Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-12 14:16:00
Kurslar builki qəbul imtahanlarına hansı vəsaitlərlə hazırlaşacaq?

Bu il ali məktəblərər qəbul imtahanları yeni qaydalar əsasında olacaq. Dövlət İmtahan Mərkəzi yeni qəbul qaydalarını oktyabrın 15-dən sonra açıqlayacaq. Bəs o vaxta qədər hazırlıq kurslarında şagirdlər hansı proqram və hansı dərsliklər əsasında hazırlaşdırılır? Sonradan qəbul proqramında müəyyən dəyişikliklər edilməsi abituriyentlərə nə dərəcədə çətinlik yarada bilər?

Mövzu ilə bağlı AzEdu.az-a danışan Hədəf kursalarının elm və tədris işləri üzrə direktoru Elxan Nəcəfov qeyd edib ki, ali məktəbə hazırlaşmaq üçün orta məktəb dərslikləri əsas hesab olunacaq:

“Qəbul prooqramını özümüz dərsliklər əsasında tərtib edirik. Dövlət İmtahan Mərkəzinin qəbul qaydaları ilə bağlı rəsmi məlumatları, yəni sualların tipi, modeli, qiymətləndirməsi və s. də nəzərə alınır. Onların əsasında orta məktəb dərsliklərinin öyrətdiyi bilik və bacarıqları əhatə edən tədris proqramı hazırlayırıq. Bu il üçün bütün tədris proqramlarımız hazırdır və Hədəf kurslarının rəsmi saytında yerləşdirilib. Dərslər də bunun əsasında təşkil edilir.

Qəbul qaydalarına görə orta məktəb dərslikləri əsasdır. DİM-in siniflər üzrə test toplularından da istifadə olunacaq. Bundan əlavə, Hədəf kursları olaraq bütün fənnlər üzrə dərs vəsaitləri və test topluları hazırlamışıq. Onlar əsasında da tədris aparılacaq”.

Onun sözlərinə görə, DİM-in yeni qaydalarla bağlı hələ də kifayət qədər məlumat verməməsi şagird və müəllimlərə bir qədər çətinlik törədir:

“Kurikulumun əsas konsepti yeni qaydalardır. Yeni qaydalar əsasında dərsliklər hazırlanıb qəbul imtahanı keçiriləcək.  İşin ən pis tərəfi isə budur ki, bu il qəbul qaydalarının necə olacağı, suallarn necə qiymətləndililəcəyi ilə bağlı Dövlət İmtahan Mərkəzi hələ ki, yetərli informasiya verməyib. Yetərli məlumat veriləndən sonra proqrama dəyişikliklər də edilə bilər. DİM hansısa mövzunu çıxarmaq və ya əlavə etməyi qərara alınarsa, proqram buna uyğunlaşdırılmalı olacaq. İmtahanda sualların sayı və tipi ilə bağlı yeniliklər olsa, bunlar mütləq tətbiq edilməlidir ki, abituriyent həmin dəyişikliklər əsasında olan bacarıq və vərdişlərə yiyələnə bilsin. Bu, bir neçə uyğun sınaq imtahanında iştirak etməklə mümkündür”.

Zəfər kurslarının əməkdaşı Elçin Əfəndi isə bildirib ki, nazirliyin rəsmi vəsaitlərindən başqa heç bir kursun dərsliklərinə üstünlük verilməməlidir:

“Dövlət İmtahan Mərkəzi 15 oktyabrda yeni qəbul qaydalarını elan edəcək. Proqram o zaman tam şəkildə hazır olacaq. Hazırda isə dərslər Təhsil Nazirliyinin dərslikləri əsasında keçirilir. Dərslikdə hansı mövzular varsa, onlara üstünlük verilir. Bütün vəsaitlər nazirliyin dərslikləri olmalı, başqa hansısa kurs və təşkilatın dəsrliklərinə üstünlük verilməməlidir.

DİM keçən il bütün fənlər üzrə testlər çap etmişdi. I hissə ənənəvi qayda ilə, II hissə isə kurikulumla bağlı olan situasiya və testlərdir. Sentyabrın ikinci yarısında DİM yeni sinif testlərini buraxacaq. Oktyabrın ikinci ongünlüyünə qədər isə bütün vəsaitlərin çap olunması nəzərdə tutulub. O vaxta qədər abituriyentlər yalnız Təhsil Nazirliyinin dərsliklərinə, sonrakı dövrdə isə DİM-in vəsaitlərinə üstünlük verməlidirlər”.

O qeyd edib ki, bəzi fənlərdən müəyyən mövzular artıq çıxarılıb:

“Amma şagird və repetitorlar bunu bilmirlər. Bunu yalnız DİM-də çalışan müəllim və metodistlər bilirlər. Digərləri təbii ki, bunlardan xəbərsizdirlər. Bu da uşaqlarda çaşqınlıq yaradır. Məsələn tarix fənni üzrə müəyyən mövzular proqramdan çıxarılıb. Amma ondan xəbərsiz olan müəllimlər mövzunu abituiyentlərə keçirlər. Şagird niyə beynini imtahanda ona lazım olmayacaq informasiya ilə doldurmalıdır? Yaxşı olardı ki, abituriyentlər proqramı dəqiq bilib sonra hazırlaşsınlar”.

Qeyd edək ki, 2019-cu ildə keçiriləcək qəbul imtahanlarında şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunacaq. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalı olacaq. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud  mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar isə uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlar olacaq.

Situasiya və ya mətn üzrə təqdim olunan açıq formalı test tapşırıqları  0, 1 və ya 2, digər formalı açıq, eləcə də qapalı testlər isə 0 və ya 1 balla qiymətləndiriləcək.

Qapalı formalı tapşırıqlar üzrə səhv cavabların sayının 1/4-i ümumi baldan çıxılacaq. Açıq formalı test tapşırıqları üzrə səhvlər isə düzgün cavabların nəticəsinə təsir göstərməyəcək.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları