Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-06 13:50:00
Kitab sevgisindən biznesə - kitabçı Xan Rəsuloğlu

"Kitabın kitabı bağlanıb artıq"- Bu sözlərin müəllifi Sumqayıt və Bakıda yaxşı tanınan kitabçı Xan Rəsuloğludur.

Onunla Chai-Khana və BBC Azərbaycanca üçün Ləman Səfərli söhbət edib.

Xan artıq 20 ildir ki kitabçı kimi çalışır. Hal- hazırda Sumqayıt və Bakıda kiçik kitab dükanları var.

Uşaqlıqdan kitablara marağı olan Xan, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib, ancaq gənclik dövrü 90-cı illərin xaosuna düşdüyü üçün təhsilini davam etdirməyib, kitabçı olub.

"İtirilmiş nəsil"

Xan RəsuloğluFotonun müəllifiCHAİ-KHANA

"Mən kitabları uşaqlıqdan sevmişəm. Hətta o vaxtlar babam mənə cib xərcliyi verəndə, hamı qaçıb dondurma filan alardı, amma mən o pulu kitab almaq üçün xərcləyirdim.

"Ən azı 4 kitabxnaya üzv idim. Onlar da sağ olsun həmişə çantam dolusu kitab verirdilər, növbəti dəfə gələndə mənə o kitablardan suallar verib yoxlayırdılar…

"Kitabçı olmağım isə əslində tamamilə iqtisadi vəziyyətimə görə olub. Yoxsa özümü dövlət işlərində görürdüm, hətta bu istiqamətdə də çalışmışam vaxtında.

"Sadəcə gəlib çevriliş dövrünə çıxdıq, hamı işsiz, qayğıdan kənarda qaldı unudulduq. Adətən bizə "itirilmiş nəsil" də deyirlər," Xan deyir.

Kitab dükanıFotonun müəllifiCHAİ-KHANA
Kitab dükanıFotonun müəllifiCHAİ-KHANA

1990-cı ildə o, Bakı Dövlət Universitetinin filologiyasını əla qiymətlərlə bitirib və onu Elmlər Akademiyasında aspiranturaya dəvət ediblər.

Hərşey hazır idi. Üzərində işləyəcəyi mövzunu da müəyyənləşdirməsinə baxmayaraq, 90-cı illərdəki vəziyyət elə gətirdi ki, təhsilini davam etdirməkdən imtina edərək bizneslə mışğul olmağa başladı.

"Çünki gələcək üçün nəsə etmək lazım idi. Əvvəlvə ticarətlə məşğul olmağa başladım, kostyum satırdım.

"Daha sonra satdığım kostyumların yanına öz kitabxanamdan kitabları qoyub satmağa başladım və gördüm ki, insanların kitaba marağı daha çoxdur.

"Beləliklə insanlar da əllərində olan kitabları gətirdilər və bir növ kitab dövriyyəsi etməyə başladım. Azərbaycandakı kitab boşluğunu görürdüm," kitabçı deyir.

Kitab dükanıFotonun müəllifiCHAİ-KHANA

Əlbəttə ki, Xanın kitabçılığa başlaması təsadüfi olmayıb, onun ədəbiyyata və kitablara olan sevgisindən irəli gəlirdi.

Əsl peşəsi filoloq olan Xan, 11 kitabın müəllifidir. "Bir kitabçı kitabçıdan əvvəl kitab oxuyan, kitab sevən olmalıdır. Kitabı tanımalısan ki, təqdim etməyi də bacarasan.

"Bilmədiyin kitabı necə məsləhət görə bilərsən axı? Oxucu ilə dialoqa girəndə kitab haqqında ümumu məlumat kifayət etmir.

"Oxumuş olanda daha yaxşı izah edə bilirsən, onun da nə istədiyini anlayırsan."- deyən Xan Kitabçılığa yeni başlayanda başına gələn bir hadisəni danışır:

"Həmin dövrdə böyük bir kitab mağazasının müdiri bir kamaz kitabı yandırmışdı, bir o qədərini də yandırmaq üçün hazırlaşırdı.

"Gəlib mənə dedi ki, bəs bir kamaz kitabım var neçəyə ala bilərsən? Bir kamazını çölün düzünə töküb yandırmışam, qalıb biri.

