Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-20 14:42:00
Diplom və attestatını itirənlər nə etməlidirlər?-DİQQƏT  

Təhsilin bütün pillələri üzrə məzunlar təhsil haqqında dövlət sənədlərini itirən zaman nə etməli olduqları ilə bağlı çaşqınlıq yaşayırlar.

 

Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrinin, orta ixtisas və peşə təhsili, həmçinin ümumitəhsil və tam orta təhsil müəssisələrinin məzunu olan, diplom və attestatını itirən şəxslər bununla bağlı bir sıra çətinliklər çəkirlər.

 

Bəs təhsil haqqında sənədi itirən zaman nə etmək lazımdır?

 

AzEdu.az təhsilin bütün səviyyələri üzrə diplom və attestatını itirən məzunların hansı addımları atmalı olduqları ilə bağlı məlumatları təqdim edir.

 

Diplomu itirmiş şəxslərə diplomun və ona əlavənin dublikatının verilməsi eyni məlumatlar üzrə ayrıca qeydiyyat kitabında aparılır.

 

Diplomu və onun əlavəsini itirən şəxs ərizə ilə ali təhsil müəssisəsinin rəhbərinə, AMEA olan halda isə müvafiq olaraq AMEA-nın prezidentinə müraciət etməlidir. Əsas (baza ali) tibb təhsili və rezidentura, orta ixtisas təhsili, peşə təhsili müəsissəsinin də diplomlarını, ona əlavəni və sertifikatı itirən şəxslər də ərizə ilə müəssisənin rəhbərlərinə müraciət etməlidirlər.

 

Ümumilikdə isə qeyd edilən səviyyələr üzər proses eynidir.

 

Ərizəyə sənədin axtarışda olması barədə məlumat və “Azərbaycan müəllimi” qəzetində verilən elan əlavə olunur. Elanda şəxsin soyadı, adı, atasının adı, diplomun və onun əlavəsinin adı, seriyası və nömrəsi, onu verən ali təhsil müəssisəsinin adı, AMEA və diplomun,əlavənin, sertifikatın verilmə tarixi göstərilir. 

 

Təhsil müəssisəsi, AMEA həmin ərizəyə əsasən 15 gün müddətində diplomun və onun əlavəsinin dublikatını verir.

 

Təhsil müəssisələrində və AMEA-da diplomun və onun əlavəsinin, sertifikatın dublikatı arxiv sənədləri (əmr, dövlət imtahan komissiyasının protokolu, təhsil sənədlərinin verilməsinin qeydiyyat kitabı) əsasında verilir.

 

Dublikat kimi verilən diplomun və onun əlavəsinin sağ səhifəsinin yuxarı küncündə “Dublikat” ştampı vurulur.

 

İtirilmiş diplomun və onun əlavəsinin əvəzinə arayış verilməsi qadağandır.

 

Ümumi orta təhsil haqqında attestatı və tam orta təhsil haqqında attestatı itirən şəxs ərizə ilə ümumi təhsil müəssisəsinin direktoruna müraciət etməlidir. Qalan proses onlar üçün də eynidir.

 

Qeyd edək ki, itirilən təhsil sənədinin və ya onların dublikatlarının hazırlanmasına və verilməsinə görə heç bir ödəniş tələb edilə bilməz.