Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-08 17:10:00
Deputatdan MİQ-in keçirilməsinə etiraz - Müəllimlərə təyinat verilməlidir

 

Elm və təhsil naziri Emin Əmrullayev bəzi müəllimlərin bilik səviyyəsinin aşağı olmasından şikayətlənib.

 

Nazir REAL TV-yə müsahibəsində etiraf edib ki, sertifikasiya prosesində iştirak edən 11 min müəllimdən 2 min nəfəri kvadratın perimetrini düzgün hesablaya bilməyib.

 

Onun bu açıqlaması müzakirələrə səbəb olub. Orta məktəblərdə dərs deyən 2 min müəllimin sadə suala cavab tapa bilməməsi kəskin tənqidlərə tuş gəlib.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan deputat Aqil Abbas keçmiş zamanlarda müəllimlərin daha savadlı olduğunu qeyd edib:

 

Sovet zamanında müəllimlər təkmilləşdirmə kurslarından keçərək tədris prosesində iştirak edirdilər. Həmin şəxslərə yeniliklər öyrədilir və onları təhsil həyatına hazırlayırdılar. Düşünürəm ki, həmin kursların fəaliyyəti yenidən bərpa edilməlidir. Bir vaxtlar Müəllimlərin Təkmilləşdirmə İnstitutu mövcud idi, onun da fəaliyyətinin bərpasına ehtiyac var. Müəllimlər bu kurslar vasitəsi ilə təkmilləşdirərək inkişaf edə bilirdilər.

 

Həmçinin, orta təhsil sistemində dərslərin keyfiyyətində ciddi problemlər var, onları aradan qaldıraraq, dərslərin keyfiyyətini artırmaq lazımdır”.

 

Deputat müəllimlərin işə qəbulu müsabiqəsinin 4-cü kursu bitirənlərə aid edilməsinin düzgün olmadığını qeyd edib:”

 

“Anlamıram ki, 4-cü kursu fərqlənmə ilə bitirən məzunlar yenidən niyə imtahan verərək işə qəbul olunurlar? Bu məsələ universitetlərin verdiyi təhsili sual altına alır, rektorlar həmin məsələyə etiraz etməlidilər. Düşünürəm ki, müəllimlərə təyinat verilməlidir, onlar gedib işləməli sonra isə təkmilləşdirmə kursunda iştirak edərək inkişaflarını daha da artırmalıdılar”.