara xanım Vəzirzadə”.
 
Dönəmin elə bir qəzet və jurnalı yox idi ki, bu humanizm və xeyirxahlıq mahiyyətli məktubu dərc etməmiş olsun. Bu məktubdan sonra bir çoxları Sara xanım Vəzirovanın bu örnək davranışından təsirlənib onun səsinə səs vermiş, M.Ə.Sabirin əsərlərinin nəşri üçün yaradılan fonda pul göndərmişdilər.
 
Sara vanım Vəzirova 1889-cu ildə Bakı şəhərində, dövrün bütün görkəmli aydınlarının qapısını açdığı bir evdə, daim ədəbiyyat, sənət söhbətlərinin getdiyi, xalqımızın milli-mədəni taleyinin düşünüldüyü bir ocaqda dünyaya göz açmışdı. Bakıda Gimnaziya, Peterburqda Universitet, Moskvada Akademiya təhsili alan Nəcəf bəy Vəzirov Qarabağda sayılıb-seçilən Vəzirovlar nəslindən idi. Xeyirxahlığı ilə daim maarifin, elmin inkişafına dəstək olan, Azərbaycan xalqının mədəniyyətinə, ədəbiyyatına böyük və ünlü şəxsiyyətlər bəxş edən bu nəslin layiqli nümayəndəsi Nəcəf bəy kimi ömür-gün yoldaşı Xurşud xanım da ziyalı və köklü bir ailənin qızı idi. Ədürrəhman bəy Haqverdiyevin nəslindən olan, Şuşada Mirzə Abbas bəyin ailəsində dünyaya gələn Xurşud xanım ilk təhsilini Şuşada Rus-Tatar məktəbində aldıqdan sonra Dağıstanda Teymurxanşura (Temir-Xan-Şura, Teymurun şurası; indiki Buynaksk) şəhərində progimnaziyada oxumuş, Bakıda Xeyriyyəçi Qadınlar Cəmiyyətinin üzvü olmuşdu. Nəcəf bəyin əsərlərinin ilk oxucusu və tənqidçisi olan bu xanım həm də böyük ədibin məslək, amal yoldaşı idi. Birlikdə üç övlad böyüdüb tərbiyə etmişdilər. Ailədə möhkəm nizam-intizamın, təhsilə marağın olması uşaqların sağlam düşüncəli böyüməsi, formalaşması həm də Xurşud xanımın böyük əməyinin nəticəsi idi.
 
Nəcəf bəy Vəzirov nəinki öz övladlarının, xalqının hər bir övladının təhsil alması, dünyagörüşünün inkişaf etməsi üçün həyatı boyunca əsərlərində təbliğat aparmış, maarifpərvər yazıçı kimi tanınıb-şöhrətlənmişdi. Ailədə övladların üçü də (Şamil, Sara və Sürəyya) kiçik yaşlarından oxuyub yazmağı öyrənmişdi. Təsadüfi deyil ki, Sara xanım Bakıda “Müqəddəs Nina” Qızlar məktəbinə gedəndə artıq oxuyub yazmağı bacarırdı.
 
Ailənin maddi durumu o qədər də yaxşı olmasa da, Nəcəf bəy də, Xurşud xanım da övladının təhsil üçün əllərindən gələni əsirgəməmişdilər. Ailənin ilki, 1882-ci ildə anadan olan Şamil də ilk təhsilini evdə almış, ata-anasından yazıb-oxumağı öyrənəndən sonra Bakı real məktəbində oxumuşdu. Avropada təhsil almaq arzusunda olduğunu valideynlərinə bildirəndə isə valideynləri sevinclə xeyir-dua verərək oğlanlarını Berlinə yola salmışdılar. Şamil burada kənd təsərrüfatı üzrə ali təhsil alaraq Vətənə dönmüş, ilk dəfə Yevlaxda torpağın mexaniki becərilməsi bazasını yaratmışdı; lakin bolşevik hökümətinin işğalından və bu bazanı da zəbt etməsindən sonra o, yalnız kənd təsərrüfatı işləri ilə məşğul olub... Şamil bəy də mötəbər atası kimi iş başında – Ağdamda ezamiyyətdə olarkən 1935-ci ildə vəfat edib.
 
Qardaşı və bacısı kimi Sara xanım Vəzirovanın da ilk müəllimi anası olmuşdu. Qardaşından 8 il sonra dünyaya gələn Sara xanım ailənin ikinci övladı idi. O, daha çevik, işgüzar və bacarıqlı idi. Xurşud xanıma ev işlərində həmişə yardımçı olan Sara, ilk bilikləri anasından almış, elm, təhsil yolunda ilk kövrək addımlarını atmışdı. O, Bakıdakı “Müqəddəs Nina” məktəbinə oxumağa gedərkən yazıb-oxumağı bacarırdı. Bacısı Sürəyya xanımla birlikdə məktəbə gedər, öyrəndiklərini birgə müzakirə edərdilər. Sürəyya xanım “Müqəddəs Nina” məktəbini bitirdikdən sonra Bakıda əl işləri, biçmə-tikmə dərsi demək üçün xüsusi kurs keçmiş və dərs demək hüququ əldə edərək ömrünün sonuna kimi (1920) Şəhər Qız məktəbində işləmişdi.
 
Sara xanım Vəzirova 1907-ci ildə “Mqəddəs Nina” Qız məktəbini bitirib müəllimlik fəaliyyətinə başlamış, İkinci Rus-Müsəlman Qızlar məktəbində Hesab fənnindən dərs demiş və bu məktəbin müdiri olmuşdu. Bu təhsil ocağı Bakının Kilsə (indiki Vidadi) küçəsində üç otaqlı, birmərtəbəli xüsusi bir mülkdə yerləşidi. Məktəb yaradılan kimi Sara xanım müdir təyin olunmuş, az müddətdə yüzə qədər qız uşağını burada təhsilə cəlb edə bilmişdi. Fəaliyyətə başladığı ilk ildə isə məktəbdə cəmi iki sinif var idi. Bu təhsil ocağında ana dili, şəriət, rus dili, hesab fənləri tədris edilir, əl işi məşğələləri təşkil olunurdu. Sonuncu sinifdə təbiət və coğrafiya fənləri də proqrama daxil edilmişdi. Məktəbin ilk müəllimlərindən Əsma Sultan xanım Əfəndizadə ana dili dərsi keçirdi. Şəfiqə xanım Əfəndizadə, Səidə xanım Şeyxzadə, Nigar xanım Aslanova, Mina xanım Aslanova, Sürəyya xanım Vəzirova və başqa maarifpərvər qadınlar burada müxtəlif fənlərdən dərs deyirdi. Azərbaycanın bu ilk görkəmli qadın müəllimləri sırasında Sara xanım Vəzirovanın özünəməxsus mövqeyi və xidmətləri vardı.
 
Üç ildən sonra Persidski ( indiki M. Muxtarov) küçəsinə köçən məktəb burada da darısqallıq üzündən sıxıntı içində fəaliyyət göstərsə də, çox savadlı gənclər yetirmişdir. 1914-cü ildə məktəbin ilk buraxılışında on bir qız ibtidai təhsilini tamamlaya bilmişdi. Onlarca qızın maariflənməsində, dünyəvi təhsil almasında böyük rol oynamış İkinci Rus-Müsəlman qızlar məktəbi 1921-ci ilə qədər fəaliyyətini davam etdirmişdir.
 
Sara xanım Vəzirova yalnız bu məktəbdəki pedaqoji fəaliyyəti ilə kifayətlənməmiş, ölkənin ictimai həyatında da fəallığı ilə fərqlənmişdir. O, Bakı Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin qadın təhsili uğrunda apardığı mübarizənin iştirakçısı kimi xalqının, millətinin maariflənməsi uğrunda təbliğatçılıq işləri görmüşdür.
 
1920-ci ilin aprel işğalından sonra Sara xanım Vəzirzadə əsilzadə ailələrin gözdən salındığı bir vaxtda soyadının sonluğunu dəyişrməyə məcbur olub, Vəzirova ilə əvəz etmişdi. Bu illərdən sonra o məktəbdən də uzaqlaşmış (və ya uzaqlaşdırılmış!..) uzun müddət kitabxanaçı işləmişdir.
 
Xoşbəxtlikdən Sara xanımın gəlin köçdüyü ailədə də maarifə, elmə xüsusi diqqət, qayğı var idi. Sara xanım dövrünün tanınmış ziyalısı və dövlət xadimi, Qafqaz Müsəlmanları İdarəsinin rəisi – V şeyxülislam, müəllim, yazıçı Əbdüssəlam Axundzadənin oğlu, general-polkovnik Rəşid bəy Axundovla ailə qurmuşdu. Rəşid bəy Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Bakı quberniyasının qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası İşlər İdarəsinin müdiri kimi məsul vəzifələrdə işləmişdi. Sara xanımla Rəşid bəyin çox xoşbəxt bir ailəsi, Gülnar, Leyla və Validə adlı üç qızıları vardı. Lakin qəfildən bu ailənin taleyinə qara yellər əsmiş, xoşbəxtliyi yarımçıq qalmışdı... 1920-ci ilin aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti Bolşevik Rusiyası tərəfindən işğal ediləndə Rəşid bəy həyatını həsr etdiyi işlərindən ayrılmağa məcbur olmuşdu. O, 1923-cü ildə Azərbaycan Hüquq Bürosuna üzv olmuş, bu sahədə fəaliyyətini davam etdirməyə başlamışdı; ancaq Stalin rejiminin “böyük təmizləmə” adlandırdığı repressiya Azərbaycanın bir çox dəyərli, qabaqcıl fikirli, öndə olan övladları kimi Rəşid bəyin də ömrünü yarıda kəsdi... O, həbs edilərək Rusiyanın Kirov vilayətinə sürgün edildi. Çətin və dözülməz bir şəraitdə, elə sürgündə ikən, 1940-cı ilin aprel ayında vəfat etdi.
 
Sara xanım Vəzirovanın sevimli həyat yoldaşının sürgün edilməsi və ölümündən sonra ailənin hansı faciələrlə üz-üzə qaldığını təsəvvür etmək çətin deyil. Mövcud ictimai quruluşun düşməni kimi həbs edilənlərin ailəsi kimi onlar da bir çox məhrumiyyətlərə dözməli, ehtiyac və çətinliklərlə mübarizə apararaq yaşamalı oldular. 1914-cü ildə anasını, 1926-cı ildə atasını, 1920-ci ildə gənc, yaşca özündən kiçik bacısını və 1935-ci ildə qardaşını itirən, çarəsizcə onların yoxluğu ilə “barışmalı” olan Sara xanım Vəzirovanın həyatına ən böyük zərbə həyat yoldaşının həbsi və ölümü olmuşdu. Bu ayrılıqdan sonra Sara xanım bədbinləşmiş, həyatdan küsmüşdü. Rəşid bəy Axundovun vəfatından sonra Sara xanım 21 il yaşasa da, bu ömrün hər bir günü məşəqqətli olmuş, Rəşid bəyin layiqli yadigarları olan üç qızı ilə təsəlli tapmışdı.
 
Nəcəf bəy Vəzirovun böyük gələcəyinə inandığı sevimli qızı, Rəşid bəy Axundovun vəfalı həyat yoldaşı, dövrünün tanınmış ziyalısı Sara xanım Vəzirova 1961-ci ildə dünyasını dəyişdi. Millətinin mədəni inkişafı üçün gördüyü işlər, etdiyi xeyirxahlıqlar isə uzun zaman xalqın yaddaşında yaşayacaq, vətənpərvər müəllim qadının adını əbədi yaşadacaqdır. (Moderator.az)