Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-13 12:16:19
Tədris ili keyfiyyətin artırılması istiqamətində görülən işlər- Hesabat məruzəsinin tam mətni

Sentyabrın 12-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi təhsil konfransı keçirilib.

Konfransa təhsil naziri Ceyhun Bayramov, təhsil nazirin müavini, Bakı Şəhər təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, nazirliyin və BŞTİ-nin sturuktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, məzunlar və media nümayındələri iştirak ediblər.

Tədbirdə təhsil nazirinin müavini, Bakı Şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva hesabat məruzəsi ilə çıxış edib.  

AzEdu.az həmin hesabat məruzəsinin tam mətnini təqdim edir:

2017-2018-ci tədris ili keyfiyyətin artırılması istiqamətində görülən genişmiqyaslı işlər və parlaq uğurlarla əlamətdardır. “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə səmərəli fəaliyyət istiqaməti seçilib, çoxsaylı layihələr, müsabiqələr həyata keçirilib, təlimlər, tədbirlər və görüşlər təşkil edilib. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi və fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi istiqamətində səmərəli işlər görülüb. Təhsildə keyfiyyətin dayanıqlılığını təmin etmək, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə BŞTİ və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanları səfərbər edilib.

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 307 ümumi təhsil məktəbi (onlardan 278 tam orta məktəb, 3 ümumi orta məktəb, 18 məktəb-lisey, 7 lisey və 1 gimnaziya), 3 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb olmaqla, cəmi 317 məktəb fəaliyyət göstərir.

Hesabat ilinin sonuna olan məlumata görə Bakı şəhəri ümumtəhsil məktəblərində 27920 nəfər müəllim 386933 nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olub. 2016/2017-ci dərs ili ilə müqayisədə müəllimlərin sayında 0.03%, şagirdlərin sayında 4.5 % artım müşahidə olunur.

Artıq ikinci tədris ilidir ki, məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az saytında elektron sistem vasitəsilə aparılır. Belə ki, valideyn sayta daxil olaraq şəxsiyyətini təsdiq edən sənədlə şəxsi kabinet yaradıb, övladını qeydiyyatdan keçirdikdən sonra məktəb, təlim dili və müəllim seçimi edir.                                                                     

2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində 261 məktəb üzrə 839 qrupa  23130 uşaq, 2017-2018-ci tədris ilində 263 məktəb üzrə 868 qrupa 24209 uşaq cəlb edilib. Yeni dərs ilində artıq  940 məktəbəhazırlıq qrupunda 27270 uşağın təhsil alması proqnozlaşdırılıb.                                                        

Əgər 2016/2017-ci dərs ilində məktəbəhazırlıq proqramı bütün beşyaşlıların 55%-ni, 2017/2018-ci dərs ilində artıq 65%-ni əhatə edirdisə, 2018/2019-cu dərs ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı beşyaşlıların 75%-ni  təşkil edəcəkdir. Onu da qeyd edək ki, 2018/2019-cu dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 15-dən başlayan qəbul  sentyabrın 25-də tamamlanacaqdır.

Artıq 4-cü tədris ilidir ki, birinci sinfə elektron sənəd qəbulu da www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. Bu ildən etibarən valideynlər eklektron ərizəni dolduran zaman məktəb və təlim dili ilə yanaşı, müəllim seçimini də özləri edə bilir. Bu həm ümumtəhsil məktəblərində, həm də ilk dəfədir ki, liseylərə qəbul zamanı tətbiq olunur. 2018-2019-cu tədris ilindən məktəbəhazırlıq qrupunda təhsil alan 24000-dən artıq uşaq ilk dəfə olaraq sistem vasitəsilə avtomatik olaraq həmin məktəbin I sinfinə qəbul edilib.

Bəzi məktəblərdə süni şagird sıxlığının qarşısını almaq məqsədilə qəbul ilk növbədə, prioritetlər (valideynin mikroərazidə yaşaması, bacı və ya qardaşın həmin məktəbdə oxuması, valideynlərdən birinin həmin məktəbdə işləməsi) əsasında aparılır və bu proses sistem tərəfindən tənzimlənir. Ümumilikdə, paytaxtda orta məktəblərin böyük əksəriyyətinə, yəni 85 faizindən çoxuna şagird qəbulunda ərazi prinsipi tətbiq olunmur.

Hal-hazırda I sinfə qəbul üzrə 46 minə yaxın uşaq elektron qeydiyyatdan keçib. Bu isə paytaxt üzrə I sinfə şagird qəbulu proqnozunun 97 faizinə yaxın göstəricisidir.

Təsadüfi deyil ki, Sistem açılan ilk 15 gün müddətində 23058 sorğu yerləşdirilib. Onlardan  20371-i ümumi təhsil məktəblərini, 2687-i isə lisey və gimnaziyaları seçmişdir ki, bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəsissələrinin I sinfə şagird qəbulu proqnozunun 50%-ni təşkil edir.

Ümumilikdə, eletron qəbul sisteminin tətbiq olunduğu son 3 tədris ilində I sinfə şagird qəbulu 6.49% artaraq 2017/2018-ci tədris ilində 48862 olub.

I sinfə şagird qəbulu zamanı şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçirilən uşaqların sayı ilbəil artmaqdadır. Belə ki, proses başlayan ili, yəni 2014-2015-ci tədris ilində şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçənlər 5%- təşkil edirdisə, 2016/2017-ci tədris ilində bu rəqəm 48%, 2017/2018-ci tədris ilində 67%,  2018/2019-cu tədris ilində isə 89%-ə çatmışdır.  Bu da hər bir şagirdin  şəxsiyyət vəsiqəsi əsasında bazaya daxil edilərək ümumtəhsilin informasiya sistemini təkmilləşdirməklə yanaşı, yarana biləcək neqativ halların qarşısının alınmasına xidmət edir.

Son illərin təhlilləri göstərir ki, BŞTİ-yə tabe umumi orta və tam orta təhsil səviyyələri üzrə rus bölmələrində bəzi siniflər ümumiyətlə fəaliyyət göstərmir, bəzi siniflərdə isə şagird sayı azlıq təşkil edir. Bu sahədə kadr çatışmazlığı da əlavə problemlər yaradır. İlkin təhlillər bəzi məktəblərdə rus bölmələrinin bütün siniflər üzrə davamlı olmadığını, sinif sayının 2-3, bəzilərində isə 8-9 olduğunu göstərmişdir. (Bu təqdim olunan cədvəldən də aydın görünür)          

Şagird sayının azlığına baxmayaraq, həmin məktəblərdə 9-cu siniflər üzrə qəbulun nəticələri də kifayət qədər aşağıdır. Bu da həmin siniflərin yaxın ərazilərdəki məktəblərə köçürülməsinə və tədrisin daha keyfiyyətli təşkil olunmasına imkan verir.

Ümumi təhsildə keyfiyyət ili çərçivəsində ümumtəhsil məktəblərində tədrisetmənin monitorinqi keçirilib. Belə ki TDM tərəfindən 2017-2018-ci tədris ilində ümumilikdə 12 inzibati rayon üzrə 56 məktəbi əhatə edən 326 dərs dinlənilib. “Ən yaxşı dərs” layihəsi çərçivəsində texniki, humanitar, təbiət  və əlavə fənn bloklarını əhatə edən dərslər  5-11 siniflərdə keçirilib. Açıq  dərslərdə ərazinin digər məktəblərinin müəllimləri daxil olmaqla 800-ə yaxın fənn müəlliminin iştirakı təmin edilib, dərslərdən sonra müəllimlərin fəaliyyəti təhlil edilib, dinlənilən dərslərin  geniş müzakirəsi təşkil edilib, fənn kurikulumlarının tətbiqi, müasir texnologiyalardan və resurslardan səmərəli istifadə, müxtəlif səviyyəli şagirdlərlə işin təşkil edilməsi ilə bağlı işin təşkili ilə bağlı istiqamətləndirici tövsiyələr verilib.                          

Bununla yanaşı TDM tərəfindən aparılan monitorinqlərin nəticəsi müəllimlərin fənn kurikulumlarının tətbiqində, şagird bacarıqlarının qiymətləndirilməsində müəyyən çətinliklərlə qarşılaşdığını göstərib. Müvafiq olaraq TDM tərəfindən cari tədris ilində həmin məsələlərlə bağlı fəaliyyət planı hazırlanıb.

