Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-13 09:15:00
Xarici universitetə aparan iki bələdçi – Dualingo və İELTS-Ən vacib bilgilər

 

 

Xaricdə təhsil almaq istəyən hər gənci maraqlandıran əsas məsələlərdən biri  dil sertifikatıdır. Bu zaman müəyyən suallar ortaya çıxır: beynəlxalq səviyyəli sertifikatı əldə etmək üçün hansı imtahanı verməliyik?

 

Bunlardan ən populyarı Duolingo və İELTS imtahanlarıdır.

 

AzEdu.az təqdim edəcəyi yazıda bu iki beynəlxalq qiymətləndirmə göstəricisi ilə bağlı əsas detalları, aralarındakı fərqləri diqqətə çatdıracaq:

 

Duolingo imtahanı nədir? IELTS  imtahanı nədir? Duolingo imtahan qaydaları necədir? IELTS   imtahanı qaydaları necədir?   - bu  sualların cavabını  məqaləmizdən ətraflı şəkildə əldə edə bilərsiniz.

 

“Duolingo” imtahanı nədir?

 

“Duolingo”  ingilis dilinin təsdiqi üçün keçirilən beynəlxalq imtahan növüdür. Qüvvədə olma  müddəti 2 ildir. 3000-dən artıq təhsil müəssisəsi tərəfindən qəbul edilir.

 

Xarici universitetlərdə oxumaq istəyən tələbələr ingilis dili biliklərini yoxlamaq üçün Duolingo imtahanını verməlidirlər. Proses online şəklində keçirilir. İştirak üçün tələb olunan ödəniş İELTS-a  nisbətdə daha ucuzdur; cəmi  49 ABŞ dolları ($) ödəməklə duolingo imtahanına qatıla bilərsiniz. Nəticələriniz həftələr sonra deyil, iki gün  müddətinə bəlli olur. Test mərhələsinin keçirilmə müddəti 1 saatdır. İELTS  imtahanında isə bu göstərici 4 saatdır.

 

Duolingo imtahanı neçə mərhələdən ibarətdir?


Duolingo imtahanı zamanı tələbənin dil biliyi müxtəlif kateqoriyalar üzrə   mərhələli şəkildə yoxlanılır.


Mərhələlər bunlardır:

 

1.Şəkilli test;
2. Yazılı test;
3. Audio test;
4. Paraqrafda sözləri tamamlamaq;
(təsdiq olan sözləri)
5. Verilmiş cümlələri tamamlamaq;
6. Verilmiş sözləri tələffüz etmək.

 

Neçə müddətdən sonra təkrar imtahan vermək olar?


İki dəfə müraciət etdiyiniz Dualingo nəticələri  birinci imtahandan sonrakı 30 gün müddətində sizə  göndərilir. İmtahanı tamamladıqdan sonra nəticələr göndərilməyibsə, bu, sizin imtahan şanslarınızın sayını azaltmır.

Duolingo imtahanından dünyanın bir çox ölkəsində istifadə edilir

Duolingo imtahan nəticələrini qəbul edən universitetlərin siyahısı aşağıdakı linkdə təqdim olunur:

https://englishtest.duolingo.com/institutions

 

 Qaydalar

 

1.İmtahan verdiyiniz otaqda tək olmalısınız. Kənar səslər eşidildiyi halda imtahan ləğv olunacaq;

2.Üzünüz aydın görünməlidir. Saçınızı açıq qoymayın;

3.Kameradan başqa istiqamətə baxmaq olmaz;

4.Əlavə material, əlavə telefon istifadəsi qadağandır;

5.Kənarda qeydlər aparmaq qadağandır;

6.Kənar şəxslərlə danışmaq qadağandır;

7.İnternet brauzerindən çıxmaq, yaxud, endirmək qadağandır.

 

Duolingo imtahanına hazırlaşmaq üçün  istifadə olunan elektron vasitələr:

 

1.Teacher Luke duolingo -Youtube kanalında paylaşmış olduğu məlumatlar ilə imtahanlara hazırlaşanlara kömək olacaq.

https://www.youtube.com/channel/UCCgyi5G7VHcn6zKXo_LTwFg

 

2.Duolingo saytından yararlanaraq testlər edə bilərsiniz 

 

https://englishtest.duolingo.com/applicants

 

3.DetReady  və Hedwig saytlarından istifadə edə bilərsiniz

1) https://www.detready.com/

2) https://www.hedwigedu.com/

 

İELTS Nədir?

 

İELTS (İnternational English Language Testing System) Beynəlxalq İngilis Dili İmtahanıdır. Ana dili ingilis dili olmayan tələbələrdən xarici universitetlərə qəbul olmaq üçün tələb olunan imtahan nəticəsidir. İngilis dili səviyyəsini ölçən bu test dünyada minlərlə universitet və təhsil qurumları tərəfindən tanınır.

 

İmtahan sertifikatı universitetlərə qəbul olmaq üçün tələb olunan sənədlər arasında liderdir. İELTS sertifikatı həmçinin xarici ölkədə yaşamaq istəyən namizədlərdən də tələb olunur.

 

İmtahan 2 hissədən ibarətdir:

1.Akademik

2.Ümumi

 

Akademik test-  Xarici universitetlər  bu İELTS imtahan testini qəbul prosesində tələb edirlər. Qəbul olmaq istədiyiniz universitetdən asılı olaraq tələb olunan imtahan nəticəsi dəyişir. Əsasən tələbələrin imtahan nəticəsi 6.5 bal olmalıdır.

 

Ümumi test-Bəzi ölkələrə - əsasən Kanada, Avstraliya, Böyük Britaniyaya- miqrant kimi gedib yaşamaq istəyən namizədlərin sosial və iş mühitində işlətdiyi ingilis dili səviyyəsini ölçən testdır. Akademik testlə imtahan strukturu eyni olsa da, qiymətləndirmə fərqli və imtahan sualları nisbətən asandır.

 

İmtahanı  mərhələləri

 

İELTS-in keçirilmə ardıcıllığı  4 bölmədən ibarətdir:

 

1.Reading(Oxuma) - Bu bölmədə namizədə hər biri 40 sualdan ibarət 3 mətn verilir. İmtahan müddəti 60 dəqiqə davam edir. Sual tipləri əsasən kitablardan, elmi məqalə, jurnal və qəzetlərdən götürülür.

 

2.Listening(Dinləmə) - Bölmə 40 sualdan ibarətdir. 4 ayrı mətni dinlədikdən sonra testləri işləyə bilirsiniz və bunun üçün  namizədlərə 30 dəqiqə vaxt verilir.

 

Hər  sual bir balla qiymətləndirilir və yanlış cavab doğru cavablara təsir etmir. Hər ayrı mətndə sual tipləri də fərqli olur:  əsasən gündəlik dialoqlar, monoloqlar, təhsil, dərs barəsində dialoqlar, hər hansı bir infastruktur haqqında..

İmtahan bitdikdən sonra namizədə cavabları köçürmək üçün 10 dəqiqə vaxt verilir.

 

3.Speaking(Danışma)

Danışıq bölməsi 3 hissədən ibarətdir:

1.Bu hissədə namizədə özü haqqında suallar verilir. Ad, soyad, ailəsi, harada doğulduğu və s. bu tipli suallar soruşulur və 4-5 dəqiqə davam edir. 2-ci hissədə namizədə sual kartı verilir və seçdiyi mövzular barəsində danışması tələb olunur. 3.hissədə isə seçdiyi mövzu barəsində daha detallı danışması tələb olunur və suallar verilir. Sonuncu hissə isə 4-5 dəqiqə davam edir.

 

Danışıq testində önəmli nüanslar bunlardır:

 

1) Fluency and coherence  – Səlis danışıq və mövzu ilə əlaqəlilik.

2) Lexical resource – Leksik resurslardan istifadə.

3) Grammatical range and accuracy – Qrammatik qaydalara riayət və dəqiqlik.

4)Pronunciation – Tələffüz.

 

4.Writing(Yazma) - Bu bölmədə isə namizədə 2 tapşırıq verilir: Task-1 və Task-2.

Task-1 də namizəddən qrafik əsasında 150 sözlük mətn yazması tələb olunur və 20 dəqiqə vaxt verilir. Task-2-də isə namizəddən qısa başlıq əsasında 250 sözlük inşa Essay yazılması tələb olunur və 40 dəqiqə vaxt verilir.

 

 

 İELTS  İmtahan qiymətləri isə 360-400 manat arasında dəyişir. Hər ayda 1 dəfə bəzən isə 2 dəfə keçirilir. İmtahana ən az 6 həftə öncədən qeydiyyatdan keçmək lazımdır. İmtahan nəticəniz 2 il qüvvədədir. 2 ili keçdikdən sonra imtahan nəticəniz etibarsız hesab olunur.

 

IELTS  haqqında maraqlı faktlar

 

İlk dəfə 1980-ci ildə tətbiq edilən bu test Amerika mərkəzli test TOEFL testindən fərqli olaraq İngiltərə mərkəzlidir. 140 -dan çox ölkədə istifadə edilən IELTS  İngiltərə, Kanada, Yeni Zelandiya və ABŞ kimi ölkələrdə çox vacib bir test sayılır. 

IELTS Avstraliya, Kanada, Yeni Zelandiya və İngiltərə hökumətləri tərəfindən miqrasiya məqsədləri üçün etibar edilən yeganə testdir.

 

 İELTS balı

 

IELTS imtahanının ballarının qiymətləndirilməsi

 

  • 4 bal - ingilis dilinin məhdud istifadəsi deməkdir. 
  • 6 bal - əlverişli istifadə deməkdir.
  • 9 bal - əla istifadəçi deməkdir.
  • 5 bal - ümumiyyətlə məqbul

 

 Mehin Vəliyeva