Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-12 10:55:00
Azərbaycan qızları dəqiq elmlərdəki uğurlara görə dünya göstəricisini qabaqlayır- Mükəmməl irəliləmə 

 

BMT-nin təklifi ilə 11 oktyabr tarixi Beynəlxalq Qızlar Günü kimi elan edib. 193 üzvlü BMT Baş Assambleyasında qəbul edilən qərar Türkiyə, Kanada və Peru tərəfindən hazırlanan qətnamə əsasında verilib. 2012-ci ildən etibarən 11 oktyabrın Beynəlxalq Qızlar Günü olaraq qəbul edilməsinə bütün üzv ölkələr səs verib. Qərarda iqtisadi inkişafda BMT-nin Minilliyin İnkişaf Proqramına nail olunması və qız uşaqlarının onlarla bağlı qərarların verilməsində iştirakının dəstəklənməsi və digər məqamlar öz əksini tapıb. 

 

 

Bu gün ölkəmizdə də qeyd olunur. Qızlar həyatın bir çox sahələri olduğu kimi təhsil sektorunda da təmsil olunur.

 

 

Lakin gender bərabərliyinin təmin edilməsi baxımından bu istiqamətdə də müəyyən boşluqlar özünü göstərməkdədir. Bunlara misal olaraq qızların erkən nikaha cəlb olunması, 18 yaşına çatmayanların uşaq dünyaya gətirməsi kimi faktlar onların təhsil həyatlarından yayınmasına səbəb olur.

 

 

AzEdu.az-a danışan gender məsələləri üzrə ekspert Aynur Veysəlova-Abbasova  qeyd edir ki, bu istiqamətdə son illər müsbət irəliləyişlər əldə olunub:

 

“Ölkəmizdə təhsildən yayınan qızların sayı olduqca azlıq təşkil edir. Azərbaycanda elə şərait qurulub ki, təhsilə münasibət müsbət mənada dəyişib. Bütün imkanlar yaradılıb ki, vətəndaşlarımıza onun əlçatanlılığı təmin edilə bilsin.

 

 

Günümüzdə elə şərait yaradılıb ki, ənənəvi qadın peşələrindən daha çox ənənəvi olmayan işlərə xanımların maraq göstərməsində artım müşahidə olunur. Çünki bu gün kapitalizm dövrünün çağrışlarına cavab olaraq rəqabətə dayanıqlı profesional kadr kimi yetişmək əsas məsələlərdən biridir. Bu səbəbdən də elm və texnologiya dünyasında baş verən yeniliklərdən xəbərdar olmaq olduqca vacibdir. Dünyada  riyaziyyat və dəqiq elmlər üzrə  qızların orta statistik göstəricisi 35 faiz olduğu halda bu ölkəmizdə 40 faizin üzərindədir. Bu, sevindirici hallardan biridir. Qılzarın dəqiq elmlərə həvəslərinin artması  bizi ruhlandırır. Çünki ölkəmizin böyük hissəsini qadınlar təşkil edir, onların inkişafı təmin edilməlidir ki, cəmiyyətin özü irəliləyə bilsin. Ölkəmizdə insan hüquqlarının müdafiəsi çərçivəsində, xüsusən də, təhsil almaq və işləmək hüquqları istiqamətində  Azərbaycanda böyük nəticələr əldə edilir”.

 

Gender məsələləri üzrə ekspert vurğulayır ki, mənfi halların qarşısının alınmasında əsas məsələ marifləndirmə ilə bağlıdır:

 

Lakin erkən nikaha məcbur edilən qızların taleyi, təhsildən yayılanların həyatı bizi narahat edir. Onların sayı çox olmasa da, belə hallara rast gəlinir. Biz həmin məsələlərlə bağlı marifləndirmə işlərini gücləndirməliyik. Daha çox həmin qızların valideynləri ilə iş aparmalıyıq ki, onların özləri də bu istiqamətdə həvəsli olsunlar, övladlarının peşə və təhsilə  yönəldirə bilsinlər. Çünki qızlar özlərini ifadə etmək və cəmiyyətdə  təsdiq tapmaq üçün  təhsil almalı və ailədən dəstək görməlidir.

 

 

2011-ci ildə qəbul edilən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, nikah yaşı  qadın və kişilər üçün 18 olaraq müəyyənləşdirilib. Nikaha məcbur etməyə görə isə 76.1 və 76.2-ci maddələr əlavə olunub, birinci bənd nikaha məburetmə ilə bağlı məsuliyyəıtin müəyyən olunması, ikinci bənd isə  yetkinlik yaşına çatmayan şəxsin nikaha məcbur edilməsi ilə bağlı məsuliyyəıtin müəyyən edilməsidir. Bu iki dəyişiklik erkən yaşda nikaha girən qızların sayının kifayət qədər aşağı endirib. 2011-ci ildə erkən nikaha girən qızların 5138 olduğu halda, bu gün həmin rəqəm 165-190-a qədər enib. Bu, da göstərir ki, 18 yaşa kimi olan nikahların sayı aşağı düşüb.

 

Eyni zamanda  15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə 4392 olubsa, bu gün həmin rəqəm 3 dəfəyə qədər aşağı düşüb. Biz bu işləri daha da gücləndirməliyik, marifləndirmə aparmalıyıq.

 

Qızların təhsil səviyyəsinə görə onları hansısa bölgələrə ayırmağı düzgün hesab etmirəm. Az və ya çox dərəcədə bu kimi hallar müşahidə edilir. Bu istiqamətdə marifləndirmə işlərini aparmaq lazımdır. Lakin 1-2 fakt da olsa, biz onun üzərinə düşməliyik”.

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları