Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-06 14:50:00
“Lütfi Zadənin sayəsində məni Kral Akademiyasına üzv seçdilər” – Məşhur professor  

“Mənim üçün bu barədə danışmaq  çox çətindir. Zadənin ölümü heç hiss olunmur. Çünki onun qoyduğu nəzəriyyə həmişə yaşayır və həmişə dünya elminin inkişafında öz faydalarını verəcək”.

Bu sözləri AzEdu.az-a açıqlamasında AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov deyib. O, bu gün vəfatından bir il ötən Lütfi Zadə elmi haqqında öz fikirlərini bölüşüb:

“Lütfi Zadə elmi ömründə ölə bilməz! O, həmişə yaşayıb, bizə Lütfi Zadəni xatırladacaq.

Mən bu yaxınlarda  Varşavada Lütfi Zadənin nəzəriyyəsinə həsr olunan konfransda iştirak etdim. Orada bütün dünya alimləri çıxış edib fikirlərini dedilər. Aydın olur ki, hamısı nəzəriyyə əsasında yeni işlərini davam etdirdilər. Lütfi Zadə nəzəriyyəsi həmişə yaşayacaq”.

Lütfi  Zadə ilə görüşünü xatırlayan professor alimin onun həyatında böyük rol oynadığını deyib:

“Lütfi Zadə şəxsən mənim həyatımda böyük rol oynayıb. Onunla tanışlığım 2006-cı ilə tədsadüf edir. Böyük alimlə İspaniyada konfransda görüşdük. Mən elmi məruzə etmişdim. Onun fikirlərini bilmək istədim. Dedi ki, qeyri-səlis iqtisadiyyat İspaniyada çox inkişaf edib. Yaxşı olardı ki, sən İspaniyada olan alimlərlə birgə işləyəsən. Mən isə onların heç birini tanımırdım. Dedi ki, mən onlarla əlaqə saxlayıb,  səninlə görüşlərini təşkil edəcəyəm. Belə də oldu. Konfransdan qayıdandan sonra İspaniya qeyri–səlis iqtisadiyyat elminin banilərindən biri olan Aqupe ilə görüşümüz oldu. Onunla indiyədək birgə çalışıram.

5-6 ildən sonra məni İspaniya Kral Akademiyasına üzv seçdilər. Bunun əsas rolunu Lütfi Zadədə görürəm. Yəni, Avropa, dünya elminə addımlarımda Lütfi Zadənin zəhməti böyükdür. Mən onun xidmətlərini heç vaxt yaddan çıxara bilmərəm. Çünki mənim elmi fəaliyyətimdə bu şəxsiyyətin çox mühüm yeri var.

Mən Varaşadan yeni qayıtmışam. Bugünlərdə mütləq onun məzarını ziyarətə gedəcəm”.

Qeyd edək ki, bu gün dünyaşöhrətli azərbaycanəsilli alim Lütfi Zadənin  ölümünün ildönümüdür. O, ötən ilin bu günü 96 yaşında ABŞ-da vəfat edib. Öz vəsiyyətinə əsasən, cənazəsi  Bakıya gətirilərək, burada dəfn edilib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları