Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-18 12:44:00
Sertifikasiyanın fənlər üzrə keçirilmə ardıcıllığı necə müəyyən olunmalıdır?- Nələrə diqqət ediləcək?

 

İbtidai sinif müəllimlərinin sertifikatlaşdırılması prosesi müəyyən ərazilər üzrə artıq başa çatıb.

 

Digər fənn müəllimlərinin nə zaman prosesə cəlb ediləcəyilə bağlı isə dəqiq məlumat verilməyib.

 

Bəs sertifikasiya prosesi hansı sıralama üzrə davam etdirilməlidir? Fənn ardıcıllığı hansı meyarlara əsasən müəyyən olunmalıdır?

 

Tanınmış pedaqoq, ADPU-nun dosenti  İlham Əhmədov AzEdu.az-a açıqlamasında bu prosesin keçirilməsinə ümumiyyətlə ehtiyac qalmaması üçün savadlı kadrların işə qəbuluna diqqət edilməsinin vacibliyini vurğulayıb:

 

“Sıralamanın hansı şəkildə müəyyən edilməsi o qədər də vacib deyil. Burada əsas məsələ sertifikasiya prosesinin nə dərəcədə lazım olması haqqında düşünməkdir. Ən vacibi isə yeni məzun olub, pedaqoji fəaliyyətə başlayan müəllimlərin hamısının savadlı kadr olmasına çalışmaqdır. Məktəbə yeni gələn müəllimlər keyfiyyətli təhsilə və tədris bacarığına sahib olarsa, sertifikasiya kimi məsələlərə ehtiyac qalmaz. Təbii ki, buna da zaman lazımdır. Həmin zamana kimi isə hər fənn üzrə bir dəfə sertifikatlaşdırma prosesini keçirmək mümkün olar. Amma təhsildə köklü islahatların olması, problemlərin həlli istiqamətində atılan addımların faydalı nəticə verməsi üçün vacibdir”.

 

No description available.

 

Pedaqoq sertifikasiyada ardıcıllığın fənn müəllimlərinin sayını nəzərə alaraq müəyyən edilə biləcəyini söyləyib:

 

“Fənn müəllimlərinin hansı ardıcıllıqla sertifikasiyadan keçirilməsi o qədər də mühüm deyil. Əgər müəyyən sıralama hazırlanırsa, burada fənn müəllimlərinin sayı nəzərə alınmalıdır. Məsələn, hansı fənn üzrə müəllim sayı daha çoxdursa, ilk onlara yer verilə bilər. Müəllim çoxluğu isə ibtidi sinifdən sonra, əsasən, Azərbaycan dili və ədəbiyyat, Riyaziyyat fənləri üzrədir”.

 

Professor, əməkdar elm xadimi  Fərrux Rüstəmov AzEdu.az-a açıqlamasında ardıcıllığın istənilən şəkildə müəyyən edilə biləcəyini qeyd edib:

 

“İbtidai sinfin ilk sırada olması anlaşılandır. Çünki Azərbaycan təhsilində islahatlar başlayanda ibtidai sinfə öncəlik verilir. Məsələn, 2006-cı ildə kurikulum təsdiqləndi, 2008-ci ildən isə birinci siniflərdə tətbiq edilməyə başladı. Bu səbəblə sertifikasiya prosesinin ilk mərhələsinin ibtidai siniflərdən başlamasının qanunauyğunluğu var idi. Amma sonrakı mərhələyə hansı fənn üzrə başlanacağının  fərqi yoxdur, burada isə heç bir qanunauyğunluq mövcud deyil. Tarix, Riyaziyyat, yaxud istənilən fənn üzrə proses davam etdirilə bilər. Əsas odur nəticəsi ürəkaçan olsun”.

 

Bəzi müəllimlərin savadı öz şagirdlərindən aşağıdır” - Fərrux Rüstəmov -  AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

 

Professor ardıcıllığın müəyyən edilməsi zamanı dərs saatları və müəllim sayı kimi amillərə diqqət edilə biləcəyini söyləyib:

 

“Əgər fənn müəllimlərinin sayının nəzərə alınması qeyd edilirsə, o zaman Azərbaycan dili və ədəbiyyat, həmçinin riyaziyyat fənnini tədris edən müəllimlərə öncəlik verilə bilər. 5-11-ci siniflər arasında tədris yükünə nəzər salsaq, görərik ki, saat hesabına görə də bu fənnlər öndə gəlir. Daha sonra isə tarix, coğrafiya, Kimya, biologiya fənləri gəlməlidir. Sonda isə təsviri incəsənət, fiziki tərbiyə,musiqi kimi dərs saatı az olan fənn müəllimləri sertifikasiyaya cəlb edilə bilərlər”.

 

Qeyd edək ki, ibtidai sinif üzrə keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesi sentyabrda başa çatıb və nəticələri elan edilib.