Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-27 12:33:00
Siyavuş Novruzovdan gözlənilməz açıqlama: “AMEA bundan sonra elmimizə  töhfə verəcək”

 

“İnanıram ki, AMEA ilə bağlı dəyişikliklər, yeni prezidentin fəaliyyəti dövründə mövcud neqativ fikirlərə son qoyulacaq”.

 

Oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib. Yığıncaqda  qurumun yeni Nizamnaməsi də təqdim edilib.

 

Həmçinin Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, akademik İsa Həbibbəyli AMEA-nın yeni prezidenti seçilib.

 

Seçkilərin nəticəsi açıqlandıqdan sonra yeni prezidentin vəzifəsi,həmçinin ümumilikdə  qurumun gələcək fəaliyyətilə bağlı insanlarda müəyyən suallar yaranıb.

 

Bəs AMEA-nın gələcək aqibəti necə olacaq? Dəyişikliklər qurum haqqında mövcud neqativliklərə son qoyacaqmı?

 

Deputat Siyavuş Novruzov mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında qurumun yeni prezidentin fəaliyyətilə bağlı gözləntilərini qeyd edib:

 

“Hesab edirəm ki, AMEA-nın gələcəyilə bağlı müsbət addımlar atılacaq. Akademiyanın yeni rəhbəri bizim həmkarımız, İsa Həbibbəylini də təbrik edirik. O, uzun müddətdir elm sahəsində fəaliyyət göstərir, bu sahəni gözəl bilir, akademiya sisteminə bələddir. Əminəm ki, Azərbaycan elminin inkişafı üçün lazımı addımlar atılacaq”.

 

Deputat akademiyada lazımı strukturların  formalaşması ilə elmin inkişafına töhfə veriləcəyinə ümid etdiyini bildirib:

 

“Həmçinin, Prezident İlham Əliyevin AMEA-da struktur islahatları ilə bağlı Fərman imzaladı. Nəticədə qurumun tabeliyində olan bəzi institutlar  Elm və Təhsil Nazirliyinin, bəziləri isə Mədəniyyət Nazirliyinin tabeliyinə verildi. Düşünürəm ki, akademiyanın tabeliyində qalan müəssisə və institutlarda isə müəyyən islahatlar aparılmaqla gələcək elmi fəaliyyətdə uğurlu addımlar atmaq üçün lazımı strukturlar formalaşacaq. Bütün bunlar da  Azərbaycan elminin inkişafına öz töhfəsini verəcək”.

 

“İnanıram ki, AMEA ilə bağlı dəyişikliklər, yeni prezidentin fəaliyyəti dövründə mövcud neqativ fikirlərə son qoyulacaq. Çünki AMEA hər zaman Azərbaycan elminin inkişafı üçün çalışıb. Struktur dəyişikliyi və yeni təyinatların da bu amala xidmət edəcəyinə ümid edirəm”-deyə, o bildirib.