Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-21 08:50:00
Güneydə ana dilini gizli şəkildə öyrədən yazar-Onları məktəbdə necə cəzalandırırdılar?-Təsirli müsahibə-FOTO VİDEO

 

Məsud Haray hazırda Türkiyədə yaşayan Güney Azərbaycandan olan, ədəbiyyatşünas-yazar  soydaşımızdır. Güneydə yaşadığı müddətdə uzun illər könüllü müəllimlərlə birlikdə doğma Azərbaycan dilini gizli şəkildə həmvətənlərinə öyrədib. Yalnız ana dilində şeirlər yazmaqla öz yaradıcılıq xəttini müəyyən edib.

 

1974-cü ildə  Xoyda-Urmuda dünyaya göz açan şair Məsud Haray, öz tərcümeyi-halında yazır:

 

"8 ilə yaxın farsca şeir yazdım, duyğularımı, kədərlərimi ata-anamla paylaşım deyə, türkcə düşünməyə başladım, bu, yaşayışımın acı çağlarının başlanğıcı  oldu. Daha sonra bu acı içimdə gəzdi və məni kim olduğuma doğru apardı və indi mən şair deyiləm, bəlkə vətənim Azərbaycanın acıyan yarasıyam".

 Beləliklə AzEdu.az təhsil portalında  Məsud Harayla  müsahibəni təqdim edirik:

 

 Şair bizə ilk olaraq. məktəb illərində qarşılaşdığı çətinliklərdən danışır:

 

"Yadımdadır,  məktəbdə birinci sinifdə oxuduğumuz  zaman müəllim bizimlə  birbaşa fars dilində danışmağa başladı. Biz  isə heç bir şey anlaya bilmirdik. İlk günlər sadəcə "ayağa qalx" və "əyləş" sölərini başa düşürdük. Uzun  zaman biz fars dilini bilmədiyimiz üçün  bizi  "kötəyə bağladılar", (şiddətli cəzalandırdılar) təhqir olunduq. Ona görə də məktəbə getmək belə istəmirdik,  çünki  heç nə başa düşə bilmirdik.

 

Mən 3-4-cü sinifdə oxuyarkən yavaş-yavaş televiziyalar çox yayılmağa başladı. Yadımdadır ki, biz o  vaxtlar qələm ağacı ilə  antena oğurlayırdıq. Bəzən  Azərbaycanın tv  kanalı, AZTV-nin dalğasını tuturduq.  

 

-Sizə fars dilində danışmadığınız halda nə kimi cəzalar tətbiq edilirdi?

 

-Çox çətinliklər gördük, o zaman bu səbəbə görə müxtəlif cərimələr tətbiq edilirdi. Bizə "farsca danışmalısan" deyilirdi. Danışmasaq, cərimə olunurduq. Məcbur qalıb,  hər gün məktəbə  üzərimizdə pul aparırdıq ki, ana dilində danışdığımız üçün cərimə olunanda həmən  ödəyə bilək. Çünki fars dilini bilmirdik. Valideynlərimiz də farsca bilmədiklərinə görə bizə o dili öyrədə bilmirdi.

 

Zaman keçdikcə  bu çətinliklərə boyun əyib fars dilini öyrəndik. Bu dili öyrəndikdən sonra daha böyük  çətinliklərlə qarşılaşdıq. Bizim dilimizdə işlənən sözlərin farsca  qarşılığı yox idi. Misal üçün, biz  "pişik ağaca dırmaşdı"  deyiriksə,  farsca bu "pişik divara getdi" kimi tərcümə olunurdu.  Bizə ilk vaxtlar çox gülməli gəlirdi. Sonradan başa düşdük ki, fars dili bizim sözlərimizinin qarşılığı ola bilmir. Bu isə başqa sorun idi".

 

"Fars dilində yazılan bir çox kitab və dərslikdə bizi aşağılamağa çalışırdılar"

 

"Artıq yuxarı siniflərdə oxuduğumuz zaman tarix kitablarında qəribə faktlarla qarşılaşdıq. Fars dilində yazılan bir çox kitab və dərslikdə bizi aşağılamağa çalışırdılar. Bu həm dərsliklərdə yazılan müxtəlif şeirlərdə həm də tarix dərslərində yazılırdı.

 

Məktəblərdə  tədris edilən bütün kitablarda farsları çox ağıllı, kamil və dünyanı idarə edən  insanlar kimi göstərirdilər. Biz isə dağdanenən, az qala adam öldürən kimi qələmə verilirdik. Tarix dərslərində türk kökənli şahlarla bağlı mövzuları  keçdiyimiz zaman  bizə  deyirdilər ki, sadəcə şahın özü  türkdür,  amma ölkəni idarə edən və ölkənin ən savadlı şəxsləri farslardır. Bizə isə bu qəribə gəlirdi. Nəcə ola bilər ki, türk ölkə yarada bilir,  amma onu idarə etməyi bacarmır?!

