Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-09 15:51:00
Bir müəllim ömrü – Əjdər Ağayev 85

Bir vaxtlar məşhur bir ifadə vardı: heç kəs əvəzedilməz deyil! Azərbaycan pedaqoji ictimaiyyətində  dünyasını dəyişmiş alim-müəllim, təhsil eksperti Əjdər Ağayevin yeri o qədər hiss edilir ki, bu fikrə yeni münasibət  yaranır, yəni dünyada elm fədailəri də, gözəl müəllimlər də, alimlər də çoxdur, amma onlaın sıralarında elələri vardır ki, əvəzedilməzdirlər, Əjdər müəllim məhz belələrindəndir. Bu gün Əjdər Ağayevin dünyaya gəlməsindən 85 il ötür, sağ olsaydı Respublikamızın bütün məktəbləri bu yubileyi böyük təmtəraqla qeyd edərdilər, çünki Əjdər müəllim bütün müəllimlərin sevimlisi, dostu, yolgəstərəni, məsləhətçisi idi. Əjdər Ağayevin müəllimlik sənəti haqda özünəməxsus fikirləri vardı. O deyərdi ki, təhsil almaq müəllimliyin yollarını öyrədə bilər, lakin əsl müəllim olmaq üçün müəllim doğulmaq lazımdır. Müəllimliyin elə keyfiyyətləri vardır ki, onu təhsillə əxz etmək olmur, illərin təcrübəsinə, böyük ürəyə, Vətən sevgisinə və ədalət tərəzisinə malik olmalısan ki, bu peşəyə yiyələnə biləsən.

Əjdər müəllim Salyan şəhər 2 nömrəli oğlan tam orta məktəbini bitirib, daha sonra ADPİ-nin tarix-filologiya fakultəsində təhsilini başa vurub bir müddət ümumtəhsil məktəblərində müəllimlik fəaliyyəti göstərib. Bu illərdə onun başladığı müəllimlik fəaliyyəti ömrünün sonunadək fəxrlə daşıdığı müəllim adına verdiyi dəyər işlədiyi bütün məktəblərdə bu gün də xatırlanır. 2018-ci ildə Əjdər Ağayevin 80 illik yubileyi ərəfəsində vaxtı ilə o illərdə dərs dediyi, bu gün özlərinin nənə, baba olduğu şagirdləri sevimli müəllimlərini görməyə gəlmişdilər, sevinc dolu səslə keçmiş xatirələri yenidən yaşayırmış kimi elə həyəcanlanırdılar ki… Müəllim olanlar bilir ki, əsl müəllim xoşbəxtliyindən biri də budur- yaddaşlarda qalmaq, Əjdər müəllim unudulmaz idi…

Əjdər müəllim müəllimliyin bütün incəliklərinə vaqif olduqdan sonra öz təcrübəsi və biliyi ilə paylaşmağı, pedaqoji sahədə elmi tədqiqatlara başlamağa qərar verir. 1969-cu ildə ADETPİ-nin aspitanturasını bitirən Əjdər Ağayev Vətəndaşlıq tərbiyəsi, şəxsiyyətin formalaşması, sahiblik hissi tərbiyəsi kimi problemlərə Azərbaycan pedaqogika elmində ilk toxunanlardan oldu. Onun “Şəxsiyyətin formalaşmasında Azərbaycan maarifpərvərlərinin rolu”, “Həyatın astanasında”, “Vətəndaş olmağa borclusan” kimi monoqrafiyaları şagirdlər, tələbələr tərəfindən da asanlıqla oxuna bilən əsərlərdəndir. Meydan hərəkatının ən qızğın çağlarında biz tələbələrlə meydana gedərkən atam bəzən narahat olar, “qız uşaqları getməsə olar” deyəndə özümüzə bəraət qazandırdığımız əsas arqumentlər atamın bu kitabları, ordakı fikir və ideyalar olardı. Ailəmiz atamın kiçik laboratoriyası idi, deyə bilərəm. Hər fikri bizimlə bölüşər, bizimlə sınayardı. Baxmayaraq ki, onun dostlarının artıq böyük əksəriyyəti şəhərin mərkəzində daha asan həyat sürürdülər, atam həmişə deyərdi ki, nəyim varsa, bəsimdi. Hətta, bir dəfə Kislovodskda istirahət zamanı bir köhnə tanışı ilə rastlaşdıq, o, biləndə ki, biz evimizin sadəcə qapısını bağlayıb heç kəsə tapşırmadan gəlmişik “Həyət evidi, qorxmursan evə oğru girər?” deyə təccübləndi. Atam “Nədən qorxacam, ailəm yanımda, başım üstümdə, qələmim cibimdə, bundan qiymətli nə var ki?!” -dedi. Özünün dəyər verdiyi bu keyfiyyətlərin cəmiyyətdə də dəyərləndirilməsinə çalışardı Əjdər müəllim.

Elmi tədqiqatları ilə yanaşı pedaqoji fəaliyyətini də davam etdirən atam gənc yaşlarından başladığı bədii yaradıcılığını uşaqların təlim tərbiyəsində xidmət göstərə biləcək janrlar üzərində sınayır. Çox keçmədən onun uşaqlar üçün yazdığı şeir və hekayələri tərbiyəvi xarakterinə görə cəmiyyətdə dəyərləndirilir. Onun “Bala dadı, bal dadı”, “Fərhadın rəsmləri” “Sülh gəmisinin kapitanı”, “Ceyran nənənin nağılları” kimi uşaq kitabları məhz Əjdər müəllimin pedaqoji düşüncəsini gənc nəslə aşılayır, humanizm, düzgünlük, vətənpərvərlik, dostluq, sədaqətlilik kimi keyfiyyətləri önəmsəyirdi. Bu hekayələrin içərisində ikisi – “Əhəd baba” və “Qu quşunun nəğməsi” bu gün də sevə-sevə oxuduğum əsərlərdəndir.

Əjdər müəllim gənc nəslin təlim-tərbiyəsinə özünün müəllifi olduğu televiziya verilişləri vasitəsilə təsir edirdi.“Yelkən”, “Həyat bizi səsləyir”, “Məktəblinin musiqi klubu”, “Ədəb-ərkan dünyamız” adlı televiziya verilişləri Azərbaycan televiziyasının ən baxımlı və geniş izləyici auditoriyası olan verilişlərindən idi. Verilişlərə gənclərə örnək ola biləcək insanları dəvət etməklə onların da nəsihətlərini ön plana çəkirdi. “Həyat bizi səsləyir” verilişində maestro Niyazi ilə görüşü hələ də xatırlayanlar çoxdu. Dünyaca məşhur musiqiçinin dediyi bu sözləri bu gün də unutmamışam: “…Bir atanı-ananı alıb satmaq mümkün deyil, bir də Vətəni. Hər şeyi dəyişmək olar: şəhəri, ölkəni, iqlimi. Amma baba yurdunu, ana torpağı, ata ocağını dəyişmək mümkün deyil. Və insan çox maraqlı bir amildir, harada olursan ol, həmişə Vətəninlə fəxr edirsən.Vətən balaca da olsa, böyük də olsa, varlı da olsa, zəif də olsa, dağ da olsa, aran da olsa insan üçün müqəddəsdir, dəyişilməzdir.” Belə verilişlər uşaqların təlim-tərbiyəsində çox böyük rol oynayırdı və Əjdər müəllim bu yolla da öz müəllimliyini həyata keçirirdi.

Əjdər müəllimin uşaqlar üçün yazdığı şeirlər bəstəkarların diqqətini çəkirdi. Məşhur uşaq bəstəkarlarından Oqtay Rəcəbov və Rəşid Şəfəq Əjdər müəllimin yazdığı 100-dən artıq uşaq şeirinə musiqi bəstələyiblər. “Pişik balasının səhvi” adlı səhnə əsəri dəfələrlə məktəblərdə səhnələşdirilib. Maraqlıdır ki, Müəllimlər himninin mətn müəllifi də Əjdər Ağayevdir, çünki belə əsərləri yaratmaq üçün sadəcə təbin olması yetərli deyil, peşəkar müəllim də olmalısan. Əjdər müəllimin məhz peşəkarlığına qiymət verilərək onu “Azərbaycan məktəbi” jurnalının və onun metodik əlavələrinin baş redaktoru təyin etmişdilər. (1974-1981) Həqiqətən də, Əjdər Ağayevin baş redaktor olduğu illərdə bu jurnalın nüfuzu xeyli artdı. Sonralar Azərbaycan pedaqoji fikir Antalogiyasının hazırlanmasında da (1987, rus dilində) Əjdər Ağayevin misilsiz xidməti vardır. Dövrümüzün  ən yaxşı antalogiyalarından biridir bu kitab. Sonralar Üzeyir Hacıbəyov Ensiklopediyasııın hazırlanması üçün Əjdər müəllim az əmək sərf etmədi. Onun öyrətmə bacarıqları bir elmi rəhbər kimi göstərdiyi fəaliyyətdə də bəhrəsini verirdi. Əjdər müəllimin elmi fəaliyyətinə verilən ən yüksək qiymət 1996-cı ildə doktorluq dissertasiyasının Azərbaycanda ilk dəfə müdafiəsiz təsdiq edilməsi və eyni ildə həm pedaqoji elmlər doktoru, həm də professor adına layiq görülməsi oldu. Əjdər Ağayevə professor adının verilməsi haqqda təklifi irəli sürərkən bəzi elmlər doktorlarının Şurada etirazlarını görən Şuranın sədri Akademik Azad Mirzəcanzadə üzünü onlara tutub “bu illərdə neçə elmi işə rəhbərlik etmisiniz?” sualına adekvat cavab almadıqdan sonra Əjdər müəllimin elmlər namizədi olduğu halda 22 elmi işə rəhbərlik etdiyi və heç bir opponent rəyi tələb etməyən bir doktorluq dissertasiyası yazdığını bildirərək öz təklifinin üzərində qətiyyətlə dayanıb. Təbii ki, zəhmətin və elmin nə demək olduğunu Azad Mirzəcanzadə kimi nəhəng alimlər gözəl bilir. Həm pedaqogika elmləri doktoru, həm də professor olduqdan sonra Müdafiə Şurasının sədri (1997-1999), AAK Ekspert Şurasının üzvü kimi də fəaliyyət göstərmişdir. Respublikamızda Təhsil Sahəsində İslahat Proqramını və Təhsil haqqında Qanun layihəsini hazırlayan işçi qruplarının da üzvü olmuşdur. 2000-ci ildə Əməkdar müəllim adına layiq görülən Əjdər müəllimə müsahibələrin birində ünvanlanmış “Əməkdar müəllim adını, yoxsa Əməkdar elm xadimi adını seçərdiniz?” sualına Əjdər müəllim, “Əlbəttə, müəllim” demişdi. Ömrünün sonunadək də müəllimlərin müəllimi olaraq yaşamağa davam etdi.

Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin  üzvü, Rusiya Sosial və Pedaqoji Elmlər Akademiyasıının həqiqi üzvü olsa da , 500-dən çox elmi əsəərin, 40 kitabın, monoqrafiya və dərsliyin, proqram və metodik vəsaitin, 600-dən çox elmi-kütləvi, pblisistik məqalənin müəllifi, Azərbaycanda ilk Təhsil eksperti, Təhsil Şurası İctimai Birliyinin təsisçisi və ilk sədri olan Əjdər Ağayev əsl alim və əsl insan kimi bir müəllim ömrünü yaşadı.Son günlərinədək Bakı Mühəndislik Universitetinin auditoriyalarında sevimli tələbələriylə ünsiyyətdə olan Əjdər müəllimi məhz bu təhsil ocağından haqq dünyasına yola saldılar.

Bu gün Əjdər Ağayevin dogum gününün 85 illiyində böyük övladı olaraq bütün Əjdərsevərləri, müəllim ömrü yaşayan bütün müəllimləri, Əjdər Ağayev məktəbinin sadiq yetirmələrini ailəmiz adından salamlayır və onlara öz dərin təşəkkürümü bildirirəm. Yəqin ki, atasını itirən hər övlada onun yoxluğunda ona olan məhəbbəti üzərində hiss eləmək qismət olmur, biz sevgi dolu müəllim ömrü yaşamış alimin ona olan məhəbbətin işığında həyatına davam edən xoşbəxt övladlarıyıq…

Ülviyyə Əjdərqızı İbrahimova,

BDU-nun dosenti, t.ü.f.d.