Seçmə yolla 40 məktəbdə məktəbəhazırlıq üzrə 114 məşğələ dinlənilib

İbtidai siniflərdə “Oxu” məzmun xəttinin daha düzgün və tələblərə uyğun şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə işçi qruplar yaradılıb, şagirdlərin düzgün, şüurlu və ifadəli oxu vəziyyətini araşdırmaq üçün meyarlar hazırlanıb. İşçi qruplar müxtəlif inzibati ərazilərdə 20 məktəbin 540 sinfində seçmə yolla 2-4-cü siniflərdə oxu texnikasını yoxlanılıb.

Ümumi təhsil məktəblərində “Dinləyib-anlama”, “Yazı” və “Dil qaydaları” məzmun xətlərinin səviyyəsini yoxlamaq məqsədilə təşkil olunan monitorinqlərdə Azərbaycan bölməsi üzrə 24051, rus bölməsi üzrə 4020, ümumilikdə 28071 şagird iştirak edib. Həmçinin, ümumtəhsil məktəblərinin IX siniflərinin riyaziyyat və ingilis dili fənləri üzrə monitorinqlər keçirib. Monitorinqlər 149 məktəbin 619 sinfində 15475 şagirdi əhatə edib.

İl ərzində mütəmadi olaraq ümumtəhsil məktəblərinin tədris işləri üzrə direktor müavinləri, təşkilatçılar, fənn metodborləşmə rəhbərləri, psixoloqlar, hərbi rəhbərlərlə görüşlər, dəyirmi masalar, seminarlar keçirilib, məzmunla bağlı müzakirələr təşkil edilmiş və təhlillər aparılıb.

Ötən tədris ili ərzində ümumtəhsil məktəblərində ingilis dilində sərbəst və mükəmməl danışığın təkmilləşdirilməsini təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən bir çox fəaliyyətlər həyata keçirilib. Bakı şəhəri üzrə 56 pilot məktəbin cəlb olunduğu “Uğur üçün tədris” (İngilis dili müəllimlərinin peşəkar səviyyəsinin artırılması) layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib, layihənin yekun qiymətləndirilməsi aparılıb. İlkin mərhələnin APTİS nəticəsi ilə yekun APTİS in nəticələrinin təhlilinə əsasən 168 nəfərdə səviyyə artımı müşahidə olunur. Layihənin səmərəlim olduğunu nəzərə alaraq növbəti tədris ilində bunun davam etdirilməsi planlaşdırılır.

Son 5 ildə ümumtəhsil məktəblərinin əsas keyfiyyət göstəricilərindən biri məhz IX sinif buraxılış imtahanlarının nəticələridir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərini IX sinif üzrə 28 125 nəfər şagird bitirib. Bakı şəhəri 12 inzibati rayonu üzrə IX sinif buraxılış imtahanlarının nəticələrinə görə təhlil edilmiş və sıralanıb. İdarə tərəfindən son 4 il ərzində davamlı olaraq irəliləyən və geriləyən məktəblərin siyahısı müəyyənləşdirilib. Sıralanmada Səbail, Xətai və Nəsimi rayonlarının ilk 3 yerdə, Xəzər, Pirallahı və Qaradağ rayonlarının son 3-lükdədir.        

Ötən tədris ilinin IX sinif buraxılış imtahanlarının nəticələrinə görə ana dili və riyaziyyat fənlərinin ümumi orta göstəriciləri 95,53 bal təşkil edib, onun 54,2 balını ana dili, 41,33 balını isə riyaziyyatın göstəricisi təşkil edir.

Ümumi təhsildə keyfiyyəti təmin edən amillərdən biri tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə təşkili məsələsidir. Bu məqsədlə son üç dərs ilində bu sahədə ciddi addımlar atılıb, vaxlilə Bakı şəhərinin 8 məktəbində sınaq layihə kimi tətbiq olunan tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsi ardıcıl olaraq genişləndirilib.

 2016/2017-ci dərs ilində isə təhsil 58 məktəbin 176, 2017-2018-ci dərs ilində isə 233 məktəbin 454 təmayül sinfində müxtəlif təmayüllər (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət fənləri) üzrə təşkil edilib.

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanların nəticələrinə əsasən ötən dərs ili ilə müqayisədə 2017/2018-ci tədris ilində qeyri müvəffəq qiymət alan şagirdlərin sayında azalma müşahidə olunub, nəticələr 0,54% yaxşılaşıb. Müvəffəq qiymət alan şagirdlərin sayı da 2,16%  artıb.

 

Ötən tədris ilində IX sinfi 28125 nəfər, XI sinfi 19192 nəfər, XII sinfi 638 nəfər bitirib. Bütün məzunlara attestatlar, təhsildə xüsusi nailiyyətləri ilə seçilən IX siniflər üzrə 768, XI siniflər üzrə 1074 məzuna, ümumilikdə, 1842 məzuna fərqlənmə attestatı,  XI sinfi xüsusi nailiyyətlərlə bitirən 42 nəfər məzuna qızıl, 2 nəfər məzuna isə gümüş medal verilib. Qeyd edək ki, ötən ili ilə müqayisədə qızıl medalların sayı 16 ədəd artıq olmuşdur. 2016/2017-ci dərs ilində 26 nəfər məzuna qızıl medal, 3 nəfər məzuna gümüş medal verilib.

2016-2017-ci tədris ilinin nəticələrinə görə 11-ci sinifi bitirən 19859 şagird attestat alıb, onlardan 17535 nəfəri ali məktəblərə sənəd təqdim edib, DİM tərəfindən keçirilən qəbul imtahanlarında 9689 nəfər ali məktəbə qəbul olunub.

Ötən dərs ili ərzində müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini bitirməyən şəxslər üçün eksternat qaydasında imtahanlar keçirilib. İmtahanda IX siniflər üzrə Azərbaycan və rus bölməsi olmaqla 100 nəfər, XI siniflər üzrə isə 383 nəfər iştirak etmişdir. İdarə tərəfindən keçirilmiş aralıq imtahanlarında, həmçinin Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında uğurlu nəticə əldə etmiş 45 nəfərə ümumi orta, 326 nəfərə isə tam orta təhsil haqqında attestat təqdim edilib.

Məktəblilərin texniki və təbiət fənlərinə, elmə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə IX-XI sinif şagirdləri arasında mütəmadi olaraq müxtəlif müsabiqə və olimpiadalar təşkil olunur. 2017-ci ilin  noyabr-dekabr aylarında keçirilən “Gənc  fiziklərin  yaradıcılıq  müsabiqəsi” və “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin hər birində  şəhərin  12 inzibati rayonu  üzrə  268 komanda iştirak edib. Müsabiqələrin  rayon mərhələsinə ümumilikdə 1608 məktəbli cəlb olunub. 2018-ci ilin  mart-iyun aylarında keçirilən  “Gənc  bioloqların  yaradıcılıq  müsabiqəsi”nin  rayon  mərhələsində 276 komanda tərkibində  828 məktəbli, final mərhələsində isə  13 komanda  tərkibində 39  məktəblinin  iştirakı təmin  edilib.

Məktəblilər arasında 3-cü dəfə təşkil olunan Lütvi Zadə adına Məntiq olimpiadasının ilk turunda 15 minə yaxın, 2018-ci ilin may ayında keçirilən final mərhələsində 1144 nəfər şagird iştirak edib.

Ötən dərs ilində şagirdlərin fənlərə olan meyil, maraq və bacarıqlarını müəyyənləşdirilməsi, istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə VI və VII sinif şagirdləri arasında fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə fənn müsabiqələri keçirilib. Keçirilən fənn müsabiqələrinin ilk mərhələsində Bakı şəhəri üzrə 5503 nəfər şagird iştirak edib, 56 nəfəri qalib olub. Həmin şagirdlərdən 8-i qızıl, 17-si gümüş, 31-i bürünc medal qazanıb.

2017-2018-ci tədris ilində respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla, 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 10 nəfər qızıl, 14 nəfər gümüş, 28 nəfər bürünc medal olmaqla, ümumilikdə, 52 məktəbli uğur qazanıb. Fənn olimpiadalarının final turunda iştirak edən 787 nəfərin 156-sı BŞTİ məktəblərində təhsil alan şagirdlər olub. Bu da ümumi finalçıların 20%-ni təşkil edir.

2018/2019-cu tədris ili üçün Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 1145 vakansiya təqdim edilib. Xüsusilə vurğulamaq istərdik ki, ümumtəhsil müəssisələrində vakansiyalar müəyyənləşdirilərkən, məktəbdə ixtisas üzrə müəllimlərin orta dərs yükünün 18 saatdan az, optimal həddən (24-27 saat) yuxarı olmaması ciddi tələb kimi qoyulub.

Təqdim edilmiş vakansiyalar üzrə Nazırlik tərəfindən hazırkı dövrə ümumilikdə 772 nəfərin daimi əsaslarla işə qəbulu həyata keçirilib. Bundan 97 vakansiya müəllimlərin işə qəbulu üzrə müsabiqədə zəruri keçid balını toplayaraq ümumi təhsil müəssisələrində vakant yer üzrə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlər üçün Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş müsahibələrin nəticələrinə uyğun olaraq həyata keçirilmiş daimiləşmə prosesi nəticəsində, 265 vakansiya Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində, 410 vakansiya isə Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin hazırkı tarixə başa çatmış mərhələləri nəticəsində təmin edilib.

Müəllimlərin işə qəbulu müsabiqəsində tutulmayan və sonradan yeni yaranan vakansiyaların, eləcə də müəyyən səbəbdən (xəstəlik, sosial məzuniyyət və s.) işdə olmayan müəllimlərlə əlaqədar yaranan kadr ehtiyacının təmin edilməsi prosesi hazırda davam edir.                  

2018/2019-cu tədris ili üçün Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 790 pedaqoji işçi işə götürülüb.          

Artıq 4 ilə yaxındır ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində inzibati-idarəetmə və tədris-koməkçi heyətin (direktor müavinləri, psiхоlоqlar, uşaq birliyi təşkilatı rəhbərləri, laborantlar, kitabxana müdiri və kitabхanaçılar, Gənclərin Çağırışaqədərki Hazırlığı (GÇH) üzrə rəhbərlər) işə qəbulu prosesi müəssisələrin daha yüksək səviyyəli kadrlarla təmin edilməsinə nail olmaq məqsədilə müsabiqə qaydasında həyata keçirilir.                                             

Ötən tədrsi ilinin əvvəlində ümumtəhsil müəssisələrində qeyd edilən vəzifələr üzrə işə qəbul müsabiqəsinin onlayn platforma əsasında həyata keçirilməsi məqsədilə http://musabiqe.baku.edu.az/ domen adlı portal istifadəyə verilib.            

Artıq müvafiq vəzifələrə işə qəbul adı çəkilən portal vasitəsilə həyata keçirilir. Belə ki, ötən tədris ili ərzində təşkil edilən müsabiqələr vasitəsilə ümumi təhsil müəssisələrində ümumilikdə 280 nəfərin işə qəbulu həyata keçirilib.               

Yeni tədris ili ərəfəsində Təhsil Nazirliyindən daxil olmuş müvafiq əmrlərə əsasən 12 nəfər direktor vəzifəsinə təyin edilib, 11 direktorun iş yeri dəyişdirilib, 90 nəfər direktorun müddətli əmək müqaviləsinin müddəti uzadılıb, 3 direktorun daimi əsaslarla təyinatı həyata keçirilib, müddətli müqavilə çalışan 3 direktorla əmək müqaviləsinə xitam verilib, 9 direktorla bağlanmış əmək müqaviləsi digər əsaslarla (öz ərizəsi əsasında, tərəflərin iradəsindən asılı olmayan hal, işdə yol verdiyi nöqsanlarlara əlaqədar və s.) ləğv edilib.                                                

Bundan əlavə, Təhsil Nazirliyi tərəfindən çalışmanın yaş hədinə çatmış 25 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılmış, 6 direktorun əmək müqaviləsinə xitam verilib.

