Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-14 09:39:00
“Məktəblərdə din tədrisi vacibdir, şagirdlərə doğru məlumat verilməlidir”-DEPUTAT

 

“Şagirdlərimizə dinin əsasları, dəyərləri, məzhəblər və təriqətlər haqqında informasiya ötürməliyik”.

 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Qəmər Cavadlı "Dini radikalizm və xurafatla mübarizədə qadınların yeri və rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı radikalizmə yol açan bir neçə əsas məqamı vurğulayıb. Bunun həlli yolu kimi isə məktəblərdə dinlə bağlı fənnin tədris edilməsinin vacib olduğunu bildirib.

 

Bəs din fənninin orta məktəblərdə tədrisinə ehtiyac varmı? Məktəblərdə din fənnini tədris etməklə cəmiyyətdəki dini düşüncəni yaxşı mənada dəyişmək mümkündürmü? Bu, gənclərin radikal təriqətlərin davamçısına çevirilməsinin qarşısını ala bilərmi?

 

Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında bu məsələnin vacib olduğunu vurğulayıb:

 

“Məktəblərdə yalnız dinin təbliğatı yox, şagirdlərimizə dinin əsasları, dəyərləri, məzhəblər və təriqətlər haqqında informasiya ötürməliyik. Gənclərin radikallığa yuvarlanmasının səbəblərindən biri də, onların din haqqında aydın və ətraflı məlumata malik olmamalarıdır. Bu fənnin orta məktəblərdə tədrisini vacib hesab edirəm. Bu gün dünyanın əksər ölkələrinə Türkiyə, Rusiya, avropanın əksər ölkələrində bu fənn din mədəniyyəti, Türkiyədə “din kültürü” adı altında tədris olunur. Uzun illərdir bu sahədə müzakirələr aparılsa da, məsələ hələ də həllini tapmayıb. Biz bu prosesdə gecikirik, mütləq şəkildə bu sahədə işlər görməliyik”.

 

Deputat bu istiqamətdə ölkəmizdəki kadr hazırlığından da söz açıb:

 

“Bu gün artıq Azərbaycan İlahiyyat İnstitutu fəaliyyət göstərir. Əvvəllər kadrların azlığından şikayət olunurdu, amma artıq kifayət qədər kadr var. Bu gün artıq sözügedən institututdan tələbələr məzun olur, fənn ilə bağlı dərsliklərdə hazırlanır. Bu bizim qarşımızda vəzifə olaraq durur, biz gec-tez bu prosesə getməli olacağıq. Zamanda bunun əhəmiyyətli olduğunu göstərəcək”.

 

 O bildirib ki, məktəblərdə din fənnini tədris etməklə cəmiyyətdəki dini düşüncəni yaxşı mənada dəyişmək mümkündür:

 

“Biz məktəblərdə din tədrisi dedikdə insanlar arasında yanlış qarşılanır. Din tədrisi dedikdə, məktəblərdə din haqqında məlumatın verilməsindən söhbət gedir. Bizim şagirdlərimizin dini məlumatlarının olması öz milli və dini dəyərlərimizi qorumaq, onların zərərli təriqətlərdən qorunması və dinimiz haqqında düzgün, dolğun məlumat əldə etmələri üçün vacib hesab olunur”.

 

C.Məmmədov bunun həm də milli təhlükəsizlik məsələsi olduğunu bildirib:

 

“Bu gün müxtəlif yollarlə, sosial şəbəkələr vasitəsi ilə müxtəlif təbliğatların aparılmasına cəhdlər edilir. Buna görə də biz özümüz gənclərimizə dəqiq və dolğun məlumat verməliyik. Bunları həyata keçirə bilsək, bizim gənclərimiz daha sağlam düşüncəyə malik olacaqlar. Qeyri-ənənəvi radikal təriqətlərə qoşulma halları azalacaq”.