Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-06 12:50:00
Azərbaycanlı prorektoru təəccübləndirən ABŞ universitetləri – “Burada Nobel mükafatı alanı da müsabiqədən kəsirlər”  

“Bizdə müəllim universitetdə işə düzəlir və təqaüdə çıxana qədər orada çalışır. ABŞ-da isə 3-5 il ərzində bütün müəllimlərlə müqaviləyə yenidən baxılır. Çap olunduğu nəşrlər, reytinq göstəricisi, tələbələlərin verdiyi qiymət bu zaman  nəzərə alınır. Bəzən hətta Nobel mükafatı alan, çox məşhur adam belə həmin müsabiqədən keçməyə bilir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov ABŞ-a 2 aylıq elmi ezamiyyətindən danışarkən deyib. O,  bu müddət ərzində College Park, Vaşinqton və New Yorkda fəaliyyət göstərən 10-dan çox top reytinqli universitetdə əməkdaşlıq görüşləri keçirib. Dünyanın ən reytinqli universitetlərindən sayılan Mariland, Kolumbiya, Nyu York, Corc Vaşinqton, Corc Tovn, Corc Mason Universitetlərini ziyarət edən Elçin müəllim dünya təcrübəsi ilə Azərbaycan təhsili arasındakı fərqlərdən danışıb:

“Həm Nyu York, həm də Vaşinqtonda gedəcəyim universitetləri özüm seçdim. İstədim ki, fürsətdən yararlanıb,  dünyanın ən reytinqli ali təhsil müəssisələrini ziyarət edim. Məsələn, Kolumbiya və Nyu-York Universitetləri, Vasinqtonda Corc Tovn və Corc Vaşinqton Universitetləri dünya reytinqində ilk əllilikdə qərarlaşıblar. 

Əcnəbi universitetlərdə diqqətimi çəkən ilk şey tələbə sayı oldu. Amerikan universitetini model götürsək, onlarda tələbə sayı 15-20 000 arasıdır. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetində də tələbə sayı təxminən, bu qədərdir. Amma keyfiyyət fərqlidir. Orada magistr tələbələri bakalavrdan çoxdur. Məsələn, 20 000 tələbəsi olan universitetin bakalavr tələbələri  5 000-dirsə, 10 000-i magistratura, doktorantura və digər pillələrdir”.

E.Süleymanlının sözlərinə görə, bu ali təhsil müəssisələrində təhsil haqqı ümumi universitet gəlirinin yalnız 20-30%-ni təşkil edir:

“60-70%-i isə  digər fəaliyyətlərlə əldə olunur. Bizim universitetlərə də publik hüquqi şəxs statusunun verilməsində məqsəd universitetlərin özlərinin əlavə qazanc əldə edə bilmələri idi. Bu təhsillə də, qeyri təhsillə də ola bilər.

Əşya satışından gəlir qazanan dünya reytinqli universitetlər...

Məsələn, əcnəbi universitetlərin əksəriyyətinin simvolik əşya satan satış nöqtələri var. Burada üzərində universitetin nişanı olan brendlər, t-sirt, qələm və s. satılır. Universitet nümayəndələri dedilər ki, bu yolla əldə etdiyimiz gəlir tələbə təhsil haqqından gələn gəlirdən çoxdur. Çünki hamı üzərində universitetin adı olan nəsə xatirə almaq istəyir. Eyni zamanda, layihələrdən böyük gəlir əldə edirlər.

Amerika universitetlərinin əksəriyyətində təhsil bizdən fərqli olaraq 3 semestrdir. Universitetdə il boyu tədris gedir. İstəyən yay semestrində də oxuyub daha tez məzun ola bilər. Yay semestrində universitetlər kənardan tələbə qəbul edib onlara kredit üsulu ilə dərslər təqdim edirlər. Bu, universitetin gəlirinə çox kömək edir. Bizdə dərs ili 2 semestr olur və yayda universitetə gedəndə oranı boş görürsən. Amma onlarda 3-cü semestr olur və bu zaman, yəni,  yayda da universitetdə  tələbələr  çox olur.   Müəllimlərsə, yayda ezamiyyətə gedir,  universiteti məkan olaraq  istifadə edir, dərslər təşkil edirlər. Mən də orada yayda oldum. Gördüm ki, universitetlər normal vaxtlarda olduğu  kimi  gündəlik fəaliyyət göstərirlər. Yəni, bu təhsil müəssisələri yay məktəbi, layihə və xatirə əşya brendindən gəlir qazanırlar”.

O, Amerikan universitetlərindəki tədrislə yerli tədris proqramını müqayisə edib:

“Bu universitetlərdə daha çox praktik dərslər keçirilir. Məsələn, son dövrdəki “kriptovalyuta”, “bitcoin” və s. kimi terminlər bizim tədris proqramına bəlkə də 10 il sonra salına bilər. Amma orada kriptovalyuta istiqamətli magistr proqramı açıblar. Onlar cəmiyyətdəki inkişafı avtomatik magistr ixtisaslarına uyğunlaşdırırlar. Məsələn, elektrik enerjisi maşını 10 il sonra dünyada nə qədər artacaq? Sürücüsüz maşınlar nəyi dəyişəcək?  Onlar hamısını araşdırıb təhsilə tətbiq edirlər. Bizdə isə bu proses biraz ağır gedir.

Azərbaycan təhsil sistemində ixtisaslaşma daha çox bakalavrdadır.  Magistraturada ixtisas seçimi şansı daha da daralır. PhD isə daha ümumidir. İqtisadiyyat üzrə cəmi 3-4 ixtisaslaşma var.

Onlarda isə əksinədir: Magistratura pilləsində spesifik sahələr var. PhD isə daha spesifikdir. Məsələn, onlarda iqtisadiyyat ümumi bakalavr ixtisasıdır. Magistraturaya gəldikdə isə bu sahə üzrə “elektron ticarət”, PhD-də isə “elektron ticarətdə reklamın əhəmiyyəti” ixtisasları mövcuddur”.

Prorektorun sözlərinə görə, bir çox inkişaf etmiş universitetlər bakalavr tələbəsi ilə çox məşğul olmaq istəmirlər:

“Amerikada magistratura təhsili iki ildir. Onun bir ili tədris, bir ili isə dissertasiya yazmaqdan ibarətdir. Universitet yalnız birinci  il pul xərcləyir. İkinci il dissertasiya üçündür və bu zaman sadəcə elmi rəhbərlə tələbə münasibətdə olduğuna görə xərc çıxmır. Amerika  universitetə biznes məntiqi ilə baxır vədüşünür ki, daha az xərclə daha böyük effekt əldə etsin. Bizdə o proses üçün ali təhsil müəssisəsi 4 il tələbə üçün xərc çəkir. Sinif, parta, müəllim xərcləri və s.

Bir çox inkişaf etmiş universitetlər bakalavr tələbəsi ilə çox məşğul olmaq istəmirlər. İstəyirlər ki, onlara təhsil üçün daha yetişmiş tələbə gəlsin. Magistr tələbələrini bakalavrdan üstün tuturlar.

Bizim universitetlərdə isə tələbə 4 il bakalavr oxuyur. O əziyyətdənsə onları sadəcə bir il oxudub yetişmiş tələbə formalaşdırmaq olar. Bizdə bir bakalavrın yetişməsi üçün 4 il resurs lazımdır. Onlarda isə 4 il ərzində 4 dəfə magistr o partalardan keçmiş olur. Tələbə kontingenti sürətlə dəyişir və daha keyfiyyətli tədris olur. Mən bu tendensiyanı çox universitetdə gördüm”.

O qeyd edib ki, burada universitetlər doktorantura tələbəsinə potensial gəlir mənbəyi kimi baxırlar:

“Doktorantura daha çox layihələrə görədir. Məsələn, müəllim bir layihə udur və  onu  həyata keçirmək üçün lazım olan  qrantı universitetin büdcəsi deyil, başqa təşkilat verir. Beləcə, PhD tələbəsi alaraq o, həm dissertasiya müdafiəsi edir, həm də layihəsini reallaşdırır. Dolayısı ilə universitet bir doktorantura tələbəsi yetişdirmək üçün özü pul xərcləmir. Əksinə, onun vasitəsilə əlavə pul qazanır. Çünki o layihədən universitetə də pul gəlir”.

Prorektor Amereika universitetlərtinin beynəlxalaq müəllim və tələbə sayına hədsiz diqqət etdiyini vurğulayıb:

“Amerika dünyanın cazibə nöqtəsi olduğuna görə, burada universitet müəllimlərin 20-30%-i əcnəbilərdir. Bu, ali təhsil müəssisəsi üçün yüksək perspektiv sayılır. Universitet müəllimləri neçə fərqli ölkələrdən olsa, rəqabət də o qədər güclü olur. Universitetlər yaxşı müəllimi öz kadrları siyahısına daxil etmək üçün rəqabət aparırlar. Onlar beynəlxalq tələbə və müəllimləri ilə fəxr edir. Fəxrlə deyirlər ki, bizdə 100 ölkədən bu qədər tələbə var. İstəyirlər ki, ümumi tələbə sayının heçolmasa 20-30%-i əcnəbi olsun. Yəni, əcnəbi tələbənin sayı əhəmiyyətlidir. Həm də diqqət edirlər ki, həmin 20-30 % tələbə maksimum çox ölkədən olsun. Məsələn, ziyarət etdiyim Kolumbiya Universiteti dünyada ilk onluqdadır. Buranın nümayəndəsi dedi ki, bizdə 20 000 tələbənin 5 000-i əcnəbidir və həmin 5 000 tələbə  160 ölkədəndir. Hətta məqsədlərini də vurğuladılar. Hədəfləri odur ki,  yaxın 5 ildə dünyanın elə bir ölkəsi olmasın ki, oranın universitetlərində tələbəsi təhsil almasın. Bu, onların reytinqdə yüksək yer tutumasına da kömək edir”.

Yeri gəlmişkən verilən sual:

-Bəs, bizim universitetlərin dünya reytinqi ilə ayaqlaşmasına nə mane olur?”

-Yaxşı idarəetmə və maliyyə olarsa, bu proses çevik baş verə bilər. Məsələn, Qazaxıstanda Nazarbayev Universiteti 5-6 ilə bu yolu keçdi. Bizdə hazırda ADA, Bakı Ali Neft Məktəbi bu istiqamətdə müsbət addımlarını atır. Bu, idarəetmə və maliyyələşmə ilə əlaqədardır. Bizim universitetlərin  ən çox əl-qolunu bağlayan maliyyədir. Ali təhsil müəssisələrimizin gəlirlərinin 90%-i tələbənin təhsil haqqı vasitəsilə əldə olunur. Yaxşı universitet olmaq üçün isə büdcə minimum 50-100 milyon olmalıdır.  Belə olduqda, dünyasəviyyəli universitetə çevrilə bilər. Bu vəsasit əhəmiyyətlidir. Nazalbayev universitetinin neft fonduna bənzər qurumu var. Onlar maliyyələşdirirlər. Bu universitetə Amerikanın ən yaxşı mütəxəssislərini dəvət etdilər, öz müəllimlərini xaricə yoladılar. Qısa zaman ərzində gördülər ki, universitet  reytinqdə təxmini 300-cü yerdədir.

Bizdə də potensial olaraq buna bənzər universitetlərimiz var. Amma hazırda maliyyə məsələsinə görə onların əl-qolları bağlıdır”.

Elçin Süleymanov Azərbaycandakı ali təhsil müəssisələrinin dünya reytinqli universitetlər sırasına düşə bilməsi üçün təkliflər edib:

“Ciddi bir rəqəm üçün burada ya dövlət dəstəyi olmalı, ya da məşhur universitetlərlə ortaq kampuslar açılmalıdır. Gərək, kampuslar olsun, xarici tələbələrə müəyyən güzəştlər verib oxutsunlar və s. Bu təcrübəni mən müxtəlif ölkələrdə görmüşəm. Onlar Kembric, Oksford kimi universitetlərlə ortaq kampuslar açırlar. Bu da prosesi sürətləndirir. Yəni , öz imkanı olmasa belə, universitet imkanı olan biri ilə bu işi görə bilər. Əslində bu proses sadədir. Məsələn, Sinqapur və Koreyada 10-15 ilə sürətlə  dünya reytinqində yer tuta bilən universitetlər oldu. Maliyyələşmə olduqdan sonra dünyanın ən məşhur professorlarını dəvət edirlər. Elmi nəşrlər, beynəlxalq tələbələr də universitetin reytinqini artırır.  Azərbaycanda büdcə, buradan təhsilə ayrılan vəsait məlumdur. Amma dövlətin strategiyası olsa, düşünürəm ki, pul tapıla bilər. İlk hədəf dünya reytinqində 500-lüyə düşə bilmək olmalıdır. Universitet üçün müəyyən vəsait, donorlar tapıla bilər. Və ya hanısa şirkət, keyfiyətli müəllim, sturuktur, daha sonra beynəlxalq  tələbə kontingenti yaratmaq üçün sponsor ola bilər. Məncə, bu üçü olsa, bizim dünya reytinqinə düşməyimiz mümkün olar”.

Nobel mükafatçısı  müəllimdən imtina edən dünya universitetləri...

