Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-05 11:09:00
"Məktəblərdə tərbiyə işinə diqqət edilməlidir"-DEPUTAT

 

“Orta və ali məktəblərimizdə təhsillə yanaşı, tərbiyə işinə də xüsusi önəm verilməlidir”.

 

Bunu AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov söyləyib.

 

Deputat ötən həftə 16 yaşlı gəncin idman arenasında qətlə yetirilməsi hadisəsinə diqqət çəkərək, bu kimi halların qarşısının alınması üçün lazımı addımların atılmalı olduğunu bildirib:

 

“Bir neçə gün bundan əvvəl Bakıda idman yarışlarından birində bir gəncin digərini bıçaqlayaraq qətlə yetirməsi hər birimizi sarsıtdı. Hesab edirəm, əsas sual bu olmalıdır: belə halların təkrarlanmaması üçün  nə etməliyik? Gənclərin aqressiv davranışlarının qarşısının alınması üçün hansı addımlar atılmalıdır? Hesab edirəm,  bu barədə ciddi düşünməliyik. Bu kimi halların qarşısının alınması üçün geniş maarifləndirmə və təbliğat işlərinə ehtiyac var. Təəssüf ki, bəzən filmlərimizdə, bir sıra musiqi janrlarında  gənclərə belə həyat tərzi təbliğ olunur. Bu da birmənalı olaraq gənclərimizin tərbiyəsinə ciddi təsir göstərir”.

 

O, təhsil müəssisələrinin təhsillə yanaşı tərbiyə işinə də diqqət etməli olduğunu qeyd edib:

 

“Gənclərə aqressiya, gücə meyl yox, insanlara qarşı sevgi aşılanmalıdır. Bu mənada bağça, məktəb, idman mərkəzlərimizin üzərinə böyük məsuliyyət düşür. Orta və ali məktəblərimizdə təhsillə yanaşı, tərbiyə işinə də xüsusi önəm verilməlidir. Bütün bu qurumlar layiqli və məsuliyyətli vətəndaş yetişdirilməsi prosesinə öz töhfələrini verməlidirlər. Burada müəllimlərimizin də üzərinə ciddi vəzifələr, tərbiyə işində böyük məsuliyyət düşür”. 

 

“Cəmiyyətləri uçuruma aparan laqeyd və biganəlikdir. Əgər tərbiyə, təbliğat və maarifləndirmə işi bu istiqamətdə qurulmasa, gələcəkdə biz belə hallarla daha tez-tez rastlaşacağıq. Odur ki cəmiyyətin hər bir üzvü bu kimi məsələlərdə çox fəal olmalıdır”-deyə, deputat bildirib.