Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-24 14:51:00
Tarix dərsliklərinin qalmaqallı üz qabıqları-Ciddi nöqsanlar  

Son zamanlar dərsliklərdə olan səhvlər təhsil sahəsinin əsas problemlərindən biridir.

 

Dərsliklərdə əks olunan məlumatlar kimi, onun üz qabığı da vacib nüanslardan biridir. Belə ki, bəzi hallarda dərsliklərin üz qabığı ilə onun daxilində əks olunan məlumatlar vəhdət təşkil etmir.

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan tarixçilər müxtəlif fikirlər səsləndirərək tarix kitablarının üz qabığındakı problemi diqqətə çatdırıblar.

 

Təhsil Şurasının nümayəndəsi,  tanınmış pedaqoq  Arif Gürşadoğlu  qeyd edir ki, dərslik qabığı problemi olduqca vacib xarakter daşıyır:

 

”5-dən başlayaraq 11-ci sinifə kimi istər ümumi, istərsə də, Azərbaycan tarixi kitablarının üz qabıqlarında müxtəlif tarixi dövrlərdəki şəxsiyyət və vacib proseslər nəzərə alınmalıdır. Neçə il bundan öncə buraxılan tarix dərsliklərinin birində Ermənistan dövlət bayrağının rəngləri əks olunmuşdu. Təklif edərdim ki, müəlliflər qrupu bu məsələyə çox diqqət ayırsınlar, çünki həmin məlum kitabda bu rənglərin olmasının səbəbkarı müəlliflər deyil, nəşriyyatın özü olub. Lakin müəlliflər prosesə  nəzarət edərək lazım olan səhvləri aradan qaldırmağı bacarmalıdır. Onlar ən xırda detallara belə fikir verməlidirlər. Xüsusən də, aşağı siniflərin tarix dərsliklərində  44 Günlük Vətən Müharibəsi ilə bağlı məlumatların olması mütləqdir, çünki ibtidai sinifi bitirən uşaq  5-ə qədəm qoyduqda ilk olaraq kitabın üz şəklinə baxır. Onun qabığı cəlbedici olarsa, daxilində əks edilən məlumatlar da maraqlı gələcək. Eləcə  də, tarixi şəxsiyyətlərə də fikir verilməli və onlar  kitabların üz qabığında əksini tapmalıdır. Azərbaycan Respublikası Prezidentləri, Nadir Şah, Şah Abbas kitabların üz qabığında yer almalıdır. Şəkillər tarixi dövrləri əks etdirməlidir, qədim tarixlə bağlı olan kitabın üz qabığında müasir şəsiyyətlərin şəkillərinin verilməsi absurddur, çünki onlar barədə məlumatlar kitabın daxilində olunmur. Bu kimi nüanslar nəzərə alınsa, daha effektiv dərs vəsaiti ortaya çıxar. Kitabların içərisi ilə üz qabığı uyuşmalıdır”.

 

Tarixçi alim, uzun müddət Dövlət İmtahan Mərkəzinin tarix fənni üzrə ekspertlər şurasının sədri işləmiş Kərəm Məmmədov problemin artıq həll olunmağa doğru getdiyini qeyd edib:”Yeni dərsliklərdə bu kimi problemlərin qarşısı alınıb. Onların yalnız üz qabığı deyil, daxili mahiyyəti də dəyişib.

 

Mən dərslik müəllifiyəm, bir çox dərsliklərin yazılmasında iştirak etmişəm, bu il 7 və 10-cu siniflər üçün yazılan kitabların hazırlanmasında iştirak etdim. Bəzən dərsliklərlə bağlı elə gülməli iradlar edirlər ki, insan inana bilmir. 7-ci sinifdə  Alp Arslan və Məlik Şahın şəklini vermişik,  ekspertlərdən biri deyir ki,  nəyə görə onlar bir-birinə bənzəyir. Oğlun ataya bənzəməsi nə zamandan qeyri-adi hal olub? Çox yersiz iradlar bildirənlər olur. Dərsliklərin  bir nəfərin əlinin altından keçmir, onun hazırlanmasına müxtəlif qurumlar nəzarət edir. Elm və Təhsil Nazirliyi həmin kitabları monitorinq edir, həmçinin DİM-də prosesə nəzarəti həyata keçirir. Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində monitorinqlər həyata keçirir. Bir kitabın üzərində aylarla iş gedir. Bu prosesin içərisində olan insanlardan biri kimi deyə bilərəm ki,  heç bir əsaslı irad  cavabsız qalmır. Əsassız iddialar isə gülüş obyekti olaraq qalır, çünki mənasız fikirləri əks etdirir.

 

Üz qabığı daha çox rəssamın təxəyyülünün məhsulu olur. Sevindirici hal odur ki, valideyn və şagirdlər dərsliklər arasında olan fərqi bu il görəcəklər”.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları