Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-10 17:01:00
“Məktəb direktorları sadəlik pərdəsi altında gizlənərək çox səliqəsiz geyinirlər”-Qəribə etiraz

 

 

“Təəssüf ki, məktəblərimizdə elə məktəb rəhbərləri tapılır ki, müəllimlərlə elmi mübahisələrə girişməkdən qorxur, çox vaxt müəllimlər arasında gedən sual-cavablarda iştirak etməkdən qaçır”.

 

Məktəblərlə bağlı şikayətlərin ard-arası kəsilmir. Amma uzun zamandır mövcud olan əsas problemlərdən biri də mobinq məsələdir.

 

Məktəb direktorlarının müəllimlərə qarşı mənfi münasibətləri,tez-tez onlar arasında müəyyən məbləğdə pul yığılması halları ilə bağlı çox sayda narazılıqlar var.

 

Direktorların idarəçilikdə yol verdiyi bu kimi hallara əsas səbəb nədir? Məsələ ilə bağlı nə kimi addımların atılması zəruridir?

 

Təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlamasında məktəblərdə müşahidə olunan neqativ hallardan söz açıb:

 

“Artıq bir ilin içində neçənci dəfədir ki, şagirdlər orta məktəbdə müəllim və direktorları tərəfindən döyülür, fiziki zoraklığa məruz qalırlar. Yaxud da şagirdlərin biri digərini vəhşicəsinə döyür. Bu onu göstərir ki, orta məktəblərdə təkcə tədris və təhsil aşağı səviyyədə deyil, eyni zamanda elementar təhlükəsizlik qaydalarına da riayət olunmur. Mükəmməl təhsil sisteminə malik olmaq dövlətin gələcəyi və müstəqilliyinin mühüm şərtidir. Respublikamızda həyata keçirilən təhsil islahatının məqsədi təlim prosesinin səmərəliliyini təmin etməklə milli və ümumbəşəri dəyərlərə yiyələnən, yaradıcı və tənqidi düşünməyi bacaran, fəal şəxsiyyət yetişdirməkdir. İlk növbədə müəllim bacarıqlı, işgüzar, ixtisasını dərindən bilən, müəllimlik adını müqəddəs tutan, ideyaca saf, mənəviyyatca pak, özünə və şagirdlərinə qarşı tələbkar olmalı, sənətinə ürəkdən bağlı keyfiyyətləri özündə cəmləşdirməlidir”.

 

Ekspert ölkəmizdə məktəb direktorlarının peşəkarlıq səviyyəsinin aşağı olduğunu qeyd edərək, bu vəzifəyə kadr seçimi prosesinə diqqət çəkib:

 

“Dünyanın ən yaxşı təhsil sistemlərindən olan Avstraliyada məktəb direktorunun fəaliyyəti 2 böyük sahəyə ayrılır. Buraya özündə müəyyən missiyaları, məqsədləri, məktəbin dəyərlərini təcəssüm etdirən məktəbə rəhbərlik (liderlik) və məktəbin cari fəaliyyətinin təşkilini nəzərdə tutan menecment (müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, müxtəlif resurslardan istifadə, valideynlər və ictimaiyyətlə iş) daxildir. Amma ölkəmizdə direktorların peşəkarlıq səviyyəsi olduqca aşağıdır. Hansısa 2-3 aylıq bəsit təlimlərlə direktor yetişdirilə bilməz. Təəssüf ki, hazırda isə Elm və Təhsil Nazirliyi adi test imtahanı nəticəsi ilə belə bu qədər ciddi posta qəbul həyata keçirir, yəni test imtahanı mərhələsidir. Bu imtahanda namizədlərin əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində bilik və bacarıqları 40 test tapşırığı vasitəsi ilə qiymətləndirilir. Bundan başqa onların dünya görüşü ilə bağlı, kurukulum biliklərini yoxlayan, İKT bacarıqlarını müəyyən edən test tapşırıqları təqdim olunur”.

 

O, direktorların fəaliyyət və öhdəliklərindən danışarkən, onların bəzilərinin məlumatsız olduğunu bildirib:

 

“Məktəb direktoru hər gün dərin biliyə malik müəllimlər qarşısında hesabat verəcəyini unutmamalıdır. Onun mənəvi haqqı yoxdur ki, hər hansı müəllimin bu və ya digər beynəlxalq məsələ, elmi-texniki yenilik haqqında və ya pedaqoji problemlərə dair suallarını cavabsız qoysun. Birinci sinif müəllimi uşaqların ona yağdırdıqları sualların hamısına cavab verməyə çalışdığı kimi, direktor da ona müraciət edənlərin bütün sualları ətrafında fikir söyləmək imkanına malik olmalıdır. Təəssüf ki, məktəblərimizdə elə məktəb rəhbərləri tapılır ki, müəllimlərlə elmi mübahisələrə girişməkdən qorxur, çox vaxt müəllimlər arasında gedən sual-cavablarda iştirak etməkdən qaçır. Bəzən elə hallar olur ki, müəllimin haqqında məlumat verdiyi yeniliklərin dərc olunduğu qəzet və ya jurnalların adını məktəb direktoru ilk dəfə eşidir”.

 

Ekspert direktorların geyimi və məktəbdə davranış tərzindəki problemlərə də toxunub:

 

“Bir sıra məktəb direktorları “sadəlik” pərdəsi altında gizlənərək çox səliqəsiz geyinir. Məktəbdə onu texniki işçidən və ya hər hansı kənar şəxsdən fərqləndirmək olmur. İxtisasartırma kurslarına gələn yüzlərlə məktəb direktorları arasında elələri olur ki, onların geyiminə və davranışına görə ziyalıya oxşada bilmirsən. Bu baxımdan məktəb direktoru öz geyim səliqəsinə ciddi fikir verməli, ütüsüz şalvar, düyməsiz köynək, palçıqlı ayaqqabı, kobud şəkildə dolanmış qalstuk, qırxılmamış üz, daranmamış saç və s. ilə uşaq və müəllim qarşısına çıxıb özünü gülüş hədəfinə çevirməməlidir. Hələ də şagirdlərin gözü qarşısında texniki işçinin, şagirdin, hətta müəllimin üstünə qışqıran, siniflərdə dərs getdiyi halda dəhlizlərdə səsini yüksəldən, iclaslarda hədə-qorxu ilə ucadan “nitq söyləyən” direktorlara təsadüf edilir. Əlbəttə, bu ondan irəli gəlir ki, rəhbər tabeliyində olan işçinin rəğbətini, inamını qazana bilməmiş, verdiyi göstəriş və təkliflərin düzgünlüyü və səmərəliliyinə inam oyada bilməmişdir”.