Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-08 17:22:00
Norveçin tam fərqli bağça sistemi - Uşaqlar necə formalaşır?-ARAŞDIRMA

Dünyanın bir sıra ölkələrində olduğu kimi, Norveçin məktəbəqədər təhsil müəssisələrində də tərbiyəçilər uşaqların azadlıq hisslərinə xüsusi həssaslıqla yanaşırlar. İnsana bəxş edilən azadlıq hissi yalnız o insanın deyil, ümumilikdə cəmiyyətin gələcəyi üçün mühüm amildir. Azadlıq uşaqda yaradıcı ruh formalaşdıracaq. Biz uşaqlarda utancaqlıq, qorxaqlıq, yaltaqlıq və s. hissləri tərbiyə etsək, gələcəkdə cəmiyyət belə insanlardan ibarət olacaq və bunun  günahkarı da biz özümüz olacağıq. Dünyanın bir çox ölkələrində olduğu kimi, Norveçin də məktəbəqədər təhsil sistemi üzrə apardığım araşdırmalara əsasən deyə bilərəm ki, dövlət öz vətəndaşları qarşısında uşaqların tərbiyəsi üçün məsuliyyət hissi daşıyır. Bu məsuliyyət hissini hər addımda görmək mümkündür. Məsələn, bu ölkədə valideynin övladı üçün uşaq bağçasına xərclədiyi vəsaitin 40-80 faizi bu və digər formada geri qaytarılır. Bunun üçün ölkədə müvafiq vergi sistemi formalaşdırılıb.

…“Təbiətdə pis hava yoxdur” prinsipi Norveç uşaq bağçalarında uşaqlara yanaşma metodu əsasında dayanan amillərdəndir. Bağçalarda uşaqlara, belə demək mümkünsə, istənilən hava şəraiti ilə “dostluq etmək” öyrədilir. Uşaqlara azadlıq verilir ki, onlar ilin fəsillərinə uyğun geyimlərini özləri seçsinlər. Yəni onlara hələ uşaq ikən aşılanır ki, o, təbiətin bir parçasıdır və onu sevə-sevə böyüməlidir. Təbiətə sevgi fonunda insanlara sevgi yaranır. İnsanlara sevgi cəmiyyətə sevgi formalaşdırır. Sevgi ilə böyümək hər kəsə sevgi bəxş etmək hissi ilə böyüməkdir.

Norveçin məktəbəqədər müəssisələrində uşaqların qidalanması məsələsinə gəlincə deyə bilərəm ki, yanaşma fərqlidir. Naharda ənənəvi yeməklər bu ölkənin uşaq bağçalarına yaddır. Hər bir valideyn uşağının xoşladığı yeməyi hazırlayıb onun bağça çantasına qoyur. Əslində, bunun da mahiyyətində uşağı ailə mühitinə bağlamaq kimi bir fəlsəfi yanaşma mövcuddur. Uşaq ailədən kənarda olsa da, evdə anasının hazırladığı yeməklə qidalanmaqla, ailə təmasını hiss edir. Anasının hazırladığı yeməklə bərabər onun sevgisini də ruhuna çəkir. Bağça boyunca tez-tez belə bir lövhəyə rast gəlmək mümkündür: Nut free zone (Qoz ləpəsindən azad sahə). Bu ifadə uşaqları allergiya təhlükəsi yaradan qidalardan uzaq durmaq üçün düşünülüb. Amma bəzi bağçalarda uşaqlara ehtiyacları olduğu halda az miqdarda buterburod və meyvə-tərəvəz verilir.

Norveçin məktəbəqədər müəssisələrində uşaqların təliminə fərdi yanaşma prinsipi mövcuddur. Hər kəs fərqli olduğu kimi, yanaşmaların da fərqli olması labüddür.

Uşaqların dişlərinin təmizliyinə xüsusi diqqət yetirilir. Bəlli olduğu kimi, Norveçdə vətəndaşların bütün tibbi xərcləri dövlət tərəfindən qarşılanır. Diş xəstəlikləri, müalicə və müayinə isə 18 yaşa qədər sığorta ilə həyata keçirilir. Ona görə də dişlərin qorunması qayğısına uşaq yaşlarından qalınır. Əks halda bu, gələcəkdə ailə büdcəsi üçün ciddi maliyyə itkisinə səbəb ola bilər.

Norveçlilər yüksək hərarəti qorxulu tendensiya hesab etmirlər. Onların düşüncəsinə görə, əgər uşağın 38 dərəcə qızdırması varsa, buna görə həkimi narahat etməyə və bağçadan qalmağa ehtiyac yoxdur. Yalnız ciddi xəstəlik aşkar etdiyi təqdirdə həkim “yaşıl resept” yazır. Bu resept valideynin uşağını  meşədə gəzdirməsi üçün rəsmi icazə kağızı ola bilər.  Norveçdə hesab edirlər ki, uşaqlar üçün idman kitabdan vacibdir. Bu yanaşma intellektual inkişafın təməlində sağlamlığın dayandığına haqlı inamdan irəli gəlir.

