Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-11 14:31:00
“Məhərrəm ayı və aşura mərasimləri məktəblərə, yeniyetmə və gənclərə təsirsiz ötüşmür” - Təhsil eksperti

“Məhərrəm ayı və Aşura mərasimləri ilə bağlı keçirilən bu və ya digər ayinlər təəssüf ki, məktəblərə, yeniyetmə və gənclərə, hətta azyaşlılara belə təsirsiz ötüşmür”.

AzEdu.az xəbər verir ki, bu sözləri azadinform-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

Ekspert bildirib ki, ötən onilliklərlə müqayisədə müəyyən səngimə tendensiyası müşahidə olunsa da, bununla belə, problemin tam həllini tapdığı qənaətinə gəlmək sadəlövhlük olardı: “Yəni “zəncir vurmaq”, “qan çıxarmaq”, “özünə xətər yetirmək” kimi əməllərin bir mənəvi dəyər olaraq dinlə heç bir əlaqəsinin olmadığını, xurafat və fanatizm cahillərinin sonralar uydurulmuş məhsulu olduğunu hər bir yeniyetmə və gəncimizin şüurlu surətdə dərk etməsi son dərəcə vacibdir. Əlbəttə, bu kimi dərrakə və düşüncənin formalaşdırılması ailə və orta ümumtəhsil məktəbinin üzərinə düşür. Bu mənada, İmmanuil Kantın “Pedaqogika haqqında” traktatında deyildiyi kimi, “Uşaqlara Ali Varlıq haqqında bəzi anlayışları təlqin etmək lazımdır ki, onlar başqalarının dua etdiklərini görəndə bunun kimə münasibətdə və nə üçün edildiyini bilsinlər”. Xüsusilə, bu ərəfədə məktəblərdə, əsasən də “Həyat bilgisi” fənninin müvafiq mövzularının tədrisi zamanı, habelə sinifdənxaric oxu və məktəbdənkənar tədbirlər prosesində din və xurafatın tam fərqli anlayışlar olması barədə məktəblilərə lazımı bilgilərin çatdırılması zəruridir”.

N. İsrafilov hesab edir ki, ölkə başçısının sərəncamına müvafiq olaraq, yeni Azərbaycan İlahiyyat İnstitutunun yaradılması və bu ali təhsil ocağında tədrisin ödənişsiz əsaslarla həyata keçirilməsi müsbət nəticə verəcək: “Bu qərar dini-mənəvi dəyərlərə hörmət və rəğbətin təcəssümü, milli mədəniyyətin, çoxəsrlik adət-ənənələrin qorunub saxlanması və inkişaf etdirilməsi baxımından son dərəcə mühüm addım olub, ölkəmizdə həm dini, həm də dünyəvi elmləri bilən ziyalı ilahiyyatçı kadrların və dini elmi əsaslarla izah edə biləcək din xadimlərinin hazırlanmasına yeni töhfə olacaq”.