Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-28 11:53:00
Tələbə bileti üçün ödəniş alına bilər?: "Bu qeyri-qanunidir”-ETİRAZ

 

Ötən həftə universitetlərdən birində tələbə vəsiqələrinin ödəniş qarşılığında təqdim edilməsilə bağlı məsələ gündəmə gəldi.

Daha sonra isə əvvəlki illərin məzunları, həmçinin hazırda müxtəlif universitetlərdə tələbə olanlar arasında da mövzu ilə bağlı narazılıqlar səsləndirildi,eyni halın yaşandığı bildirildi.

 

Bəs tələbə vəsiqəsinin ödənişlə verilməsi nə dərəcədə doğrudur?

 

Bakı  Mühəndislik  Universitetinin  Elmi  işlər  üzrə prorektoru, ali təhsil üzrə mütəxəssis Elçin  Süleymanov mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında bunun qeyri-qanuni olduğunu bildirib:

 

“Təbii ki, tələbə vəsiqəsinin hazırlanması müəyyən xərc tələb edir. Universitet istəyirsə, xərci təhsil haqqından qarşılaya bilər. 21-ci əsrdə tələbədən fərqli metodlarla ödənişin alınması qeyri-qanunidir və etik deyil. Həmçinin müasir dövrün təhsil sisteminə qətiyyən yaraşmır. Son illərdə universitetlərimizin əksəriyyətində tələbə vəsiqələrilə bağlı layihə həyata keçirilir. Belə ki, tələbələr vəsiqədən həm də təqaüd kartı kimi yararlana bilirlər. Əksər universitetlərdə bu istiqamətdə problemlər aradan qaldırılıb. Çünki bu layihə həm bank, həm də universitet üçün müsbət addımdır”.

 

Mütəxəssis tələbədən hansı halda ödəniş tələb ediləcəyilə bağlı məsələyə aydınlıq gətirib:

 

“Tələbə vəsiqəsi universitet üçün ciddi bir yük olmamalıdır. Əgər olarsa,xərci rəsmi şəkildə təhsil haqqına daxil edib, bu vasitə ilə qiymətləndirilməsi aparılmalıdır. Məsələn, tələbə ona təqdim edilən vəsiqəni, kartı itirirsə, bu zaman əvvəlcədən müəyyənləşdirilən vahid məbləğdə ödəniş alına bilər. Bu artıq anlaşılandır. Amma universitet ilk olaraq tələbə kartını ödənişsiz şəkildə tədim etməlidir. Qeyd etdiyim kimi tələbə əgər kartı itirbsə, yaxud istifadəyə yararsız hala salıbsa, bu zaman ödəniş qarşılığında yenilənmə normaldır. Çünki yeniləmə üçün müəyyən qədər xərc çəkilir”.

 

Prorektor məsələ ilə bağlı dünya təcrübəsindən nümunə gətirərək, bəzi ölkələrdə tələbələr üçün vəsiqələr vasitəsilə yaradılan imkanlardan söz açıb:

 

“Məsələn, beynəlxalq təcrübədə də belədir. Tələbə kartı xərcləri təhsil haqqından qarşılanır və tələbədən əlavə ödəniş alınmır. Hətta inkişaf etmiş ölkələrdə təhsil alan tələbələr bu kartlar vasitəsilə ictimai nəqliyyatda, kitabxanalarda, yeməkxanalarda və s. bir çox endirimlərdən yararlana bilirlər. Bu səbəblə tələbələr bu karta sahib olmaqda həvəslidirlər. Digər ölkələrdə də tələbə kartı itirdiyi, yaxud istifadəyə yararsız hala saldığı zaman müəyyən məbləğdə cəza tətbiq olunur ki, bu da normaldır. Burada maliyyə ilə yanaşı inzibati məsələlər də var. İtmiş kartın başqası təərfindən istifadə olunması və s. kimi neqativ hallar yaşana bilər. Nəticədə kart sahibi olan tələbəyə hüquqi baxımdan çətinlik yarada bilər. Bu səbəblə itirlən karta görə müəyyən cəza tətbiqi normaldır.Nümunə olaraq kitabxanalarda da götürülən kitablkar geri qaytarılmadıqda, itirildikdə, müəyyən məbləğdə cərimə tətbiq edilir. Bu cərimə ilə də yeni kitab alınır. Buna bənzər bir metodun tələbə kartına tətbiqi normaldır, amma ikinci dəfə təqdim ediləndə”.

 

“Artıq əksər universitetlərimizdə bank kartı ilə tələbə vəsiqəsi vahid şəkildə hazırlandığı üçün universitet çox xərc çəkmir, müvafiq bankla birlikdə hazırlıq həyata keçirilir. Bu səbəblə ilk dəfədən kartı təqdim edən zaman ödənişin tələb edilməsi doğru deyil, qeyri-qanunidir”-deyə, mütəxəssis bildirib.