Ölkənin məktəbəqədər müəssisələrində hər 15 nəfərlik qrupla 4 tərbiyəçi işləyir. Onlardan iki nəfəri müvafiq sahə üzrə ali təhsilli olmalıdır. Qalan iki nəfər isə assistent kimi fəaliyyət göstərir və onların ali təhsili olmaya bilər. Digər bir mühüm məqam isə tərbiyəçilərdən bir, yaxud iki nəfərinin kişi olması,  daim diqqətdə saxlanılır. Norveçli mütəxəssislər bu amili kiçik yaşlı uşaqların tərbiyəsində mühüm cəhət hesab edirlər.

Uşaq bağçalarında peşəkarların fəaliyyəti ciddi qayda-qanunlarla nizamlanır. Tərbiyəçilərin iş vaxtı uşaqlarla iş və metodik iş olmaqla, əsasən iki hissəyə ayrılır. Bağçalarda metodik iş üçün kompüterlərlə təchiz olunmuş ayrıca otaq olur. Bu otaqda rahat şəkildə işləri nəzərdən keçirmək, düşünmək, planlaşdırma aparmaq mümkündür. Hər bir bağçada əməkdaşlar üçün istirahət otağı da mövcuddur. Bütün bunlar ona görə təşkil olunur ki, hər kəs öz işini keyfiyyətlə icra edə bilsin. Fiziki, zehni yorğunluğun aradan qaldırılmasına imkan olsun, nəticə etibirilə işçi öz potensialından tam şəkildə istifadə edə bilsin. Şübhə yoxdur ki, tərbiyəçinin yorğun siması uşaqların psixikasına heç də yaxşı təsir etməyəcək, pedaqoji prosesin səmərəliliyi aşağı düşəcək. Maraqlıdır ki, bağçalara tərbiyəçi qəbul olunarkən kişi namizədlərə daha çox üstünlük verilir.

Məktəbəqədər müəssisələrin fəaliyyətində əsas yerlərdən birini də uşaqların təmiz havada gəzintisi təşkil edir. Ümumiyyətlə, təcrübəsini öyrəndiyim xarici ölkələrin bağçalarında gəzintilərə xüsusi önəm verildiyinin şahidi olmuşam. Norveç bağçaları da bu baxımdan istisna deyil. Uşaqların təbiət qoynunda gəzintiləri uzun müddət davam edir və hava şəraiti bu gəzintilərin təxirə salınmasına təsir göstərmir. Əsas olan təchizatdır. Bağçalarda hər bir uşağın su buraxmayan kambenzonu, çəkməsi və papağı var, təbii ki, tərbiyəçilərin də. Məhz təbiətin qoynunda müəllim uşaqlara torpaqdan, sudan, səmadan, heyvanlardan danışır, ekologiyanı qorumağın vacibliyini izah edir, təbiətə sevgi hissi aşılayır. Bu, tamamilə doğru yanaşmadır. Bağçanın divarları arasında təbiət sevgisi aşılamaq olar, amma obyekt haqqında tam təsəvvür yaratmaq mümkün olmadığı üçün sevgi oyatmaq çətindir. Görmədən, duymadan, hiss etmədən sevmək mümkün deyil.

Norveçlilər təbiət vurğunudurlar, ekologiyanı çox sevirlər. Onların bu sevgisini inşa etdikləri bağça binalarından da görmək mümkündür. Onlar sanki uşaqların zəngin və rəngarəng xəyallarındakı  “arzularını” inşa edirlər. Uşaqların istifadəsinə verilən binalar ekoloji cəhətdən təmiz materallardan inşa edilməli, zövq oxşamalıdır. Plastik materallardan birmənalı olaraq imtina olunub. Mebellər, eləcə də idman avadanlıqları quraşdırılarkən, gigiyena, təhlükəsizlik tələblərinə cavabdeh olan təşkilatların razılıqları vacibdir.

Norveçdə bağçalar əsas etibarilə dövlət və özəl bağçalara ayrılır. Amma ölkədə elə bağça tipləri də vardır ki, valideyn bura istədiyi zaman gələ və uşağı ilə istədiyi qədər vaxt keçirə bilər. Uşaq bağçalarının təchizatı yüksək səviyyədədir. Yeni kitablar, təbii materiallardan hazırlanmış oyuncaqlar, hazırlıq qruplarında kompüterlər uşaqların tələbatlarını ödəyəcək saydadır.

Böyükağa MİKAYILLI, araşdırmaçı-jurnalist