"Ona kitabları hamsını gətirməsini dedim və bilərəkdən o qədər kitaba çox az pul verdim, dəqiq xatırlamıram, 100-150 dollar.

"O isə az pul verdiyim üçün mənə etiraz etməyə başladı. Dedim ki, sən əməlli faşist imişsən, hələ şükür elə ki mən səni "kitabları yandırdım" deyəndə döyməmişəm".

"Kitabın kitabı bağlanıb"

Kitab dükanıFotonun müəllifiCHAİ-KHANA

Onun sözlərinə görə başladığı vaxtda kitabçılıqda vəziyyət daha yaxşı idi, indi isə günü- gündən pisləşir.

"90-ci illərdə və sonra kitab biznesi yaxşı idi, qarışıq dövr idi, pul dəyərdən düşmüşdü. Təsəvvür edin sovetin vaxtında tapılmayan kitabları su qiymətinə gətirib mənə verirdilər.

"Beləcə kitabları alırdım, dəyişirdim, artıq insanlar da məni tanımağa, evlərində olan kitablarını gətirməyə başlayırdı.

"Amma indi hər yerdə kitab satılır. O vaxt bu bazar da tənzimlənməmişdi, böyük bir boşluq var idi, mən də bu işin bilicisi kimi uğur qazandım. Amma indi ölkədə iqtisadi vəziyyət də yaxşı deyil. Kitabın kitabı bağlanıb.

"Artıq kompüter əsridir, hər kəs kitabı telefon, planşet, kompüter vasitəsilə oxuyur. Ancaq bilirsiniz, elektron kitab oxumaq virtual sevişməyə bənzəyir. Fikrimcə kitabı oxuyanda birbaşa təmasda olmalısan, üzərində işləməlisən".

Kitab dükanıFotonun müəllifiCHAİ-KHANA

Xan vəziyyətinin çətinliyinə görə bir neçə dəfə bu işdən əl çəkməyə qərar versə də, alınmayıb.

"Bir ara işlərim yaxşı getmirdi, Nazim adlı bir dostum var idi, onunla danışanda dükanı bağlayacam dedim.

"O isə mənə belə cavab verdi: "Sənin bu dükanı bağlamağa ixtiyarın yoxdur, o təkcə sənin deyil, hamınındır, bütün Sumqayıtındır" Bu sözlər mənə təsir etdi və davam etmək qərarına gəldim.

"Bu yer mənə əvəzedilməz şeylər verib: maraqlı kitablar, mənimlə eyni düşüncədə olan gözəl insanlar. Ona görə bura mənə çox əzizdir.

"Həm də mən kitablarla xoşbəxt oluram, onlardan yorulmuram. Onlar mənim ən sadiq dostlarımdır. Mənim kimi kitabçı olmaq gəlir gətirmir, ancaq bu işdən həzz alıram".

Xanın kitab mağazasında diqqət çəkən əsas şey ikinci əl kitabların, dərslik və abituriyentlər üçün vəsaitlərin üstünlük təşkil etməsidir.

Kitab dükanıFotonun müəllifiCHAİ-KHANA

O, mağazada olan kitabları satmaqla yanaşı, onları oxuculara kirayə verir, yaxud da başqa kitablarla dəyişir.

"Daha çox ikinci əl kitabları alıb satıram, amma təzə kitablar da satıram. Bir əsrdə o qədər əlifba dəyişikliyi olub ki, yeni nəsillər gözləri alışmayıb deyə özlərindən əvvəlki əlifbanı oxuya bilmirlər.

"Bu da onları həvəsdən salır, ancaq kiril əlifbasında olan o qədər gözəl əsərlər var ki, mən istəyirəm oxucularım oxusun. Buna görə də köhnə əlifbada olan yaxş əsərləri özüm nəşriyyatlara verirəm ki, hazırki əlifba ilə yenidən nəşr etsinlər.

"Bu vaxta qədər 200-ə yaxın kitabı seçib vermişəm, çoxu nəşr edilib".

Bu kitabçıya gələn hər alıcı bilir ki, burdan əliboş getmədi, müəyyən mənada qazanclı oldu: həm qiymət, həm də axtardığını tapmaq sarıdan.

"Mənim dükanımın xüsusiliyi də elə bundadır: başqalarında olmayan kitablar burda tapıla bilir, özü də daha münasib qiymətə.

"Görürsən ki, bir cavan uşaqdır, gəlib deyir ki, filan kitabı axtarıram, oxumaq istəyirəm. Mənim heç vaxt oxucuların ciblərinə girmək niyyətim olmayıb, buna görə də ilk növbədə onlara məktəblərindəki, yaxud yaxınlıqda yerləşən kitabxanalara üzv olub orda axtarmağı məsləhət görürəm. Orda tapmadığı halda mənə müraciət etməsini.

"Bura gəlib gedən oxucuların əksəri razı qalır, çox xeyir dualar eşidirəm. Təhsil sisteminin bərbad olmasına görə hər il eyni dərs vəsaitləri yenidən nəşr olunur, özü də baha qiymətə.

"Bəlkə elə kimsə mənim onlara satdığım ikinci əl vəsaitlər vasitəsilə uğurlu ola biləcək?" Xan deyir.

Kitabxanalara, kitabçılığa dəstək

Kitab dükanıFotonun müəllifiCHAİ-KHANA

Kitabçı öz kitabxanasını qurmağa çalışan şəxslərə də kömək etməyə çalışır. Sonuncu dəfə bir hərbi hissə üçün kitabxana yaradılmasına kömək edib, mütəmadi olaraq onlara kitab göndərir.

Bu, artıq 8-ci belə kitabxanadır ki qurulmasında kömək edir, bundan əvvəl də Sumqayıt psixiatriya xəstəxanası üçün bir kitabxana yaradılmasında köməklik göstərib.

"Mən çox istəyərdim ki bu cür kitabxanaların yaradılması sistemli şəkildə olsun. Vahid təşkilatçı olsa əslində bütün Azərbaycan kömək edər bu tip yerlərin kitabla təmin olunmasında.

"Azərbaycandakı bütün xəstəxanalar, uşaqlar və qocalaq evləri, həbsxana və digər yerləri kitabla təmin etmək olar.

"Təbii ki bunun üçün oraların rəhbərlikləri ilə razılaşmaq lazımdı. Onlardan tələb olunan yeganə şey kitablar üçün rəflər düzəltməkdir, vəssalam."

Kitab dükanıFotonun müəllifiCHAİ-KHANA

Xan yaxın gələcəkdə kitabçılar şəbəkəsi yaratmaq istəyir, ancaq hal-hazırda vəziyyətinin ürəkaçan olmadığını deyir.

"Kitab işinin gələcəyi insanların vəziyyətindən asılıdı. Mən illərdir çalışıram, ancaq hələ də öz evim yoxdur.

"Daha doğrusu var idi, amma tikdim sökdülər, tikdim sökdülər. Şikayət etmək istəmirəm, o qədər çoxdur ki...

"Hələ kitab mağazamın birini də bağladılar. gəlib həmişə cərimə edirlər. Qazancım olsun ki, ödəyim də vaxtı-vaxtında.

"Nəsə etməyə çalışan kimi bütün qurumlar adamın başına toplaşır, filan şeyə görə pul ödəyin deyə.

"Azad olmaq olmur, bir iş ortaya çıxarırsan, dövlət orqanları dəstək olmaq əvəzinə gəlib N qədər tələb qoyur. Ona görə də bundan sonra nə olacaq, necə olacaq heç bilmirəm".

Kitab dükanıFotonun müəllifiCHAİ-KHANA

Xan istəyir ki, başqalarına da kitabçılığın sirlərini öyrətsin, onlar da onun kimi kitab dövriyyəsi ilə məşğul olsunlar.

"Çünki mən bütün Azərbaycanı əhatə edə bilmərəm axı. Əslində artıq bir neçə "şagirdim" də var.

"Hal hazırda Azərbaycandakı evlər kitab dəryası kimi görünür mənə. Gözləmədiyiniz evlərdən elə kitablar tapılır ki. Biz onları vaxtında yığmasaq çoxu bir müddət sonra o cür dəyərli kitabları atacaq.

"Onları yenidən insanlara çatdırmaq lazımdır və bu da mənim işimdi.

"Gələcəkdə biraz kənara çəkilib aktivliyi gənclərə vermək istəyərdim. Böyük şəhərlərdə bu tip kitabçılar yarada bilsək daha sonra bölgələrə keçərik, beləliklə hər kəs kitab oxuya bilər".

Kitab dükanıFotonun müəllifiCHAİ-KHANA