Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-11 18:43:33
İlahiyyat İnstitutunun yaradılması böyük uzaqgörənliklə vaxtında verilmiş qərardır - Milix Yevdayev

Azərbaycanda İlahiyyat İnstitutunun yaradılması böyük uzaqgörənliklə vaxtında verilmiş qərardır.

AzEdu.az xəbər verir ki, bunu Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Azərbaycanda İlahiyyat İnstitutunun yaradılması ilə bağlı fikirlərini bölüşərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan İlahiyyat İnstitutu Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə təsis edilib. Bununla da dövlətimizin başçısı dini radikalizm və ekstremizmə qarşı mübarizədə əsas vasitənin maarifləndirmə metodu olduğunu və gənclərin düzgün dini biliklərə yiyələnmələrinin vacibliyini diqqətə çatdırıb. “Bu, bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin əsas istiqamətlərinə uyğun olaraq multikultural dəyərlərin qorunması şərtilə dinə bağlılığın geniş yayılmasını təmin edəcək. Dünyada baş verən münaqişələrin bir hissəsinin dini zəmində olduğunu bilərək, dinin əsas mahiyyətini nəzərə almadan ondan öz maraqları naminə istifadə edənlər dini dəyərlərlə dünyəvi dəyərləri qarşı-qarşıya qoyurlar. Azərbaycan dini radikalizmin yayılmadığı ölkələr sırasındadır və bunun da əsas səbəbi dövlətin apardığı düzgün din siyasətidir. Azərbaycanda ekstremizmin sosial bazasının formalaşması üçün heç bir dayaq yoxdur. Bu səbəbdən də dünyada, o cümlədən Yaxın Şərqdə cərəyan edən münaqişələrə nəzərən ölkəmizdə ictimai-siyasi və dini durum sabitdir. Azərbaycanda mövcud tolerantlıq və multikultural mühit bütün dünyaya bəyan edir ki, dini və mədəni müxtəlifliyin harmoniyasına əsaslanan bir cəmiyyət yaratmaq mümkündür və həmin cəmiyyət yaşamağa qadirdir. Bunun ən yaxşı nümunəsi müasir müstəqil Azərbaycan Respublikasıdır”, – deyə M.Yevdayev vurğulayıb.