Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-06 15:30:00
İnternetdən anlayışı olmayan valideynlərdən uşaqlarına zərbə - "Onları icbari təhsildən yayındırırlar"

“Valideyn Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi saytının poçt kodunu axtarıb tapına və orada ərazisinə uygun gələn məktəbi müəyyənləşdirib seçənə qədər, qeydiyyatın müddətini sovuşdurar və övladını təhsildən kənar qoyar. Dünya təcrübəsində elektron xidmətlərdən istifadənin əhatə dairəsinin genişlənməsi cəmiyyət üzvləri arasında uçurum yaratmaq demək deyil”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə ekspert Nadir İsrafilov deyib. Onun sözlərinə görə, təhsil sistemimizdə vətəndaşlarla internet üzərindən təmas qurmağa meyllənmişik:

“Elmi-texniki tərəqqi dövründə yaşayırıq, yüksək texologiyaların inkişafı virtual asılılıq yaradıb. Yəqin ki, bu da səbəbsiz deyil. Son zamanlar cəmiyyətdə reallığı əks etdirməli olan canlı ünsiyyətdən daha çox verbal, vizual, virtual ünsiyyətə üstünlük verilməsi təhsilimizə də sirayət edib. Sinoptiklərin təbirincə desək, orta norma həddindən bir qədər də artıq səviyyədə. Deyəsən, “elektron hökumət” anlayışını da hərfi mənada başa düşmüşük. Vətəndaşlarımızla internetin başı üzərindən təmas qurmağa meyllənmişik, saytlar və “facebook” kimi sosial şəbəkələrə üstünlük verməyə başlamışıq. Sualları elektron poçt vasitəsi ilə cavablandırırıq, valideynlərlə SMS vasitəsi ilə əlaqə saxlayırıq, Elektron dərsliklər yaradırıq, kitabları planşetlərlə əvəzləyirik. İmtahanları kompüter vasitəsi ilə götürüb, tələbələrin problemini sosial şəbəkələrdə həll edirik. Bəzi rektorlarımız tələbələri, valideynləri və digər şəxsləri maraqlandıran suallara “Facebook”dakı rəsmi səhifələrində cavab vermək yolunu seçiblər”.

“Virtual ünsiyyət, canlı ünsiyyəti cansız ünsiyyətlə əvəzləməklə, vətəndaşların problemini pərdəarxası həll etmək vasitəsi deyil”.

N.İsrafilov qeyd edir ki, qərar qəbul etməzdən əvvəl fikirləşmək lazım idi ki, birdən internet anlayışı olmayan və ya elektron sistemdən istifadə etməyi bacarmayan valideynlə uşaqları qeydiyyatdan keçirməyib, icbari təhsildən yayındırarlar:

“Orta məktəbə qəbulla bağlı qaydalarda yeni dəyişikliklər ediləcəyi, xüsusi elektron sistemin yaradılacağı, müsabiqə elan olunacağı, birinci sinfə gedəcək uşaqların o sistemdə qabaqcadan qeydiyyatdan keçməsi, qeydiyyatdan keçməyənlərin birinci sinfə qəbul olunmayacağı barədə bir vaxtlar gəzən söhbətlər artıq reallığa çevrilib. Bir sıra məktəb rəhbərlərinin zamanı qabaqlayaraq bəri başdan məktəbə hazırlıq qruplarına cəlb olunmayanların məktəbə qəbul olunmasına sədd yaratması barədə də faktlar var. O zaman heç fikirləşməmişdik ki, birdən internet anlayışı olmayan və ya elektron sistemdən istifadə etməyi bacarmayan valideynlərimiz olar və uşaqlarını qeydiyyatdan keçirməyib, icbari təhsildən yayındırar. Kimsə, Təhsil Nazirliyinin və Təhsil İdarəsinin rəsmi saytının poçt kodunu axtarıb tapınca və orada ərazisinə uygun gələn məktəbi müəyyənləşdirib seçincə, qeydiyyatın müddətini sovuşdurar və övladını təhsildən kənar qoyar. Dünya təcrübəsində elektron xidmətlərdən istifadənin əhatə dairəsinin genişlənməsi cəmiyyət üzvləri arasında uçurum yaratmaq demək deyil. Valideyni, tələbəni, şagirdi narahat edən məsələlərin virtual vasitələrlə həll edilməsi bu kateqoriyalar arasında çəpər çəkmək, sərhəd qoymaq, soyuqluq yaratmaq , kimlərisə kimlər üçün əlcatmaz etmək demək deyil. Virtual ünsiyyət canlı ünsiyyəti cansız ünsiyyətlə əvəzləməklə, vətəndaşların problemini pərdəarxası həll etmək vasitəsi də deyil. Bu, onların məlumatlandırılmasında, maarifləndirilməsində mobilliyi təmin etmək vasitəsidir.

Ekspert qeyd edir ki, valideyn, tələbə və müəllim də, təhsil prosesinin bərabər hüquqlu subyektləridir və onlarla canlı ünsiyyətdən qaçmaq, yeni texnologiya dilində danışmaq müasirlik demək deyil:

“Bu, elementar etik normalara belə sayqısızlıq göstərmək deməkdir. Baxmayaraq ki, I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə təşkilinə dair ayrıca mətbuat konfransı keçirilib, Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq struktur bölmə rəhbərlərinə I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi və tətbiq olunan yeniliklərlə bağlı ətraflı məlumat verilib. Üstəlik, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda, Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi şəbəkəsi bir qədər də genişləndirilib, ümumtəhsil müəssisələrində I sinfə elektron ərizələrin qeydiyyatı və sənəd qəbulunun təşkili barədə Təhsil Nazirliyi və BŞTİ tərəfindən müvafiq əmrlər verilib, 2018-2019-cu dərs ili üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində I sinfə şagird qəbulunun aparılması Qaydaları təsdiq olunub, bununla belə məktəblərə qəbulla bağlı “siniflərdə yer yoxdur”, “bütün yerlər dolub”, “sistem qəbul etmir” kimi iddialara qarşı narazılıq və şikayətlər hələ də az deyil. Hələ də sistemə istinad edənlərin “sistemdənkənar” məktəbə onlarla uşaq qəbul etmələri faktları var”.

“Dərdini söyləmək üçün valideynin Təhsil Nazirli və Təhsil idarəsinə üz tutması isə onun qapılarda qalması ilə nəticələnir”.

Ekspertin sözlərinə görə, bu, yüzlərlə, minlərlə 6 yaşlının təhsildən kənar qalması, ümumi orta icbari təhsil haqqında Konstitusiya tələbinin pozulması deməkdir.

“Mövcud qaydalara əsasən, məktəblərə şagird qəbulu ərazi prinsipləri əsasında həyata keçirilir. Ərazi üzrə məktəbdən isə boş yerin olmaması əsas gətirilərək valideynə rədd cavabı verilir. Buna görə də elektron xidmət öz xidmətində, Təhsil Nazirliyi və onun əlaqədar strukturları, xüsusilə məktəbə qəbul ərəfəsində son zamanlar deyildiyi kimi gücləndirilmiş iş reimində işləməli, valideynlərin ərizə və şikayətlərinə aydınlıq gətirməlidirlər. Elektron xidmət heç kəsə əsas vermir ki, canlı xidmətdən imtina etsin”.