Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-27 14:53:00
Təhsil jurnalistləri 2022-ci ildə nə ilə yadda qaldılar? -Mətbuat katibləri ilə sorğu

2022-ci il artıq sona çatır. Bu il bir çox hadisələrlə yanaşı, təhsil sahəsində də müxtəlif yeniliklər və əməkdaşlıqlarla yadda qaldı.

 

Təhsillə bağlı məlumatların cəmiyyətə operativ və dəqiq çatdırılması üçün qurumlarla media arasında əməkdaşlıq zəruridir. Bəzən qarşılıqlı əlaqələrdə müəyyən anlaşılmazlıqlar yaşansa da, müəssisə və təhsil jurnalistləri arasında əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi üçün atılan addımlar, görülən işlər də öz əhəmiyyətli nəticəsini verir.

 

Bəs təhsil müəssisələsi və qurumlar ötən il ərzində jurnalistlərlə əməkdaşlıqlarını necə dəyərləndirirlər?

 

AzEdu.az mövzu ilə bağlı universitetlər və təhsil qurumlarının mətbuat xidmətlərinin fikirlərini öyrənib:

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov 2022-ci ildə təhsil jurnalistləri ilə əməkdaşlığını normal qiymətləndirdiyini bildirdi:

 

“Qarşıya çıxan problemlərə açıq yanaşılıb, onların həlli yolları təhsil jurnalistlərinə təqdim olunub. BŞTİ olaraq təhsildən yazan jurnalistlərlə əməkdaşlıqda ilk olaraq təhsilin cəmiyyətin hər bir üzvünə aid olduğunu əsas götürmüşük. Təhsil bir qrumun fəaliyyətinin işıqlandırılması deyil və sadəcə məktəbləri əhatə etmir. Eyni zamanda müəllimlərin inkişafı, təhsilin idarə edilməsinin təkmilləşməsi, valideyn-məktəb əməkdaşlığının yaxşılaşdırılması, məktəbdə şagirdə yanaşmanın müasir tələblər əsasında qurulması ilə bağlı görülən işlərin qabardılması əsas götürülüb”.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin direktoru Bəhruz Nəzərov ADNSU-nun bütün ölkə KİV-ləri ilə əməkdaşlıq etdiyini vurğulayıb:

 

“Təqdirəlayiq haldır ki, hazırda kütləvi informasiya vasitələrində təhsil sahəsində ixtisaslaşmış jurnalistlər fəaliyyət göstərir. Hətta təhsil sahəsində ixtisaslaşmış saytlar mövcuddur. Təhsil xəbərlərinin yayılması baxımından operativlik müsbətdir. Analitik materiallar, təhlillərin daha çox olması da arzuolunandır”.

 

Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə  əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı jurnalistər ilə əməkdaşlığın həmişə qarşılıqlı hörmətə əsaslandığını bildirib:  

 

“Təhsil jurnalistləri ilə faydalı bir əməkdaşlıq qurulub. ADU-nun elmi-pedoqoji həyatında baş verən yenilikləri mətbuatda işıqlandırmaqda fəal olub, həssaslıq göstərdiklər üçün bütün media əməkdaşlarına təşəkkür edirəm. Bundan sonra da əməkdaşlığımızın bu cür davam edəcəyini düşünürəm. 2022-ci il ərzində ADU-nun pedaqoji fəaliyyətində, beynəlxalq münasibətlərində çox vacib hadisələr baş verib. Universitetdə bir neçə mərkəz açılıb ki, bu da ölkə mətbuatında geniş şəkildə işıqlandırılıb. Bundan sonra da əməkdaşlığımızın uğrula davam edəcəyini düşünürəm”.  

 

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova təhsil jurnalistəri ilə geridə qoyduğumuz il ərzindəki əməkdaşlığı dəyərləndirib:

 

“Təhsil sahəsini işləyən media nümayəndələri universitet ilə bağlı məlumatları işıqlandırmaqda bizə kömək oldular. 2022-ci il bizim universitet üçün ələmatdar bir il oldu. Universitetin 30 illik yubileyi qeyd edildi, bundan əlavə olaraq LDU-nun yeni korpusu istifadəyə verildi. Korpusun açılışında elm və təhsil naziri də iştirak etdi. Bu kimi hadisələrin işqlandırılmasında təhsil jurnalistlərinin çox böyük rolu oldu. Bunun üçün təhsil sahəsi üzrə fəaliyyət göstərən media nümayəndələrinə təşəkkürümüzü bildiririk”.  

 

UNEC-in mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova media ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirərək, təhsillə bağlı neqativ xəbərlərin işıqlandırılmasından söz açıb:

 

“Təhsil portalı olaraq, AzEdu ilə sıx əməkdaşlığımız var, yeniliklərimizi, məlumatlarımızı demək olar ki, daim işıqlandırır. Təhsil elə bir sahədir ki, ilboyu, hər gün yeniliklər olur. İstərdim ki, universitetlərə mediaturlar təşkil olunsun, tədris, imtahan sessiyası, uğurlu, yenilikçi müəllimlər, tələbələr, universitetin sosial həyatı və digər istiqamətlər üzrə xüsusi reportajlar hazırlansın. Müəllim nüfuzunu gözdən salan, eləcə də təhsilalanların qeyri-etik davranışlarını əks etdirən xəbərlərin saytların manşetlərinə yerləşdirilməsinin əleyhinəyəm. Motivasiyaedici, maarifləndirici xəbərlərin daha çox işıqlandırılmasının faydalı olacağını düşünürəm, bu qəbildən olan xəbərlərə  üstünlük verilməsini istərdim. Fürsət düşmüşkən, əməkdaşlıq etdiyimiz və etmədiyimiz bütün jurnalistləri qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram”.