Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-31 16:43:00
Universitetlərdə geyim və intizamla bağlı heç bir məhdudiyyət olmamalıdır- Etiraz

 

 

“Şagirdlər də, tələbələr də təhsil müəssisəsinə istədikləri kimi gəlməməlidirlər”-Deputat

 

“Əgər bir tələbəyə geyim və başqa mövzularda həddindən artıq məsuliyyət yüklənirsə, o zaman universitet hərbi sistemdən nə ilə fərqlənər?”-Mütəxəssis

 

Məktəblərdə tətbiq ediləcək qayda və qadağalar ictimai müzakirəyə çıxarıldıqdan sonra bəzi universitetlərin də bu sənəddə nəzərdə tutulan geyim və xarici görünüşlə bağlı meyarlara uyğun şəkildə universitetə gəlmək üçün tələbələrə təlimat verdiyi bildirildi.

 

Həmçinin müxtəlif universitetlərdən olan tələbələr xarici görünüşlə bağlı qadağalara narazılıqlarını qeyd ediblər.

 

Bəs ali təhsildə xarici görünüş, geyimlə bağlı qaydaların tətbiqi nə dərəcədə arzuolunandır? Həmçinin belə olan halda bu qaydalar necə və nəyə əsasən tənzimlənməlidir?

 

Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında universitetlərdə geyim normalarının müəyyənləşdirilməli olduğunu söyləyib:

 

“Hesab edirəm ki, həm orta, həm də ali məktəblərdə təhsilalanların geyimi tənzimlənməlidir. Şagirdlər də, tələbələr də təhsil müəssisəsinə istədikləri kimi gəlməməlidirlər. Yəni qaydalar və etik çərçivə gözlənilməlidir. Bunun tənzimlənməsi üçün isə müəyyən əsasnamənin, təlimatın olması əhəmiyyətlidir. Şagirdlərə və tələbələrə bu mövzuda təlimat verilməlidir. Düşünürəm ki, burada heç bir problem yoxdur, məktəbin öz geyimi, forması olmalıdır. Həmçinin, universitetdə də geyim norması təyin edilməlidir, tam sərbəstlik olmamalıdır. Dünyanın heç bir yerində şagird və tələbə təhsil müəssisəsinə istədiyi geyimdə getmir. Məsələn, çox qısa və dar paltarda məktəbə, universitetə getmək doğru deyil. Müəyyən qaydalar müəyyən edilməlidir və əsasnamə ilə tənzimlənməlidir. Sabah hər hansı tələbəyə bununla bağlı irad bildirildikdə, onun universitetə girişinə məhdudiyyət qoyulduqda bu əsaslandırılmalıdır ki, əlavə müzakirəyə ehtiyac olmasın”.

 

UNEC-in “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının müdiri, ali təhsil üzrə mütəxəssis Xətai Alıyev AzEdu.az-a açıqlamasında mövzu ilə bağlı universitetlərdə məhdudiyyətlərin olmamasının daha məqsədəuyğun hesab etdiyini bildirib:

 

“Beynəlxalq təcrübəyə əsasən təhsildə, xüsusilə ali təhsildə ümumi etik qaydalar var. Onun xaricində digər məsələlərdə geyimlə bağlı azad qərar vermək, dərsdə iştirak edib-etməməklə bağlı və s. kimi məsələlərdə kifayət qədər sərbəstlik var. Hansısa universitetdə daxili qaydalar müəyyənləşə bilər, ammə müvafiq məqamın məcburi müəyyənləşdirilməsi kimi bir şey dünya təcrübəsində yoxdur. Bəs hansı olsa daha yaxşı olar? Biz universitetlərdə şəxsiyyət yetişdirir, onları real həyata hazırlayırıq. Bu real həyatda onlar şablonların içində olsun deyə yox, tam fərqli, müasir bir baxış, innovativ fikir irəli sürə bilsin deyə yetişdiririk. Bütün bunlar da insanları əhatələdiyimiz çərçivələrin nə qədər geniş olmasından asılıdır. Əgər bir tələbəyə geyim və başqa mövzularda həddindən artıq məsuliyyət yüklənirsə, o zaman hərbi sistemdən nə ilə fərqlənər? Bu baxımdan müəyyən bir sərhəd daxilində, mümkün çərçivədə heç bir məhdudiyyət olmamalıdır”.