Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-11 21:05:00
Sumqayıtda “Kaspi” uşaq bağçası istifadəyə verilib

Bu gün Sumqayıtda “Kaspi” uşaq bağçası istifadəyə verilib. Şəhərin 6-cı mikrorayonunda fəaliyyətə başlayan bağçada 3-6 yaşlı uşaqlar üçün iki bölmə fəaliyyət göstərəcək. Yeni məktəbəqədər müəssisənin açılışında şəhər rəhbərliyi, təhsil işçiləri, valideynlər və sakinlər iştirak ediblər. AzEdu.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov mərasimdə çıxış edərək valideynləri, təhsil işçilərini, şəhər sakinlərini uşaq bağçasının açılışı münasibətilə təbrik edib, bağçanın pedaqoji kollektivinə uğurlar arzulayıb.

Zakir Fərəcov çıxışında vurğulayıb ki, şəhərin məktəbəqədər tərbiyə müəssisələrində mövcud olan problemlər əsasən aradan qaldırılıb, aparılan metodik işlərin vəziyyəti, uşaqların təlim-tərbiyəsi və ərzaq təminatı məsələsi ciddi nəzarətdə saxlanılır. Şəhərdə fəaliyyət göstərən bağçalarda istilik sistemi tam bərpa olunub və onlar isti su ilə təmin edilir.

Bildirilib ki, Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 12-ci mikrorayonda 936 mənzildən ibarət yaşayış binalarının tikintisi davam etdirilir. Kompleksin tikintisi başa çatdıqdan sonra şəhərin uşaq bağçalarında 200-dən artıq qrup və 120 yardımçı otaq boşalacaq. Bu da 3000-dən çox uşağın bağçalara əlavə qəbul olunması və ya təqribən 15 yeni bağçanın tikintisi deməkdir.

Sonra uşaq bağçasında yaradılan şəraitlə tanışlıq olub.

Vurğulanıb ki, yeni istifadəyə verilmiş “Kaspi” uşaq bağçasında uşaqlara gündəlik Azərbaycan və rus dillərindən başqa ingilis dili, savad təlimi, ətraf aləmlə tanışlıq, nitq inkişafı, sadə riyazi təsəvvürlərin inkişafı, məntiqi təfəkkürün inkişafı, rəsm, əmək, fiziki tərbiyə də tədris olunacaq. Bundan başqa, balacalar üçün rəqs, musiqi, şahmat, mental aritmetik məşğələləri də təşkil olunacaq ki, bu da uşaqların dünyagörüşünün artmasına və yaradıcılıq qabiliyyətlərinin inkişaf etməsinə birbaşa kömək edəcək.