 

Bu suallar isə bizim ağlımızda qalırdı və onlara cavab axtarmaq istəyirdik. Orta məktəbə keçdiyimiz zaman daha bir gərçəklə qarşılaşdıq. Biz anladıq ki, İran cəmiyyətində görməzdən gəlirik. Bizi məktəblərdə farsçılığı təbliğ etdirir və fars olmağımızı istəyirdi. Biz isə türk idik.  Bizə  qarşı məktəbdə hər zaman  "fars olanda ağıllı olursan", "fars olmasan heç kim ola bilməsən"  kimi xoşagəlməz ifadələr deyilirdi.

Onlara qarşı çıxıb, "mən fars deyiləm!" deyəndə isə, bizə "sən buradan getməlisən", "yabancısan" cavabı verilirdi.

 

Məsud Haray türklüyə qarşı təhqir dolu şəkillərin  kitablarda yer aldığını da qeyd edir: 

 

"İbtidai sinifdə bilirsiniz ki, uşaqlar daha çox şəkillər əsasında öyrənib danışmağa başlayırlar. İrandakı məktəblərdə tədris edilən fars kitablarının  əksəriyyətinin üz qabığlarında, həmçinin, içində olan bütün şəkillərdə bizə qarşı təhqir dolu  mesajlar yer alırdı. Bəzi kitablarda bizləri sonradan bu ərazilərə gəlmiş, sonradan türk olmuş kimi qələmə verirdilər. Deyirdilər ki, siz yenidən  farslığa qayıtmalısınız...

 

Onların Azərbaycan düşmənçiliyi tarixə gedib çıxır. Bu faktları aradan qaldırmaq üçün  tədris edilən bütün dərsliklərdə özlərini dünyanın xilaskarı adlandırırdılar. Bizim min illik tariximizi yox sanırdılar".

 

-Məsud bəy, siz nə zamandan ana dilində şeirlər yazmağa başladınız?

 

-Mən yeddi-səkkiz il farsca yazmışam. Uzun illər farsca yazdığım şeirlərim jurnal- qəzetlərdə çap olundu. Amma,  şeirləri  anama gəlib oxduğum zaman,  o heç nə başa düşə bilmirdi. Mənə deyirdi ki, " bir dərdin var ki, bu şeirləri yazırsan, amma mən bu dildə(farsca)başa düşə bilmirəm. Sonra isə mənə həsrətlə baxıb ana dilinmizdə bayatılar oxuyurdu. Biz artıq Azərbaycan dilinin ancaq bayatılar, dastanlarda qaldığını düşünürdük. Ağlıma belə gəlmirdi ki, şeirlərimi ana dilimizdə yazaq. Çünki biz çox başqa mühitdə böyümüşdük...

 

Sonralar mən də bayatılar yazmağa başladım. Düşünürdüm ki, ən azından anamı sevindirərəm. Bir neçə bayatı yazmağa başladığım zaman yavaş-yavaş öz doğma ana dilimi də daha yaxşı öyrənirdim. Hiss edirdim ki, belə daha gözəldir. Öz özümə fikirləşirdim ki, mən artıq rahatlıqla fikrimi ifadə edə bilərəm.

 

Anamın mən yazdığım bayatılardan çox xoşu gəlmişdi. Onları bayatıları şeir “əncümənlərində” (məclislərində-red.) oxuyurdum. Amma orada çox insan ana dilində bilmirdi. Yazdıqlarımı oxuduğum zaman hamı təəccüb ilə mənə baxar, aşıqların məclislərinə çox getmə deyərlərdi.

 

Gün ərzində  nə qədər şeirlər yazırdım, istəyirdim ki, şeir məclislərində yazdıqlarımı oxuyum. Bir qədər sonra məni xüsusi idarədən çağırıb şeirlər yazdığım dəftəri əlimdən aldılar. Mənə farsca yazmağım müqabilində mükafatlar,  yeni vəzifələr təklif edildi. Şeirlərimi əlimdən alındıqdan sonra 5-6 ay heç nə yazmadım.

 

Bir gün bu yaşıma qədər onlardan aldığım bütün təşəkkürnamələri, təbriknamələri od vurub yandırdım. Yazıq anam o zaman çox  ağladı, “əziyyətini hədər edirsən” deyirdi.  Amma ən sonda mən öz doğma dilimə qayıtdım”.

 

Məsud bəy doğma ana dilində adicə kitab oxumaqdan ötrü də çox əziyyətə qatlaşıb. Bircə günün içirisində kiril əlifbasını öyrənib ki, Arazın o tayından gizli şəkildə gələn kitabları oxuya bilsin:

 

“Cənubi Azərbaycana Bakıdan gizlin şəkildə kiril əlifbası ilə hekaya və şeir kitabları göndərirdilər. O kitabların satıldığı yeri tapıb, hər dəfə yeniləri gələn zaman gedib onları alırdım. Heç vaxt yadımdan çıxmaz, beş-altı nəfərdən ibarət qrup yaradıb, bir gün ərzində əlifbanı həm özüm öyrənmiş həm də, onlara öyrətmişdim.

