Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-20 09:28:00
“Sertifikasiydan keçə bilməyən müəllimlər tədrisdən tam uzaqlaşdırılmalıdır”- İctimai Şura sədri

 

 

Elm və təhsil naziri Emin Əmrullayev  jurnalistlər üçün təşkil edilən son brifinqdə  sertifikasiyadan keçməyən müəllimlərin dərslərə cəlb edilməyəcəyini, amma fəaliyyətinin də tam dayandırılmayacağını,  məktəblərdə fərqli işlərə cəlb edilə biləcəklərini bildirib. Amma bu istiqamətdə hələ heç nə dəqiqləşdirilməyib.

 

Bəs sertifikasiyadan keçməyən müəllimlərin fəaliyyətilə bağlı nə kimi qərarların verilməsi daha məqsədəuyğun olar?

 

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova AzEdu.az-a açıqlamasında burada əsas məqsədin şagirdə doğru təhsil verə bilməyən müəllimin təhsildən kənarlaşdırmaq olduğunu vurğuladı:

 

“Bu, bir qədər sual doğuran haldır. Elm və təhsil naziri belə bir fikir səsləndirdi ki, müəyyən müddət müəllimlərin təyin edilməsi müəllim peşəsinə müxtəlif insanların, müxtəlif kriteriyalarda yanaşmasından irəli gəlib. Yəni, müəllimlərin işə qəbul sistemi olmayıb. Bu sistem olmadığı üçün,  proses şəxsi rəylərə və meyarlara əsaslanıb. Bu meyarların da keyfiyyət meyarı zəif olub”.

 

Sədr, sertifikasiyadan keçə bilməyən müəllimlərin təhsil sistemində fəaliyyətinə son qoyulmalı olduğunu bildirib:

 

“Elm və təhsil naziri tərəfindən səsləndirilən çox sadə sualları cavablandıra bilməyən müəllimlər müşahidə etdik. Düşünürəm ki, növbəti illər ərzində bu müəllimlər təhsil prosesindən kənarlaşdırılmalıdır. Təhsil millətin gələcəyidir. Bu gün ibtidai sinif müəllimi dərsini doğru tədris edə bilmirsə, yuxarı siniflərə nəzər saldıqda daha çox problemlərin olduğunu müşahidə edəcəyik. Bu problemin zamanla aradan qalxacağını düşünürəm. Sertifikasiya prosesində müəllimlərin yenidən imtahana hazırlığı üçün verilən bir illik hazırlıq müddətindən sonra, imtahanda yenidən mənfi nəticə göstərənləri təhsil sistemindən kənarlaşdırmalıyıq. Əks halda gənclərin savadsızlığına yol açmış olarıq”.