Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-27 11:53:00
Yeni ilə hansı ciddi təhsil problemləri ilə addımlayırıq?-İRADLAR

 

 

Hər keçən il ölkəmizdə təhsillə bağlı müxtəlif yeniliklərə imza atılır, nailiyyətlər əldə olunur. Təhsilin əlçatanlığı və keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq işlər həyata keçirilir.

 

Amma bütün bunların fonunda müəyyən problemlərin, neqativ halların, həllini gözləyən məsələlərin mövcudluğu da danılmazdır. Hər nə qədər yeniliklər edilsə, vacib addımlar atılsa da, təhsilin müxtəlif pillələrindəki problemlər bütünlükdə aradan qalxmayıb.

 

Bəs yeni ilə nə kimi ciddi təhsil problemlərilə daxil oluruq? Ümumilikdə 2023-cü ildə təhsil sahəsindəki gözləntilər nələrdir?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Kamran Əsədov 2022-ci ildə təhsil sahəsində görülən ən vacib işlərə diqqət çəkib:

 

“Geridə qoyduğumuz 2022-ci il təhsil sahəsində bir sıra yeniliklərlə yadda qaldı. Bir sıra islahalar həyata keçirildi. Həmçinin, təhsilverənlərin sertifikatlaşdırılması, prosesin nəticəsinin əmək haqqına təsiri, Regional Təhsil İdarələrinin yaradılması, ali təhsil müəssisələrində qəbul prosesində III ixtisas qrupuna Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisaslarının əlavə edilməsi  kimi ciddi addımlar buna nümunədir. Bütün sadaladıqlarım təbii ki, çox vacib və əhəmiyyətli addımlardır”.

 

Ekspert MİQ müsabiqəsi, məktəblərdə və nazirlikdə kadr təyinatı, həmçinin istilik sistemi ilə bağlı mövcud olan problemlərdən söz açıb:

 

“Amma bütün bunların fonunda həllini gözləyən problemlər də mövcuddur.İlk növbədə kadr islahatı məsələsinə şəffaflıq gətirilməlidir. Bu gün Azərbaycanın təhsil sistemində vəzifəyə təyinat zamanı ciddi qüsurlara yol verilir. Məsələn, məktəblərə direktor və direktor müavini təyinatı şəffaf həyata keçirilsə də, keyfiyyətli deyil. Növbəti il kadr islahatlarının düzgün həyata keçirilməsi üçün mühüm işlərin görüləcəyinə ümid edirik. Həmçinin, qrant layihələrə ayrılan vəsaitlərin daha faydalı işlərə sərf edilməsinə diqqət ediləcəyinə inanırıq. Əsas problemlərdən biri də məktəblərdə istilik sisteminin təchizatı ilə bağlıdır ki, bu məsələnin də həllini tapması vacibdir. Hesab edirəm ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin tarixi nisbətən əvvələ çəkilməlidir ki, məktəblərdə yaranacaq kadr boşluğu daha çevik şəkildə aradan qaldırılsın”.

 

K.Əsədov şagird sıxlığı, məktəblərdə təhlükəsizlik, dərsliklərin keyfiyyətilə bağlı mövcud problemləri nəzərə çatdıraraq, onların həlli yollarından danışıb:

 

“Digər tərəfdən növbəti ildə məktəblərin təhlükəsizliyi məsələsinə xüsusi diqqətin ayrılmasını istəyərdik. Bütün siniflərdə valideynlərin də çıxışının təmin ediləcəyi kamera təchizatının həyata keçirilməsi olduqca vacibdir. Şagirdlərin informasiya texnologiyalarına əlçatanlığı yaxşılaşdıırlmalıdır. Hazırda bu istiqamətdə işlər görülsə də, rəqəmlər o qədər də ürəkaçan görünmür. Əlavə olaraq dərsliklərlə bağlı ciddi islahatlara ehtiyac var. Hazırkı dərsliklərin şagirdlərin yaş xüsusiyyətləri və psixologiyalarına uyğun deyil. Digər bir problem isə şagird sıxlığıdır. Hazırda paytaxtda 320 məktəb fəaliyyət göstərir və sadəcə I sinfə gedən uşaqların sayı 48 mindir. Hesab edirəm ki, sıxlığın aradan qaldırılması məqsədilə yeni məktəb binaları tikilməlidir. Məktəbdaxili qiymətləndirmənin təkmilləşdirilməsilə bağlı da bir sıra addımların atılmasına ehtiyac var. Məktəb psixoloqlarına yeni yanaşma tətbiq edilməlidir. Şagirdlərin psixoloji pasportu hazırlanmalı idi, çox təəssüf ki, bu istiqamətdə işlər görülmədi”.

 

Ekspert qeyd edib ki, universitetlərə qəbul prosesində dəyişiklik edilməli, ali təhsildə islahatlar keçirilməlidir:

 

“Ölkəmizdə ali təhsil sistemində də ciddi islahatlara ehtiyac var. Çox təəssüf ki, islahat deyəndə daha çox orta məktəb əsas götürülür. Artıq ali məktəblərimizdə də tədrisin keyfiyyətinin yüksəldilməsi, beynəlxqlq reytinq siyahılarında irəliləmək üçün müəyyən işlərin görülməsi zəruridir. Düşünürəm ki, universitetlərə qəbul imtahanlarının yekun nəticələrində dəyişiklik etməliyik. Özəl universitetlərə qəbulda keçid balı və müsabiqə şərtlərində yeniliklər labüddür. Yəni bizim 2023-cü ildə təhsil sahəsindən böyük gözləntilərimiz var”.

 

“Artıq AMEA-nın institutları Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi. Hesab edirəm ki, ali təhsilin beynəlxalq reytinqdə, həmçinin, indeksləşməsində irəliləyişlər olacaq. Azərbaycan elmi növbəti ildə irəliyə doğru getməlidir”-deyə, o bildirib.