Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-12 11:54:00
“Konstitusiya fənni  məktəblərdə mütləq tədris edilməlidir” – Amma hansı müəllimlərlə?  

Bu gün müstəqil Azərbaycan Respublikası konstitusiyasının yaradılmasından 26 il ötür.

 

 

12 noyabr 1995-ci ildə qəbul edilən konstitusiya illər ərzində tarix fənninin tərkibində tədris edilib. Lakin bir çox təhsil nümayəndələri onun ayrı fənn olaraq keçirilməsinin daha effektiv olacağı qənaətindədir.

 

 

AzEdu.az məsələ ilə bağlı bir sıra şəxslərin fikirlərini öyrənib.

 

 

General Polad Həşimov adına 28 saylı Sumqayıt orta məktəbin tarix müəllimi Aygün Rəhimova məsələ ilə bağlı fikirlərini bildirib:

 

 

“Təhsil Nazirliyi tərəfindən əvvəlki illərdə konstitusiyaya ayrıca saat ayrılmışdı. Həmçinin, II və III ixtisas qrupları üzrə ondan sual da salınırdı. Konstitusiya qanunvericilikdən ibarət olduğu üçün şagirdlər onu öyrənməkdə çətinlik yaşayırdılar. 9-cu sinif buraxılış ili olduğu üçün şagirdlərin həmin fənni öyrənməyə həvəsləri olmurdu. Sonrakı illərdə tədris proqramına “Qarabağ tarixi” əlavə edildi. Lakin onunla bağlı heç bir summativ  qiymətləndirmə olmurdu.

 

Sadəcə sinif jurnalında həmin fənn üçün səhifə ayrılır və şagirdlərin  iştirak edib-etməməsi yoxlanılırdı. Bu fənn həftədə bir dəfə keçirilir və dərsdənkənar məşğələ kimi tədris edilirdi. Lakin biz II Qarabağ müharibəsində qələbə qazandıqdan sonra “Zəfər tarixi” fənni dərslərimiz sırasına əlavə edilib. Düşünürəm ki, “Zəfər tarixi” konstitusiyadan  daha önəmli və tədrisi vacibdir. 44 günlük Vətən Müharibəsi zamanı gənclər arasında tarixi biliklərlə bağlı sorğu keçirildi və onların məlumatlarının müəyyən qədər zəif olduğu ortaya çıxdı.

 

Bir çox imtahanlara konstitusiya salınır. Lakin burada iştirak edəcək şəxs psixoloji və fiziki cəhətdən konstitusiyanın öyrənilməsinə hazır olur. O, imtahan veriləcəyini öncədən bilərək, predmeti əzbərliyir. Həmin şəxsi məktəb şagirdi ilə də müqayisə etmək düzgün deyil. Onlar arasında beyin həcmi və yük götürmə qabiliyyəti fərqlidir”.

 

 

Təhsil eksperti Elşən Qafarov peşə və ali təhsil pillələrində konstitusiyanın tədris edilməsinin tərəfdarıdır:

 

 

“Konstitusiya əvvəllər ümumtəhsil məktəblərində tədris edilirdi. Hazırda dərs saatlarının və fənlərin çoxaldılması nəticəsində konstitusiyanın da əlavə fənn olaraq keçirilməsi bizə heç nə qazandırmayacaq. Lakin onu dərsdənkənar məşğələ kimi şagirdlərə mənimsətmək olar. Şagirdlərin qanunvericiliyi bilməsi vacib məsələdir. Onun dərsdənkənar salınması daha effektiv olar, nəinki, ayrıca bir fənn olaraq tədris proqramına əlavə edilməsi. Çalışmaq lazımdır ki, ümumtəhsil məktəblərində fənlərin sayı çox olmasın, bu, şagirdlərin  yükünü daha da artıracaq. Yeni dövlət standartlarına əsasən “Həyat bilgisi” fənni də aradan qaldırılır. Qarşıdakı 5 il ərzində o, tamamilə tədris olunmayacaq.

 

 

Arzulayardım ki,  peşə, orta ixtisas və ali məktəblərdə  konstitusiya fənn olaraq tədris edilsin. Çünki şagird məktəbi bitirdikdən sonra müxtəlif sahələr üzrə  ixtisaslara yiyələnir. Burada da ona qanuni biliklər lazım olur. Təhsilin bu pillələrində konstitusiyanın salınmasını daha optimal hesab edirəm”.