 

Digər beş nəfər heç ərəb əlifbası ilə türcə yazmağı belə bilmirdilər  Mən özüm də  onu doğru-dürüst bilmirdim. Başqa kitablara baxdıqca, sözlərin düzgün variantını öyrəndik. Mən də onlarla bərabər öyrənirdim. Bayatı kitablarında da yanlışlıqlar var idi.  Amma biz yazırdıq ki, sonra da özümüz oxuya bilək, beləcə dilimizə əhəmiyyət verməyə başladıq.

 

Bizim əlimizdə sadəcə vəsait olaraq  bayatı kitabları idi. Buna baxmayaraq biz dilimizi öyrənib öyrətməyə başladıq.  Yazarları, şairləri kənara çəkib, Ana dilimiz olan-Azərbaycan dilini öyrətməyə razı salmağa çalışırdıq. Otuz il ərzində o assimilyasiyanı tərs çevirə bildik. 

 

Xoy şəhərindən  qovulduqdan sonra, 17 il Urmiyada yaşadım. Bilirsiz ki, Urmiya farslaşmış şəhər sayılırdı. Biz xiyabanda dayanıb yanımızdan keçən insanları hansı dildə danışdıqlarında qulaq asırdıq. Belə məlum oldu ki, burada yaşayan 78-80 faiz insan fars dilində danışır. On il sonra həmin caddədə durduq, kimin türk kimin farsca danışdığına baxdıq. Artıq 90 faiz insan türkcə danışmağa başlamışdı.

 

 

Azərbaycan rəqsini toylarda oynayanda belə insanlar bizə həsədlə baxırdı. Zaman-zaman türklərin əleyhinə cümlələr deyilirdi. Biz narahat olanda da deyirdilər ki, siz türk deyil, azərisiniz. Sətiraltı bizə deyilirdi ki, siz türk olduğunuza inanırsınızsız, amma, bundan imtina etməlisiniz”.

 

No description available.

 

-Universitetdə oxuduğunuz dövrdə hansı hadisələrlə qarşılaşdınız?

 

-Universitetdə oxuduğum zaman Füzuli,  Nəbati kimi şairlər dərsliklərdə yer almırdı. Mən şeir kitablarını tapıb, onları özüm oxuyurdum. Ədəbiyyat tarixi dərsində  burada yaşamış olan şairlərimiz haqqında  heç bir məlumat verilmirdi.  Özüm o məlumatları əldə etdiyim zaman gördüm ki, bu şairlər Urmiyada, Mağarada, Xoyda  yaşamış və yaratmışdılar.

 

Müsahibimiz son olaraq Cənubi Azərbaycanda baş verən son  hadisələrə öz fikrini bildirir:

 

-"Dil davası, kimlik davası  təhsil, kitab, məktəb məsələsi çox böyük önəm daşıyır. Dili yox etmək, bir millətin var oluşunu, bir millətin özgüvəni yox etmək deməkdir. Buna na görə də təhsil məsələsi uzun və dərin bir yaradır.

Bunu ancaq öz müstəqilliyimizi azad edib fars dilindən qurtulmaqla  edə bilərik. Mən ümid edirəm ki, biz o günləri də görəcəyik”.

 

Son zamanlarda dilimizə sevgi daha çox artıb.  Bunun səbəbi isə hər kənddə bir kitabxananın  yaradılmasıdır. Bəzi şəxslər maddi cəhətdən yardım göstərərək, Cənubi Azərbaycanda yerləşən bir çox kəndə  kitablar göndərirdilər. Yaradılmış kitabxanalarda uşaq kitablarından tutmuş, tarixi kitablara qədər hər növ mövcud idi.

 

Məhs bunun  nəticəsində dilimiz kütlənin içinə daha çox yayıldı . Bu gün sanal dünyada baxdığım zaman, insanlar öz dillərində yazmağın vacibliyini anlayır. Səhv yazsalar belə, hər kəs  öz doğma dillində yazır.

 

 

Güneyli yazarın sözlərinə görə, İranda məhdudiyyət sadəcə Azərbaycan dilinə qarşı idi. Digər xarici dillər – Çin, alman fransız dilləri öyrənməyə çox gözəl imkan yaradırlar.

 

“Azərbaycan dilini orada yaşayan soydaşlarımıza öyrətmək, çox zaman gizli  şəkildə həyata keçirilib. Pulsuz şəkildə ana dilini öyrədən müəllimlər vardı. Onlar soydaşlarımıza ana dilini öyrətməyi  özlərinə vəzifə bilirdilər. Bakıda, Türkiyədə təhsil almış bəzi dostlarımız da, Azərbaycan dilini öyrətməyə çalışırdılar.

 

Arzu edirəm ki, soydaşlarımız öz ana dillərində kitab oxusunlar,dərslərini  doğma dildə yazsınlar. Öz kimliklərini, varlıqlarını kitablarda axtarıb tapsınlar. Biz sadəcə öz kimliyimizi  yenidən əldə etmək üçün mübarizə aparırıq"

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları