Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-08 17:30:00
“Yekəqarın direktorların qorxulu sualları MİQ-in ən təhlükəli tərəfidir”- AzEdu.az-ın ən yaxşı “onluq”undan VII yazı

MİQ imtahanlarının I (Test) mərhələsi: İradlar və təkliflər” mövzusunda yazıların qəbulu başa çatıb.

İlkin olaraq bizə göndərilən yazılar ekspertlər qrupu tərəfindən qiymətləndirilib. Ən yüksək qiymətləndirilən 10 yazı seçilib. 2 gün ərzində həmin yazılar saytda paylaşılacaq, sonra isə AzEdu.az portalının sorğu panelində səsverməyə təqdim ediləcək. Bu zaman oxucuların həmin yazılara daxil olub oxumaq və daha sonra bəyəndiklərinə səs vermək imkanı da olacaq.

Beləliklə, səsvermədə ən çox səs toplayan 3 yazı ayın qalibi elan ediləcək. Müəllif müəllimlər isə portal tərəfindən “Ayın müəllimi” elan olunmaqla, rəmzi mükafatla mükafatlandırılacaqlar.

Ekspertlər tərəfindən seçilən ən yaxşı 10 yazını sıra ilə oxuculara təqdim edəcəyik.

Mövzu ilə əlaqəli yazılan növbəti  məqalənin müəllifi  gənc müəllim Nigar Piriyevadır:

 

“Miq-Miq…”

Uşaq vaxtı bu cizgi filminə o qədər gülürdük ki… Nə biləsən ki, həyatda heç nə insanın qarşısına boşuna çıxmazmış, mütləq nəyəsə işarəymiş. “Miq-miq” xarici cizgi filmi idi, quş sürətlə qaçıb, ancaq bu səsi ifadə edirdi – “miq-miq”… Son günlərdə bu cizgi filmi yadıma düşdü və məni belə bir məqalə yazmağa vadar etdi. Maydan bu yana, hamı harada olsa, MİQ - dən danışır. Bu nə qorxu, nə həyəcandı belə? İnsanı bu qədər həyəcana salmaq nə demək? Və ya bir insan niyə bu qədər həyəcan keçirsin ki?

Yadıma 2012-ci il düşdü... Mənim həyatımı dəyişən, gözləmədən məqsədlərimə çatdığım il oldu... Mən 2007-ci ildə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olundum. Seçilən tələbələrdən idim - ictimai işlərdə fəal, 2008-ci ildə tələbələrin "Qış tətili"də universitetimizi təmsil edən 4 tələbədən biri... Dəyərli insanları, deputatları, gəncləri tanıdıq. Əslində, o illərdə özümü daha çox ictimai işlərdə görürdüm. Düşünürdüm ki, müəllim kimi yox, zamanla başqa sahələr üzrə işləyərəm.

Lakin… Sən saydığını say, gör fələk nə sayır!

2011-ci ildə Sumqayıt məktəblərindən birinə təcrübə keçməyə getdik. Əslində, mənim beynimdə  elə o günlərdə qəribə bir "miq-miq" qığılcımı yaranırmış, xəbərim yoxmuş... İlk şagirdlərim o qədər şirin uşaqlar oldu ki, dedim yox e, mən mütləq müəllim olacam. Nə gözəldi öyrətmək, onlarla birgə öyrənmək! Hər gün uşaqlara daha çox bağlanırdım. Artıq  təcrübəni bitirdik. Ancaq içimdə məktəbdə işləmək həvəsi yarandı. Hər şeyə rəğmən isə bir qorxu var idi... Çünki atamın məni məktəbə müəllim düzəltməsi üçün 10000 manatı yox idi. 2011-ci ildə universiteti bitirdim və sıravi kursların birində 1 il müddətinə müəllim işlədim. 2012-ci ildə isə  Təhsil Nazirliyinin saytında MİQ ( Müəllimlərin İşə Qəbulu) elanı gördüm. Düzü, çox sevindim, ailəmə danışdım. Hamı bir ağızdan deyirdi ki, ay bala, kimdi sənə məktəbdə pulsuz iş verən?! Deyirdilər, o imtahanları elə keçirirlər ki, hamı yenə vakansiyalara pulla işə düzəlir. Ancaq yox ... Düşündüm ki, necə yəni, Nigar, sən imtahandan keçəsən və sonra səndən iş üçün yenə pul istəsinlər? Beləcə, oturdum nə kitabım var idisə, tökdüm qabağıma, başladım oxumağa. Oxu ki, oxuyasan. Amma nə biləydim ki, kurikulum sualları da var imiş. Halbuki universitetdə kurikulumun "k" sını belə öyrətməyiblər. Bunu tədris etmədikləri halda niyə imtahanda buna dair suallar təqdim edilməsi isə başqa mövzudur.  

2012-ci il MİQ...

İmtahana girdim, 35 suala cavab yazıb çıxdım. Səhv etmirəmsə, həmin il imtahan nəticələri ekranda görünmürdü. Evə gəldim, öyrəndim ki, nəticəm 29,5 baldır. Demək ki,ixtisasımı yazmışam, bircə kurikulum məni çətinə salıb. Ailəm bu nəticəmə sevindi. Ancaq yenə başladılar ki, bunun müsahibəsi var, a bala, boşuna uğraşma, o yerlər çoxdan tutulub . Beləliklə, vakant yerlər bilindi, mən də öz el- obamın məktəbini - Səngəçalda yerləşən Laçın rayon 14 saylı tam orta məktəbi seçdim. Qəbul olduqdan sonra müsahibəyə getməliydim. Əynim-başım, saçım filan, müəllim kimi geyinib-keçinib getmişdim. İçəri daxil olanda düşünürdüm ki, geniş müsahibə olacaq. Sən demə, belə deyilmiş. Ekspertlər sənədlərimizə baxıb bircə sual verdilər ki, məktəbdə işləyəcəksən ya imtina edirsən? Dedim, əlbəttə işləyəcəm. Vəssalam,  müsahibə də bu qədər. Əslində, ixtisasından yüksək yazan müəllimi hansısa yad suallarla çək-çevir etmək nə dərəcə doğrudur? Niyə son illər müsahibə bu qədər qdddarcasına təşkil edilir? Hansısa “Evrovision” müsabiqə iştirakçısının adını, düşdüyü rayonun sahəsini dəqiqliklə bilmədiyinə görə müəllimi kəsmək olarmı? Və yaxud da “sinfə fil girsə, nə edərsən?” , “maaş azdır, niyə müəllim işləmək istəyirsən?” sualına görə müəllimləri həvəsdən salmaq nəyə lazımdır? Olmaz axı belə...

Yekeqarın direktorların qorxulu sualları MİQ-in ən təhlükəli tərəfidir.

Bu maaşa həvəslə müəllim işləmək istəyənə yollar açın, hörmətli direktor və ekspertlər. Unutmayın ki, siz işə qəbul olanda bu cür müsahibələrdən keçməmişdiniz . Neçə illər saxta diplomla işləyənləri, müasir standartlara cavab verməyən müəllim və direktorları müsahibə edin. Görün, dünyadan xəbərləri var? İKT biliyi olmayan direktorlar, müəllimlər indi gənc kadrları sıxma-boğmaya salır. Olmaz belə… Müsahibənin sadələşdirilməsi təklifini irəli sürürəm. Qoyun, gənclər işlə təmin edilsin. Yekeqarın direktorların qorxulu sualları MİQ-in ən təhlükəli tərəfidi. Müsahibədə sual verilir ki, bayramlarda pul yığacaqsan? Adama deyən lazımdı ki, sənin kimi dövlətin sənədini - Attestatı şirinlik adıyla 20 manata satmıyacam ki! Şagirddən durub pul dilənəsi deyiləm! Yaxşı ki, bizim vaxtımızda müsahibədə belə ucuz suallar verilmədi. Yoxsa, bu peşəmə, yəqin ki, nifrət edərdim. Axı mən bu peşəni severək seçmişəm. İmkan yaradın işsiz gənclərə, mənasız suallarınızla müsahibədə mane olmayın. Əsas ixtisasını gözəl bilsin, əxlaqlı olsun. Müəllim peşəsi müqəddəsdir. Onsuz da içində bu peşəyə sevgisi olmayan özünə yer tapmır , aramızdan ayrılır. Vakant yerlərlə namizədlərin sayı arasında fərq çoxdur, qoyun, layiq olan qazansın. İmtahandan qorxmayan müəllimlər müsahibə üçün günlərlə stress yaşayırlar. Təklif edirəm ki, müsahibə sadələşdirilsin.

MİQ üçün imtahanlar heç olmazsa, böyük şəhər və rayonlarımızda da keçirilsin. Müəllim imtahana 6 saat yol gəlirsə, nə nəticə toplaya bilər? Bunun azyaşlı körpəsi olanı, hamiləsi, Bakıda qalmağa qohumu olmayanı var… Lütfən, bunları nəzərə alın. Gənc müəllimləri, həvəsləndirin. Fəaliyyətlərinə stimulverici təltiflər yaradın.

Mənim 4 illik iş təcrübəmin tamamında təəssüf ki, "İlin müəllimi" müsabiqəsi ləğv edildi. Həvəslə 5-ci ilimi gözləyirdim ki, namizedliyimi verim. Çox təəssüf, alınmadı. Ancaq Təhsil Nazirliyi olaraq, ildə bir dəfə gənc müəllimlərə stimullaşdırıcı təltiflərin verilməsini təklif edirəm. Təltif edilmədikdə, məncə, müəllimlərdə, həvəs olmur. Gənc müəllimləri qoruyun, gənclik bizimlədir, bizimdir. Bu şərəfli yolda bütün müəllim yoldaşlarıma uğurlar diləyirəm. Nə yaxşı ki, varıq, Allah bizi var eləsin. Bir dəfə şəkil gördüm, şagirdlər müəlliminə doğru həvəslə qacarkən lentə alınıb. İndi mənə elə vəzifə deyin ki, həqiqətən də bizim qeder sevilsin… Xəstə qaçırmı həkiminə tərəf? Dustaq qaçarmı vəkilinə sarı? Cəmiyyətdə müəllimləri qorumaq lazımdır. Müəllimlərin maddi və mənəvi çətinliklərinə yardım edilsə, cəmiyyətə daha gözəl şəxsiyyətlər yetişdirəcəyik. Çünki biz "Müəllim Andı" içmişik və buna sonacan əməl edəcəyik.