Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-14 10:42:00
“Universitetlərimizin infrastrukturu ciddi şəkildə aşınmışdı”- Nazir müşavirindən reytinq açıqlaması

 

 

 

“Uzun illər ərində universitetlərimizdə bu və ya digər dərəcədə yaxşı tədqiqat bazamız olub. Amma müəyyən müddət ərzində bu baza mənəvi cəhətdən aşınıb, həmçinin zamanla yaş faktoru ortaya çıxıb”.

 

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli AzTV-nin efirində yayımlanan “45 dəqiqə” verilişində qeyd edib.

 

Nazir müşaviri reytinq göstəricilərinin yaxşılaşdırılması üçün universitetlərin diqqət etməli olduğu məqamları nəzərə çatdırıb:

 

“Beləliklə, yeni nəsil yaxşı tədqiqatçıların yetişdirilməsi bizim üçün aktuallıq kəsb edən məsələlərdəndir. Bu səbəblə dövlət proqramları həyata keçirir, xarici ölkələrdə təhsil almaq üçün doktorantlar göndərməyə çalışırıq. Universitetlərimiz uzun illər ərzində əsasən, infrastrukturun yaxşılaşdırılmasına meyil göstəriblər. Bu, normaldır, çünki uzun illərdən bəri universitetlərin infrastrukturu da ciddi şəkildə aşınmışdı. Bundan sonra isə iki əsas məqama diqqət edilməlidir: tədqiqatla bağlı məsələlərə kifayət qədər ciddi yanaşmaq, xarici əməkdaşlığı genişləndirmək. Bütün bunlar müəllim və tələbə mübadiləsi, həmçinin tədqiqat istiqamətində hərəkətliliyə səbəb olacaq. Bu məqamlar reytinqlərdə də müsbət nəticə göstərməyimizə şərait yaradacaq”.

 

“Universitet müəyyən qədər maliyyə ayırmaqla, həm tədqiqatın səviyyəsi, həm yerli və xarici tələbələrin, akademik heyətin nisbətində istədiyi nəticəyə nail olacaq. Həmçinin gələcəkdə tədqiqat sahəsinin inkişaf etdirilməsi üçün dövlət tərəfindən də maliyyə dəstəyinin göstərilməsi planlaşdırılır”-deyə, o bildirib.