Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-14 16:38:00
“Yeni məzunların bağçada işə başlamadan öncə təcrübə keçmələri yaxşı olar”-TƏKLİF

 

“Bağçalarda fəaliyyət göstərənlərin çoxu qeyri-ixtisasçılardır”.

 

Bağçalara işə qəbul üzrə müsahibənin nəticələri açıqlanıb, nəticələrə əsasən, minimum tələb 30 bal olaraq müəyyənləşdirilib.

 

Bəs keçid balının 30 olması doğru qərar hesab edilə bilərmi?Gələcəkdə bağçalara işə qəbul müsahibəsi üzrə hansı yeniliklər edilməlidir?

 

Mövzu ilə bağlı ADPU-nun Məktəbəqədər Təhsilin Pedoqogikası kafedrasının baş müəllimi Xalidə Həmidova AzEdu.az açıqlamasında minimum keçid balının 30 olmasının normal bir hal olduğunu söyləyib:

 

“Müsahibə üzrə keçid balı maksimum balın 50 faizini təşkil edir və bu normal haldır. Artıq 51 faiz nəticə göstərən imtahandan keçmiş sayılır. Burada imtahan verənlərin yaş səviyəsi, daha öncədən təcrübəsinin olub-olmaması nəzərə alınmalıdır. Buna uyğun göstəricini müəyyən etmək üçün normativ hazırlanmalıdır. Bağçalarda uşaqların bilik səviyəsi ilə yanaşı, onlara göstərilən qayğı əsas götürülür. Tərbiyəçi müəllimin uşağa sevgisi, qayğısı, uşaqlarlar ilə işləmə və davranma bacarıqları, uşağın psixologiyasını bilməsi vacibdir. Bütün bunları nəzərə alsaq, minimum keçid balının 30 olması normaldır.

 

Həmçinin, məsələ ilə bağlı araşdırma aparılmalıdır. Müsabiqədə neçə nəfər iştirak edib, iştirakçıların yaşı neçədir, təcrübəsi var ya yoxdur, bu kimi göstəricilərin ortalaması hazırlanmalıdır. Suallar, göstəricilər üzərindən təhlillər aparmaq lazımdır”.

 

X.Həmidova tələbələrin universiteti bitirdikdən sonra bir il ərzində təcrübəçi olaraq işləməsinin daha məqsədəuyğun olacağını bildirdi:

 

“Düşünürəm ki, tələbələrin universiteti bitirdikdən sonra bir il ərzində təcrübəçi olaraq fəaliyyət göstərib, daha sonra müsabiqəyə qatılması doğru olar. Bu bir il ərzində onlar bu sahə üzrə işləyəcəklərindən əmin olub-olmadıqlarını müəyyən edəcəklər. Doğrudur, tələbələr 4-cü kursda təhsil aldıqları zaman təcrübəyə göndərilirlər, amma yenə də bu yetərli bir zaman deyil. Bir il ərzində normal işçi  olaraq səhərdən-axşama kimi sahəsi üzrə fəaliyyət göstərməlidirlər. Ondan sonra imtahan müsabiqəsinə daxil edilməlidirlər. Amma daha öncə işləyib, iş yerini dəyişmək istəyənlər üçün isə normal prosedur tətbiq olunmalıdır”.

 

“Bağça digər təhsil müəsisələrindən fərqli və məsuliyyət tələb edən bir yerdir. Uşaqlara bilik öyrətməklə yanaşı, onlara qayğı göstərmək tələb olunur. Orada uşağı yedirdib-içirməli, yatırmalı və digər ehtiyaclarını ödəməlisən, bunlara görə tərbiyəçi olmaq daha çətin iş hesab edilir”-deyə, o bildirib.