Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-11 14:53:00
Rektora topladığım balı dedim, mənlə şəkil çəkdirdi –700 bal toplayan tələbələrin xatirələri

Dünya təhsil sistemində universitet rektorları ilə tələbələr arasında olduqca səmimi münasibət mövcuddur. Bu faktı xaricdə, xüsusən də Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr də təsdiq edirlər. Rektorların tələbələr üçün əlçatan olması isə təhsilin inkişafına təsir edən amillər sırasına daxildir desək, yəqin yanılmarıq.

Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Tələbələrin əksəriyyəti rektor-tələbə münasibətlərinin əlçatan olmamasından narazılıq edirlər.

Bəs ötən ilki qəbul imtahanlarında 700 bal toplayaraq universitetə daxil olan tələbələrin rektorla münasibətləri necədir?

AzEdu.az bu sualla qəbul imtahanında maksimum nəticə göstərən bir neçə  tələbəyə müraciət edib:

Bakı Ali Neft Məktəbində təhsil alan Mahirə Əsədzadə bildirib ki, rektor Elmar Qasımovla münasibətləri olduqca yaxşıdır:

“Qapısını döy, icazə al və niyyətini etik dildə izah et. Səni mehriban şəkildə qarşılayacaq. Hər semester ayrı-ayrılıqda bütün kurs tələbələrini yığıb iclas keçirir. Hamının qiymətini, adını bilir. Yolda səni adınla çağıracaq qədər yaxından tanıyır. Şəxsən, Elmar müəllimə heyranlıq duyuram. Tələbəsini, hətta məzunlarını belə düşünür, onlarla bağlı jurnallar hazırlayır. Ötən gün iki nəfər BP-də işləyən məzunu görüşə gəlmişdilər.

Tələbələr istəklərini münasib dildə desələr, heç kimə sərhəd qoyacağını düşünmürəm. Düzü, xüsusi olaraq “səni çox istəyirəm”, “ağllı qızsan” kimi xoş sözləri daha çox eşidirəm. Rektordan xüsusi qayğı görmək qürurverici hissdir və məni çox sevindirir”.

ADA Universitetinin tələbəsi Pərvin Əhmədovanın sözlərinə görə, rektor Hafiz Paşayevlə xüsusi ünsiyyəti olmayıb:

“Rektorumuzla xüsusi ünsiyyətdə olmamışam. Hər hansı bir məsələdən ötrü şəxsən müraciət etdiyim də olmayıb. Ötən il 11 sentyabrda bir çox tələbə rektorla şəkil çəkdirmək üçün toplaşmışdı. Sırada xeyli tələbə var idi. 700 bal topladığımı rektora dedim. O isə ən birinci mənlə şəkil çəkdirdi”.

Bakı Ali Neft Məktəbinin tələbəsi Xalidə Əliyeva deyib ki, rektor Elmar Qasımov tələbələrin dərsləriylə daim maraqlanır:

“Rektor daim dərslərimizlə maraqlanır. Nədənsə narazılığımızın olub-olmadığını soruşur. Harda çətinliyimiz yaranarsa, həmin məsələdə bizə kömək edir. Hansısa məsələylə bağlı şəxsi maraciətim olmayıb”.

Bakı Ali Neft Məktəbinin digər tələbəsi Qabil Əliyev də rektor Elmar Vəliyevi tələbələrin dostu kimi xatırlayır:

“Elmar Vəliyevla heç bir şəxsi dialoqum və hansısa məsələylə bağlı müraciətim olmayıb. Yalnız tədbirlərdə qısa olaraq ünsiyyət qurmuşuq. Tələbələrə münasibəti çox yaxşıdır. Hər bir ehtiyac və suallarımı diqqətlə dinləyir, cavablandırmağa çalışır və tez bir zamanda problemlərimizin həll olunmasını təşkil edir”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları