Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-22 11:15:00
Bağça tərbiyəçiləri və metodistlərin də maaşlarında artım ola bilər – TƏHLİL

 

“Qanunun köhnə olması bağçalarda iş saatları, staj məsələləri ilə bağlı problem yaradır”

 

 

Bu fikirləri ADPU-nun Məktəbəqədər Təhsilin Pedoqogikası kafedrasının baş müəllimi Xalidə Həmidova AzEdu.az-a açıqlamasında bildirib.

 

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 61 №-li qərarı ilə bağçalarda əmək haqqılarının hesablanması, iş saatları kimi məsələlər həyata keçirilir. Qanunun köhnə olması və yenilənməməsi bağçalarda iş saatları, staj məsələləri ilə bağlı problem yaradır.

 

Təlim-tədrislə yanaşı tərbiyəçilərdə qayğı məsələsi var və bu onların işini artırır. Tərbiyəçi müəllim 20 uşağın bütün məsuliyyətini üzərinə götürür. Prezidentin 215 saylı “Pedaqoji kütlənin dərs yükü ilə bağlı” qərarına əsasən iş yükü 36 saatdan 30-a endirildi, lakin maaşları eyni qaldı”.

 

Ekspert əmək haqqılarının qənaətbəxş olmadığını da bildirdi:

 

“Tərbiyəçilər həftə içi hər gün 6 saat olmaqla, həftədə 30 saatlıq iş rejimi ilə çalışırlar. Əvəzedicilik məsələsinin ləğv edildiyini də nəzər alsaq, bəzən bir müəllim məcburən 10-12 saat işləyir. Bu situasiyalara əsasən mən əmək haqqının qənaətbəxş olduğunu düşünmürəm.

 

Məktəblərdən fərqli olaraq bağçalarda direktor müavinlərinin yerinə metodistlər var. Onlar bağçanın metodiki təminatını qarşılayırlar. Metodistlər  yalnız 7 qrupdan yuxarı bağçalarda fəaliyyət göstərirlər. Digər bağçalarda direktor həm metodistin vəzifəsini, həm də idarəetməni həyata keçirir. Onların maaşları tərbiyəçiyə nisbətən çox olmalıdır.

 

Müəllimlərə aid olan ipoteka, maaş artımı və s. kimi qərarların heç biri bağça müəllimlərinə aid edilmir. Çünki onlar müəllim yox tərbiyəçi-müəllim kimi fəaliyyət göstərirlər. Yaxşı olardı ki, qanunlar müəllimlər və tərbiyəçi-müəllimlər olaraq qəbul edilsin”.

 

 X.Həmidova bağçalarda əmək haqqının differensial formada müəyyən edilə biləcəyini qeyd etdi:

 

“Düşünürəm ki, əmək haqqılarının differensial formada müəyyən edilməsi dövlətin nəzərində olan bir məsələdir. Müəllimlərin maaşları sertifikasiyadan sonra necə artdısa, tərbiyəçilərin də maaşlarına tətbiq edildikdə bu onların iş motivasiyasına müsbət təsir göstərər.

 

Bağçalar Elm və Təhsil Nazirliyinin tabeliyinə keçirildikdən sonra çox işlər görülüb. Bakı bağçalarında təlimlər və təlimin nəticəsini öyrənmək üçün manitorinqlər keçirildi. Görülən tədbirləri nəzərə alsaq, yaxın illərdə tərbiyəçi müəllimlərin də maaşların da yüksəlmə mümkündür”.