Elçin müəllim bildirib ki, bizdəki tədris konteksi ilə oradakılar çox da fərqlənmir:

“Xüsusilə də müasir proqramları tətbiq edən universitetləri nəzərdə tuturam. Amma orada dərslər praktikaya yönəlib, seçim imkanı çoxdur. Bizdə ən yaxşı halda tələbəyə iki fənn təqdim olunur  və birini seçir. Amma orada bir ixtisasda 20-30  fənn seçimi tətbiq olunur. Bu fənnə görə tələbələr müəllimi də araşdırırlar.

Bütün Amerika universitetlərini əhatə edən, müəllimləri dəyərləndirmə veb-saytı var. Orada istənilən ABŞ universitetində dərs deyən müəllim haqqında əvvəlki tələbələrin rəyləri var.  Buna görə müəllimin reytinqi formalaşır. Necə ki, filmlərdə hamı çox yüksək reytinqi olana baxmaq istəyir, bu da elə. Məsələn, hansısa fənn açılıb və 10 müəllim varsa, tələbələr ən reytinqli müəllimi daha tez seçirlər.  O dolduğu zaman məcburən boş qalanı seçirlər. Universitetlər də buna görə hərəkət edirlər. Əgər bir müəllimi az tələbə seçibsə, universitet 2-3 il sonra o müəllimlə müqaviləsini yeniləmir. Buna görə müəllimlər arasında da ciddi rəqabət var. Müəllim tələbə ilə çox yaxşı davranmalı, dərsi yüksək səviyyədə keçməlidir ki, anket nəticəsinə görə sabah universitet onunla müqaviləsini yeniləsin.

Bizdə müəllim universitetdə işə düzəlir və təqaüdə çıxana qədər orada çalışır. Orada isə 3-5 il ərzində bütün müəllimlərlə müqaviləyə yenidən baxılır. Nəşrlər, reytinq, tələbələlərin verdiyi qiymət nəzərə alınır. Bəzən hətta Nobel mükafatı alan, çox məşhur adam həmin müsabiqədən keçməyə bilir. Səbəbini isə belə izah edirlər: “Siz onu əvvəlki fəaliyyətinizə görə almısınız. İndiki fəaliyyətinizdə yenilik, universitetə orijinal faydanız yoxdursa, sizinlə müqaviləni yeniləyə bilmərik”.

O, Azərbaycanda kökündən yanlış qurulan elmi dərəcə sistemini də Amerika təcrübəsi ilə müqayisə edərək çatışmazlıqları qeyd edib:

“Bizdə bir adam professor oldusa, artıq ölənə qədər professordur. Amma orada universitetlər hər 5 ildən bir professorlarını müsabiqəyə çıxarırlar. Bu da onları özlərini inkişaf etdirməyə məcbur edir. Bizdə insan elmlər namizədi, elmlər doktoru olandan sonra elmi fəaliyyəti aşağı düşür. Çünki ona bu dərəcəni alarkən ali Attestasiya Komisiyasına məqalə, kitab vermək lazım idi. O dərəcəni aldıqdan sonra çox da ehtiyacı olmur. Amma Amerikada belə deyil.  Professor olduqdan sonra da şəxsin elmi fəaliyyəti yoxdur, tələbələrlə müxtəlif proyektlərdə iştirak etmirsə, universitet onunla müqaviləsini yeniləmir. İnsan ömürlük  akademik olmamalı, onun müəyyən müddətdən sonra elmi məsuldarlığına baxılmalıdır. Bu, müəllimlər arasında da ciddi rəqabətə gətirib çıxarır, tələbələr arasında da. Tələbələr diplomdan sonra müxtəlif sertifikat imtahanına hazırlaşırlar. Bu da bir rəqabətdir”.

Prorektor sonda Amerikadakı mütaliə rəqbətinin ölkəmizə də gəlməsini arzu edir:

“20 000 tələbəsi olan universitetlərdə 4-5 böyük kitabxanalar var. Onlar 24 saat işləyirlər. Mən qəsdən maraq üçün saat ikidə həmin kitabxanalardan birinə getdim. Gördüm ki, saat iki olmasına baxmayaraq  yerlərin 30-40%-i dolu idi. Məlum oldu ki, imtahan vaxtı ümumiyyətlə boş yer tapmaaq olmur. Hər cür şəraiti var. Çay, mofe də pulsuzdur. Tələbələrin dərs oxuması, internet resurslarından istfadə etməsi üçün pulsuz kserekopiya imkanları var. Bütün bu imkanlar tələbələri oxumağa məcbur edir. Məncə bizə də bu rəqabət gəlməlidir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları