Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-01 11:32:00
Dünyada elmin müxtəlif sahələrində ilk müdafiəçilər olan Azərbaycan –Türkiyə alimləri

Müxtəlif  illərdə Azərbaycandan dünyanın  bir  çox yerlərinə beyin axını olub. Bunun də həm obyektiv, həm də subyektiv səbəbləri var. Kimi oxuduğu universitetin elmi potensialını məqbul görərək, orada qalıb, kimisi isə sonradan gələn sərfəli təklifi geri çevirməyərək, xarici ölkələrin elmi və təhsil müəssisələrinə işləməyə gedib.

 

Səbəbindən asılı olmayaraq, itirən isə Azərbaycan elmi və təhsili olub. Bu gün təkcə Rusiyada elmin müxtəlif sahələrində ad-san qazanan xeyli alimlərimiz var.

 

AzEDU.az bu gün onlardan, daha doğrusu, onların yalnız bir qismindən bəhs edəcək. Təbii ki, adlarını sadaladığımız alimlər siyahının heç bir faizi də deyil və biz yeri gəldikcə, digərlərini də təqdim edəcəyik.

 

Hələlik isə aşağıdakı alimləri diqqətə çatdıraq: 

 

Səlimov Arif  - 1956-cı ildə Ağsu rayonunda anadan olub. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi bitirib və 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində ali təhsil alıb. 

1978-1980-ci illərdə AMEA-nın  Kibernetika İnstitutunda mühəndis-riyaziyyatçı kimi çalışıb, 1980-ci ildə Kazan Dövlət Universitetinin aspiranturasına Həndəsə və topologiya ixtisası üzrə qəbul olunaraq, 1984-cü ildə  namizədlik dissertasiyasını müdafiə edib. 1984-1995-ci illərdə Bakı Dövlət Universiteti Həndəsə kafedrasında müxtəlif vəzifələrdə işləyib. 1998-ci ilin sentyabr ayında Kazan Dövlət Universitetində "Həndəsə və topologiya" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. Yeri  gəlmişkən, Arif Səlimov Azərbaycanda “Həndəsə və topologiya” ixtisası üzrə doktorluq elmi dərəcəsinə sahib olan yeganə elm adamıdır. O, differensial həndəsə sahəsində bütün dünyada tanınan mütəxəssislərdəndir. 10-dan çox tələbəsi riyaziyyat (həndəsə) üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib. 50-dən çox beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış edən alim 100-dən çox elmi əsərin müəllifidir. Bunlardan bir çoxu ABŞ, Yaponiya, Cənubi Koreya, Çin, Hindistan, Sinqapur, Meksika, Rusiya, İngiltərə, Fransa, İtaliya, Polşa, Türkiyə və s. ölkələrin SCIE kateqoriyalı nüfuzlu elmi jurnallarında dərc olunub. Arif Səlimovun "Tensor operatorlar və onların proqramı” adlı kitab-monoqrafiyası ABŞ-ın nüfuzlu "Nova Science Publishers, Inc., New York" elm nəşriyyatının "Mathematics Research Developments" seriyasında çap edilib. 

 

1995-ci ildən Türkiyənin Atatürk Universitetində çalışmağa başlayan azərbaycanlı alim hazırda həmin universitetin Riyaziyyat bölməsinin professorudur. 

 

Professor Səlimov Türkiyə dövlətinin Elmi və Texnoloji Tədqiqat Komitəsinin 4 qrant layihəsinin qalibi olub. Onun “Tensor operatorlar və onların proqramı” monoqrafiyası 2013-ci ildə Türkiyədə “AÜ Bilimsel Teşvik Birincilik Ödülü” mükafatına layiq görülüb. Arif Səlimov 2015-ci ildə Türkiyə Dövlətinin ən prestijli mükafatlarından sayılan “TÜBİTAK PPÖ-Proje Performans Ödülü”, 2016-cı ildə isə Atatürk Universitetinin "Sıtkı Alp Bilimsel Teşvik Ödülü" ilə təltif edilib; 

 

Abdullayev Fəxrəddin  - 1957-ci ildə Şamaxı rayonunun Sündü kəndində anadan olub. 1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib və təyinatla AMEA-nın Riyaziyyat və Mexanika İnstitutuna göndərilir. 1980-ci ilin noyabr ayından Ukrayna EA Tətbiqi Riyaziyyat və Mexanika İnstitutunun (TRMİ, Donetsk) Funksiyalar nəzəriyyəsi şöbəsində təcrübə keçir, 1986-cı ildə həmin institutda namizədlik dissertasiyasını müdafiə edir. 

 

Fəxrəddin Abdullayev 1986-1994-cü illərdə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunun riyazi analiz şöbəsində elmi işçi kimi çalışır. 1994-cü ilin mart ayından Türkiyə universitetlərində (Trabzon, Mersin) fəaliyyətə başlayıb. 2003-cü ildə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda “Sahəcə ortoqonal polinomlar və Biberbax polinomları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 

Fəxrəddin Abdullayev Mersin Universitetinin xarci ölkə universitetləri ilə əməkdaşlığına böyük töhfələr verib. O, çoxsaylı beynəlxalq riyazi konfransların təşəbbüskarı və təşkilatçısıdır. Alim Ukrayna EA Riyaziyyat İnstitutu ilə elmi əlaqələrin təşkilinə görə 2002-ci ildə Ukrayna EA-nın M.V.Ostroqradski adına qızıl medalı ilə təltif edilib. “Yaxınlaşma və interpolyasiya nəzəriyyəsində müasir metodlar” sahəsində silsilə işlərinə görə 2007-ci ildə Ukrayna EA-nın N.M.Krılov adına mükafatı, 2009-cu ildə isə N.N.Boqolyubov adına qızıl medalı ilə təltif edilib.

 

Professor Abdullayevin rəhbərliyi ilə 10 namizədlik və 8 doktorluq dissertasiyası müdafiə edilib. Onun 150-dən çox elmi işi dünyanın bir sıra ölkələrinin elmi jurnallarında dərc olunub. 

 

Azərbaycanlı alim 2006-2010-cu illərdə Mersin Universiteti nəzdində Mersin Texniki Məktəbinin direktoru, 2008-2011-ci illərdə Mersin Universitetinin Təbiətşünaslıq və ədəbiyyat fakültəsinin dekanı, 2010-cu ildə universitetinin rektoru vəzifələrində çalışıb. Hazırda Riyaziyyat bölümünün müdiridir; 

Dəmirli Mehman - 1964-cü il yanvarın 23-də Şamaxı rayonunun Ərəbqədim kəndində anadan olub. 1990-cı ildə BDU-nun hüquq fakültəsini bitirib. 1998-ci ildə  “Azərbaycan Demokratik Respublikasının dövlət quruluşu (1918-1920)” mövzusunda namizədlik dissertasiyası (Odessa Dövlet Hüquq Akademiyası), 2005-ci ildə isə "Tarixi-hüquqi idrakın predmet sahəsi: ənənələr və yenilənmə (epistemoloji təhlil)" mövzusunda doktorluq dissertasiyası (Y.Mudrı adına Ukrayna Hüquq Akademiyası, Xarkov şəhəri) müdafiə edib. 2007-ci ildən professordur.

Alimin elmi maraq dairəsinə hüquq elminin bu sahələri daxildir: hüquq nəzəriyyəsi, fəlsəfəsi və tarixi; hüquq elminin epistemoloji və metodoloji problemləri; müqayisəli hüquqşünaslıq; İslam hüququ; Avropa İttifaqı hüququ. Bu sahələr üzrə müxtəlif dillərdə (ana dilindən başqa Anadolu türkcəsi, rus, ukrayin və ingilis) 200-ə qədər elmi işin, o cümlədən 17 kitabın (monoqrafiya və dərs vəsaitlərinin) müəllifidir. 1994-cü ildən 2002-ci ilədək BDU-nun hüquq fakültəsində və Bakı şəhərinin digər ali məktəblərində çalışıb. 2004-2017-ci illərdə Odessa Milli Hüquq Akademiyasının Avropa İttifaqı hüququ və müqayisəli hüquqşünaslıq kafedrasının professoru vəzifəsində işləyib. Beynəlxalq Müqayisəli Hüquq Akademiyasının (Haaqa) müxbir üzvüdür.

 

Mehman Dəmirli təşkilatçı pedaqoq olaraq, təhsilin inkişafına verdiyi töhfələrə görə Ukrayna Təhsil Nazirliyi tərəfindən "Təhsil əlaçısı" adına layiq görülüb. Ukraynada yaşadığı illər ərzində milli diaspor təşkilatının – Ukrayna Azərbaycanlıları Odessa Konqresinin fəaliyyətində aktiv iştirak edən alim, həmin qurumun idarə heyətinin üzvü seçilib.

 

Faiq Mustafaoğlu: 1955-ci ildə Azərbaycanın Qazax rayonunda anadan olub. 1973-ci ildə N.Nərimanov Adına Azərbaycan Tibb Universitetini Müalicə-Proflaka fakültəsinə daxil olub və 1979-ci ildə bu universiteti bitirərək, həkim-terapevt diplomuna sahib olub. Elə həmin ildən Bakı şəhəri 6 saylı xəstəxanada əmək fəaliyyətinə başlayıb. 1980 - 1981-ci illərdə Pyatiqorsk Kardiologiya İnstitutunda ürək xəstəlikləri üzrə ixtisaslaşıb. 1981-1984-ci illərdə Bakı Kardiologiya xəstəxanasında çalışıb. 1985-ci ildə üzərinə ixtisasını artırmaq üçün daha qabaqcıl və inkişaf etmiş bir mərkəzə - Moskva Beynəlxalq Ali İxtisas İnstitutuna göndərilib.

 

1988-ci ildə İ.M.Seçenov adına Moskva Tibb Akademiyası Elmi Şurası qarşısında “Miokard İnfakt zamanı aritmiyaların dinamikası və Müalicəsinin faydalılığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, Tibb elmləri namizədi elmi dərəcəsini qazandı. 1988-1994-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin Daxili Xəstəliklər fakültəsinin Kardiologiya şöbəsində işlədikdən sonra, 1994-1996-cı illər ərzində Türkiyə Ali İxtisas Xəstəxanası Kardioloji Klinikasında, 1996-1997-ci illərdə 100-cü il Universiteti Tibb Fakültəsinin Kardiologiya şöbəsində müəllim olaraq çalışıb. Avqust 1996-ci il tarixindən etibarən 100-cü il Universitetinin Tibb Fakültəsinin Kardioloji şöbəsində ştatlı müəllim-həkim kimi fəaliyyət göstərib. Ən son Xüsusi İnkişaf  Xəstəxanasında 2 il fəaliyyət göstərib.

 

Almaniya, Türkiyə, Rusiya  və Azərbaycan da nəşr edilən 15   kitab və dərsliyin müəllifidir.   

 

Həmçinin, ürək-damar xəstəlikləri lüğətinin müəllifidir. 1996-ci ildən etibarən, Türkiyə Cümhuriyyəti vətəndaşı olan həkim-müəllim, 1997-ci ildən etibarən Türk Təbiblər Birliyinin və  Türk və Avropa Kardiologiya Dərnəklərinin üzvüdür.