Ötən dərs ili ərzində BŞTİ-nin Daxili Nəzarət sektoru tərəfindən, həmçinin sektorun Təhsil Nazirliyinin müvafiq struktur bölmələri ilə birgə aparılan araşdırmalar zamanı, habelə keçirilmiş monitorinqlərin nəticələrinə əsasən təhsil qanunvericiliyinin tələblərinə riayət edilməməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər neqativ hallar  aşkar olunub. Nəticədə 5 ümumtəhsil müəssisəsinin fəaliyyəti ilə bağlı toplanmış sənədlər aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 əməkdaşı, 10 təhsil müəssisəsinin rəhbəri, 20 direktor müavini, 9 müəllim, 1 kitabxana müdiri tutduqları vəzifədən azad edilib, İdarənin 2 əməkdaşı, İdarənin bilavasitə tabeliyində olan struktur bölmələrinin 6 əməkdaşı, 18 təhsil müəssisənin rəhbəri, 32 direktor müavini, 54 müəllim intizam məsuliyyətinə cəlb olunub, İdarənin bilavasitə tabeliyində olan struktur bölmələrinin 30 əməkdaşı, 27 təhsil müəssisəsinin rəhbəri,11 direktor müavini və 40 müəllimə xəbərdarlıq edilib.

2016/2017-ci tədris ili üzrə buraxılış sinif jurnallarının inspeksiyası (yoxlama) nəticəsində 6 təhsil müəssisəsinin rəhbəri tutduqları vəzifədən azad edilib, 66  təhsil müəssisəsinin rəhbəri, 78 direktor müavini intizam məsuliyyətinə cəlb olunub, 89 direktora və 79 direktor müavininə xəbərdarlıq edilib.

Görülmüş tədbirlər nəticəsində artıq ödənilmiş 58474,05 manat məbləğin dövlət büdcəsinə qaytarılması təmin edilib.

Ümumtəhsil müəssisələrində aparılmış araşdırmalar nəticəsində aşkar olunmuş hüquqpozuntularının aradan qaldırılması istiqamətində sektor tərəfindən müvafiq tapşırıqlar verilmiş və onların icrasına nəzarət edilib0 

Əlavə olaraq bildirilməlidir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin rəhbərləri ilə məktəblərdə neqativ halların qarşısının alınması istiqamətində mütəmadi olaraq profilaktik söhbətlər aparılır və təlimatlandırıcı tövsiyələr verilir.

Bununla yanaşı, 2017-ci il 5 oktyabr Beynəlxalq müəllimlər günü ərəfəsində ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən, paytaxtdakı ümumi təhsil müəssisələrində səmərəli fəaliyyəti ilə seçilən müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə, dövlət təltiflərinə layiq görülüblər.                                

Belə ki, Bakı məktəblərində çalışan 8 təhsil işçisi “Tərəqqi” medalına, 6 təhsil işçisi “Əməkdar müəllim” fəxri adına, 1 nəfər “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”na  layiq görülüb.                                                             

Gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə, Bakı məktəblərində fəaliyyət göstərən 14 müəllim “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 22 müəllim “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.                                                             

Cari tədris ilində də Fəxri adlara namizədlərin müəyyənləşdirilməsi prosesi başa çatdırılaraq Təhsil Nazirliyinə təqdim edilib.

Bundan əlavə, ötən tədris ili ərzində Təhsil Nazirliyi, eləcə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilən müxtəlif lahiyələr çərçivəsində və tədbirlərdə iştirak edərək xüsusi fəallığı ilə, habelə təlim-tərbiyə prosesinin təşkili və idarəedilməsində yüksək nailiyyətləri ilə fərqlənən 52 müəssisə rəhbəri Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəxri Fərmanları və Təşəkkürnamələri ilə rəğbətləndirilib.

2017/2018-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan bir qrup müəllim və məktəb rəhbərləri ilə layihələrin yazılması və idarəolunması üzrə görüş və təlimlər keçirilib. Təhsil Nazirliyi tərəfindən elan edilən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri fəallıq göstərib. Fərdi kateqoriya üzrə qeydiyyatdan keçən 845 layihədən 196-sı, ümumtəhsil kateqoriyası üzrə qeydiyyatdan keçən 287 layihədən 99-u BŞTİ məktəblərinə aiddir. Hər iki kateqoriya üzrə ümumilikdə 62 layihə Təhsil Nazirliyi tərəfindən məqsədəuyğun hesab edilib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları