Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-21 11:40:00
Kişi müəllimləri təhsil sisteminə necə cəlb edə bilərik?-“Əsas məsələ maaşdır”

 

“Kişi pedaqoqların tədris prosesində iştirak etməməsinin təhsil sisteminə çox böyük mənfi təsiri oldu”.

 

“Kişilər müəllim maaşı ilə ailə saxlamaqda çətinlik çəkir”.

 

Bu gün ölkənin ümumi təhsil məktəblərində fəaliyyət göstərən müəllimlərin əksər hissəsini qadınlar təşkil edir. Direktor vəzifəsində çalışan qadınların da sayı az deyil.

 

Ancaq onlardan fərqli olaraq məktəblərdə çalışan kişi müəllim və direktorların sayı nəzərəçarpacaq dərəcədə azdır.

 

Bəs kişi müəllimləri təhsil sisteminə cəlb etmək üçün hansı işlər görə bilərik?

 

Mövzu ilə bağlı təlimçi direktor Arzu Kərimov AzEdu.az-a açıqlamasında məsələnin tam əskini düşündüyünü bildirdi:

 

“Müəllimlərin işə qəbul imtahanı keçirildikdən və əmək haqqı artırıldıqdan sonra kişi müəllimlər arasında təhsil sisteminə marağın da müəyyən qədər yüksəldiyini müşahidə edirik. Faiz nisbəti ilə götürdükdə, qadın müəllimlərin sayı daha çox olsa belə, əvvəlki illərlə müqayisə etdikdə təhsil sistemində kişi müəllimlərin say göstəricisi normaldır. Statistikaya nəzər saldıqda, ümumi təhsil məktəblərində kişi müəllimlərin sayının getdikcə artdığının şahidi oluruq.

 

A.Kərimov kişi müəllimlərin təhsil sitemində az olmasının məktəblərə vurduğu zərərdən danışıb:

 

“Kişi pedaqoqların tədris prosesində iştirak etməməsinin təhsil sisteminə çox böyük mənfi təsiri oldu. Qadınların təhsil prosesində sayının çox olması və kişilərin təhsil prosesində iştirak etməməsi çox böyük fəsadlara yol açıb. Xüsusilə oğlan uşqalarının tərbiyə prosesində kişi müəllimlərin iştirakı çox vacibdir. Əvvəlki illərdə kişi müəllimlərin sayının az olması oğlanların tərbiyə məsələsinə mənfi təsir göstərib”.

 

Mövzu ilə bağlı  ADPU-nun dosenti, təhsil esperti İlham Əhmədov AzEdu.az-a açıqlamasında problemin əsas səbəbinin maaş azlığı olduğunu bildirib:

 

“Kişilər müəllim maaşı ilə ailə saxlamaqda çətinlik çəkir. Əvvəlki illərdə bu problem müşahidə olunsa da, son illərdə problem daha da genişlənib. Biz bu problemi məktəbdən əlavə, AMEA-ya doktranturaya qəbul olunanlar arasındada və ali təhsil müəssisələrində də müşahidə edirik. Müəllim ixtisası çətin və məsuliyyətli iş olmasına baxmayaraq, onlara verilən əmək haqqında ədalətsizlik müşahidə olunur. Məhs bu səbəbdən bu ixtisası bitirənlər işləmək üçün digər sahələrə üz tuturlar”.

 

İ.Əhmədov təhsil sistemində kişilərin sayının az olmasının məktəblərdə bir sıra fəsadlara yol açdığını bildirib:

 

“Kişi müəllimlərin sayının azalması məktəblərdə şagirdlərin tərbiyəsinə mənfi təsir göstərir. Şagird yalnız qadın müəllimlərin əhatəsində olur, bu da oğlanlarda kişi xasiyətinin formalaşmasına mənfi təsir göstərir. Təhsil sistemində kişilərin sayının çox olması bizim xeyrimizədir”.