Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-20 12:28:00
Qanı ilə adını asfalta yazan 20 YANVAR ŞƏHİDİ

“Qardaşım məndən iki yaş balaca idi. Əfqanıstanda hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda tikinti təşkilatlarından birində işə düzəlmişdi. Yasamal rayonundakı 2 saylı tibb məktəbinin yataqxanasının təmirində çalışırdı. Hər axşam yoldaşları ilə Salyan kazarmasının yanına yığışır, rus imperiyasına qarşı barışmaz mövqelərini bildirirdilər”.

 

Azedu.az xəbər verir ki ,Bu sözləri qanlı 20 Yanvar faciəsinin 131 qurbanından biri olan qubalı Elçin Qeybullayevin qardaşı İlqar Qeybullayev Bizim.media-ya söyləyib.

 

İlqar Qeybullayev danışır ki, qardaşı faciə günü də gecə saat 11-də Əhmədlidən, o vaxt XI Qızıl Ordunun adını daşıyan metronun yanına gəlmişdi:

 

“Biz yataqxanada bir yerdə qalırdıq. Həmin gün mən də Prezident Aparatının yanında olan kütlənin içərisində idim. Elçin ora çatanda artıq rus tankları şəhərə daxil olmuşdu və o da özünü tankların qarşısına atan izdihamın içində idi. Həmin gecə Elçin aldığı güllə yarasından elə oradaca şəhid olmuşdu.

 

Mən onu bir çox xəstəxanalarda axtardım, təkrarən “Semaşko”ya baxanda Elçinin meyitini tapdım. Güllə sol tərəfindən dəymişdi, meyitin güllə dəymiş hissəsi açıq idi, bədəninin digər yerlərində isə paltarı əynində idi. Biz Elçini morqdan götürüb Qubaya gətirdik və doğulduğumuz Küçeyi kənd qəbiristanlığında dəfn etdik”.

 

İlqar deyir ki, Elçin şəhid olanda 21 yaşı təzəcə tamam olmuşdu, arzuları isə çox idi, ali təhsil almaq istəyirdi:

 

“İdmanın karate növü ilə məşğul olurdu, imtahanlara hazırlaşırdı. O qədər parlaq şeylərdən danışırdı ki, mən ona heyranlıqla qulaq asırdım. Həyat dolu bir insan idi”.

 

Qubanın Küçeyi kəndində yaşayan Qeybullayevlər ailəsi çoxuşaqlı ailə olub. Elçin 5 oğul,3 qız olan ailənin 5 oğlundan dördüncüsü olub.

 

Ailənin 5 qardaşdan sonra böyük qızı olan Sevingül Allahverdiyeva da qardaşı barədə həsrət və kədərlə danışır:

 

“Elçin şəhid olanda 14 yaşım vardı, 6-cı sinifdə oxuyurdum. Elçin bizi yoluxmağa gəlmişdi Bakıdan, gedəndə məndən soruşdu ki, nə istəyirsən, gələn dəfə alım gətirim? Mən də saç üçün ağ bant istədim. Amma bu Elçinlə son görüşümüz oldu. Evimizə Elçinin mənə alacağı ağ bant əvəzinə qərənfillərlə əhatələnmiş qara tabutu gəldi”.

 

Sevingül Elçinin Əfqanıstan müharibəsində iki güllə yarası aldığını deyərək onun çox vətənpərvər və mərd oğlan olduğunu da açıqlayıb.

 

Elçin Qeybullayevin Qubada yaşayan kiçik bacısı Samirə Şirinova isə deyir ki, Elçin şəhid olanda 9 yaşı olub, o, Bakıda işlədiyindən və əsgərlikdə olduğundan az yadına gəlir. Deyir ki, 20 yanvar günü kənddə toy olub:

 

“Anam toyda eşitmişdi ki, Bakıda bu gecə qırğın olub, gəncləri qırıb töküblər. Anamın ürəyinə elə orada dammışdı ki, Elçin də mütləq o odun-alovun içində olacaq. Çünki xasiyyətinə bələd idi. Ana ürəyinə daman həqiqətən düz çıxır.

 

Anam toydan yarımçıq qayıtdı və narahat idi. Axşam qardaşım İlqar gəlib deyəndə ki, Elçin yoxdur, anam elə bərk qışqırdı ki, bütün qonşular səsinə həyətimizə yığışdı. Anamın qışqırtısı indi də qulağımdan getmir.

 

Qardaşım İlqar xəstəxanada eşitmişdi ki, yanvarın 19-dan 20-ə keçən gecə şəhid olan Elçin adlı gənc yaralananda öz qanı ilə yerə “Elçin” adını yazmışdı və zəhərli güllənin deşdiyi sol qarın boşluğundan axan qan onu şəhid etmişdi”.

 

Qubanın Küçeyi kənd məzarlığında uyuyan Elçin Qeybullayev yaşasaydı indi 55 yaşı olacaqdı. İndi 2 qardaşı, valideynləri də bu qəbiristanlıqda onunla birlikdədir.

 

20 Yanvar hadisələrində Qubadan Elçin Qeybullayevdən başqa taksi sürücüsü Raqib Hüseynov da şəhid olub. Qara yanvarda 3 Quba sakini isə ağır yaralanaraq əlil olub.