Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-18 12:35:00
Orta əsrlərin NASA-sı- Şərqin böyük elmi qurumu -ARAŞDIRMA

AzEdu.az  tanınmış tarixçi Əkbər N.Nəcəfin "Marağa rəsədxanası" yazısını təqdim edir:

XXX

Orta əsr Azərbaycanı elmin, fikrin, ədəbi yaradıcılığın və siyasi gücün mərkəzi idi. Siyasətlə elmin, fikirlə şəxsiyyətin paralel yol aldığı bu dövrdə Azərbaycan Yaxın və Orta Şərqin aparıcı ölkəsi olmuşdur. Marağa rəsədxanası bu siyasi gücün və elmi inkişafın dünyaya açılan pəncərəsi idi. Bizans və Avropadan yüzlərlə tələbənin təhsil üçün üz tutduğu Marağa rəsədxanasını orta əsrlərin “NASA”sı hesab etmək mübaliğə deyildir.

İşğal, yoxsa intibah?

Sovet tarixçi zehniyyəti “monqol dövrü”nü Azərbaycan üçün “işğal”, “istila”, “vəhşilik” olaraq adlandırmağa davam edərkən, bu dövrdə Azərbaycan türkçəsinin Yaxın və Orta Şərqin vahid ünsiyyət vasitəsinə, dövlət dilinə çevrildiyini, Təbrizin, Marağanın, Sultaniyyənin siyasət və mədəniyyət mərkəzi halına gəldiyini, böyük kitabxanaların, xəstəxanaların yarandığını izah etməkdə çətinlik çəkir. Üstəlik, “vəhşi” və “işğalçı” adlandırılan bir dövlətin hökmdarı Qazan xanın səkkiz dil bildiyi faktından isə tamamilə xəbərsizdirlər.

Çingiz xan parçalanmış, süqutun astansında olan və hər sahədə intriqaların yaşandığı bir dünyanı birləşdirdi. Çingiz xanın dövlət müşavirlərinin və casuslarının yarıdan çoxunu müsəlmanların təşkil etməsi inkar edilməyən faktdır. Təbii ki, monqol hücumları sırasında çoxlu sayda insan öldürülmüş, şəhərlər dağılmış və mədəniyyət mərkəzləri məhv olmuşdur. Lakin tarixçilərin Çingiz xanın törətdiyi vəhşiliklər haqqında anlatdıqları hekayələrin heç biri avropalıların Afrika və Amerikada etdikləri cinayətlərdən daha qorxunç olmamışdır

Bütün güclər elmə möhtacdır

Hüləgü xan 1258-ci ildə Bağdadı ələ keçirdikdən sonra paytaxtı Təbriz olan Elxanlı dövlətinin əsasını qoymaqla Yaxın Şərqin böyük hissəsini və bütün Orta Şərqi vahid bir mərkəzdə birləşdirdi. Yeni dövlətin rəsmi dili səviyyəsinə gələn oğuzcanın Azərbaycan ləhçəsi bu dilin inkişafında yeni mərhələ açdı. Azərbaycanda məskunlaşan türk və monqol boylarının yeni kütləsi bu ölkəni bölgənin mərkəzinə çevirdi.

Bir müddət sonra monqol hücumu sırasında dağıdılan şəhərlərin yerində yeniləri yaranmağa başladı. Elxanlı hökmdarı Qazan xan dövründə isə İslam dini rəsmi din elan edildi və Elxanlılar ən böyük müsəlman dövləti halına gəldi.

Elxanlı hökmdarları elm və mədəniyyətin inkişafına böyük xidmət etmişlər. Hələ Hüləgü xan Azərbaycana gəlməmişdən əvvəl Böyük Monqol dövlətinin xaqanı Mönge xandan belə bir əmr almışdır: “Nəsirəddin Tusini mənə göndərin”.

Mönge xaqan bu böyük alimin şöhrətindən xəbərdar olmuş və onun elmi bacarığı, istedadı haqqında məlumata malik idi. Mönge xaqanın Nəsirəddin Tusini tələb etməkdə məqsədi daha əvvəl Buxaralı alim Cəmaləddin Məhəmməd ibn Tahir ibn Məhəmməd əz-Zeydiyə tapşırılan riyazi elmlərin inkişafı üçün yaradılması vacib olan rəsədxana işinin yaxşı təşkil edilməməsi idi.

Lakin, Hüləgü Azərbaycan gəldiyində, Mönge xaqanın əmrinə rəğmən, Nəsirəddin Tusini monqolların paytaxtı Qaraqoruma göndərməyib öz sarayında saxlamış və bir rəsədxana yaratması işini ona tapşırmışdır.

Marağa rəsədxanasının yaranması

Hüləgü xanın əmrilə Marağa rəsədxanasının yaranması üçün fəaliyyətə başlayan Nəsirəddin Tusi bu məqsədlə başda Müəyyədəddin Urzi, Fəxrəddin Məraği, Fəxrəddin Əxlati, Nəcməddin Qəzvini olmaqla bir çox böyük alimi başına yığdı və beləcə hicri təqvimlə 657-ci ildə (miladi 1259/1260) Marağa rəsədxanasının əsası qoyuldu.

Rəsədxananın tikilməsinə Hüləgünün əmri ilə ilkin olaraq 20 min dirhəm (qızıl sikkə) ayrılmışdır. Daha sonra rəsədxananın maddi xərclərini təmin etmək məqsədi ilə Nəsirəddin Tusi ölkədəki bütün vəqf işlərinin başına gətirilmişdir.

Marağa rəsədxanasının tikintisi 12 ilə tamamlanmış və Elxanlı hökmdarı Abaqa xan dövründə açılmışdır.

Rəsədxanadakı elmi mühit

Rəsədxananın Marağada tikilməsinin səbəbi bu bölgənin coğrafiyası ilə əlaqədardır. Rəsədxana Marağa şəhəri yaxınlığındakı təpələr üzərində salınmışdır. Rəsədxananın quruluş planı Nəsirəddin Tusinin özü tərəfindən hazırlanmışdır. Burada qalmaq üçün otaqlar, təcrübə yerləri, ibadətxalanalar (məscid və kilisə), kitabxana, çalışma otaqları, dərs otaqları, tələbələr üçün yataqxana, bir sözlə, hər cür şərait yaradılmışdır.

Dövrün böyük alimləri müxtəlif yerlərdən dəvət edilərək burada toplanmışdır. Misal üçün, Müəyyədəddin Urzi Şamdan, Fəxrəddin Əxlati Tiflisdən, Fəxrəddin Məraği Mosuldan, Nəcməddin Dəbiran Qəzvindən gətirilmişdir.

Rəsədxananın tərkibində böyük bir kitabxana yaradılmışdır. Bu kitabxana Nəsrəddin Tusinin başçılığı ilə Suriya, Fələstin, Misir, Anadolu, Azərbaycan, Şiraz və İsfahana göndərilən heyətlər tərəfindən toplanmış və kitabların sayısı 400 min təşkil edirdi.

Marağa rəsədxanasında astronomiya, fizika, riyaziyyat, həndəsə kimi təbiət elmləri ilə yanaşı, nəsihət, mərifət kimi əxlaqi elmlər də tədqiq edilirdi. Rəsədxanada dinindən, dilindən və irqindən aslı olmadan hər alim xidmət göstərir və hər tələbə təhsil ala bilərdi. Üstəlik, müəllimlərin və tələbələrin bütün xərclərini vəqflər ödəyirdi.

Rəsədxananın çox geniş elmi heyəti vardı. Müəyyədəddin Urzinin oğlu Müəyyədəddin Bərməkin yazdığı bir risalədə Marağa rəsədxanasında Şirvandan, Təbrizdən, Şirazdan, Şamdan, Buxaradan, Tusdan gəlmiş onlarla alimdən bəhs edilir və onların uzun siyahısı verilir. Bu da Marağa rəsədxanasının dövrün ən böyük elmi araşdrıma mərkəzi olduğunu deməyə imkan verir.

Rəsədxananın fəaliyyəti

Marağa rəsədxanası Şərq aləmində yaranmış ən böyük elmi-tədqiqat mərkəzi hesab edilir. Əsas fəaliyyəti astronomiya, astrologiya və astrofizika olan rəsədxanada yerin quruluşu, şəkli, dünyanın topoqrafikası da ətraflı tədqiq edilirdi.

Rəsədxanada Nəsirəddin Tusi başçılığında yeni zici (ulduz cədvəli) hazırlanmışdır. Hazırlanan yeni ziciyə Hüləgü Elxanın şərəfinə Zic-i Elxani adı verilmişdir. Bu yeni ulduz cədvəlinin hazırlanmasında Hippokratın, Ptolomeyin, Bağdad sarayında xəlifə Məmun dövründə hazırlanmış Battani cədvəlləri, Misirdə Fatimi xəlifəsi Hakim Biəmrillah dövründə hazırlanmış Rasad-i Hakimidən istifadə edilmişdir.

Hazırlanması üçün 30 il lazım olan yeni ulduz cədvəli 12 ilə tamamlanmış və əvvəlki zicilərdən daha mükəmməl və dəqiqdir. Tusinin Zic-i Elxanisi hazırda da öz dəqiqliyi ilə müasir astronomları heyrətə salır.

Rəsədxanada göy üzünü, ulduzları müşahidə etmək üçün teleskoplar hazırlanmış və bu məqsədlə rəsədxana daxilində texniki avadıanlıqlar bölümü yaradılmışdır. Burada çoxsaylı kimyəvi təcrübələr keçirilmiş və çoxlu kəşflərə imza atılmışdır.

Rəsədxanada yunan, latın, ərəb, türk, fars, sanskrit (hind) dillərindən başqa, kiçik yerli dilləri (süryani, yahudi, qibti) bilən alimlər və tərcüməçilər də fəaliyyət göstərmişdir.

Rəsədxananın elmi nailiyyətləri

Marağa rəsədxanası bir çox elmi yeniliklərin də mərkəzi hesab edilir. Dünyanın ilk qlobusu burada məşhur alim Qütbəddin tərəfindən hazırlanmışdır. Bu qlobusla dünya kürə formasında və Günəşin ətrafında fırlanarkən təsvir edilmişdir.

Riyaziyyat və kimya sahəsində bir çox araşdırmaların və yeniliklərin ortaya qoyulduğu Marağada ən böyük nailiyyətlər astronomiya və astrofizika sahəsində əldə edilmişdir. Bir çox ulduzlar kəşf edilmiş, planetlərin bir-birinə təsiri öyrənilmiş və ulduz cədvəlləri hazırlanmışdır.

Rəsədxanada toplanan başqa dillərdə olan kitablar burada tərcümə edilmiş, qədim əsərlər yenidən şərh edilərək yazılmışdır.

Marağa rəsədxanasının dünya elmindəki yeri

Təkcə öz dövrünün deyil, orta əsrlərin ən məşhur elmi-tədqiqat mərkəzi hesab edilən Marağa rəsədxanasının adı Çindən Avropaya qədər yayılmışdır. Fransız tədqiqatçı R. Guilland Parisdəki Millət Kitabxanasında yer alan əlyazmaları incələyərkən əksəriyyəti Bizansdan olan çox sayda avropalı tələbənin Marağada, daha sonra isə Təbrizdə elmi təhsil aldıqlarını və bu tələbələrin öz ölkələrinin elmi inkişafı üçün farsca, ərəbcə və türkcə əsərləri latın dilinə tərcümə etdiklərini məlumat verir.

Rəsədxanada çinli, hindli, yunan alimləri və tələbələri görmək adi haldı. Rəsədxanada təhsül üçün hətta Əndəlüsdən (İspaniya) tələbələr gəlirdi. Burada elmi fəaliyyət göstərən çox sayda yahudi alim latın dilinə tərcümə etdikləri əsərləri tacirlər vasitəsilə Şimalı Afrika üzərindən Madrid, Paris, Oxford, Londona aparır və buradakı elm adamalarına satırdılar.

XIII-XIV əsrlərdə Marağa, Təbriz və digət şəhərlərdə yazılmış bir əsərin surətini rahatlıqla Madrid, Paris universitetlərində tapmaq olurdu.

Şərqdəki bu elmi inkişaf bir çox avropalı alimin qısqanclığına da səbəb olmuş, Marağa kimi bir rəsədxananın Avropada yaranması üçün əsrlərin keçməsi lazım gəldiyini qeyd etmişlər. Maraqlıdır ki, Roma papası Şərq alimlərinin əsərlərinin oxunmasını Paris Universitetində qadağan edəndə buradakı alimlər və tələbələr nümayişlər və tətillər keçirmişdilər.

Marağa rəsədxanasının taleyi

Nəsirəddin Tusinin vəfatından sonra çiçəklənmə dövrü başa çatan rəsədxana XIV əsrin ortalarında artıq xarab olmuş vəziyyətdə idi. Şah İsmail Xətai rəsədxananı təmir etmək qərarına gələrkən ona yeni zicin hazırlanması üçün 30 il vaxt lazım olduğunu deyəndə bu fikrindən əl keçmişdir.

Lakin Marağa rəsədxanasının elmi fəaliyyətlərini Orta Asiyada Əmir Teymurun nəvəsi Uluğ Bəy tərəfindən açılan rəsədxana davam etdirmişdir. Buna rəğmən Marağa rəsədxanası astronomiya sahəsində İslam aləminin ən parlaq əsəri hesab edilir.

Son söz

Hazırda Marağa şəhəri yaxınlığında hələ də orta əsrlərin incisi hesab edilən bu rəsədxananın xarabalıqlarına rast gəlmək mümkündür. Bu xarabalıqlar bir elm qəbiristanlığını xatırlatmaqdadır. Məhəmməd Hadinin sözləri ilə desək, “yoxdur bu kimsəsizlərin fatihəxanı”... (anadil.az)

Orta əsrlərin NASA-sı - Əkbər N.Nəcəf YAZIR