Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-09 14:13:00
“İmtahanda xarici dil üzrə başqa yeniliklərə də ehtiyac var”-TƏHLİL

 

Yeni qərara əsasən, 2023-cü ildən etibarən magistraturaya qəbul imtahanlarında xarici dil üzrə 5 qrammatika sualı çıxardıldı, əvəzinə 5 mətn sualı əlavə edildi.

 

Belə ki, bakalavrların xarici dil üzrə oxuyub-anlama bacarığının daha dərindən yoxlanılması məqsədilə qrammatik və leksik dil biliklərini yoxlayan test tapşırıqlarının sayının 5 vahid azaldılması, əvəzində isə oxuyub-anlamanı yoxlayan test tapşırıqlarının sayının 5 vahid artırılması nəzərdə tutulur.

 

Bəs bu dəyişiklik nə dərəcədə zəruri idi? Başqa nə kimi dəyişikliklərə ehtiyac var?

 

Mövzu ilə bağlı ingilis dili üzrə təlimçi Aytən Vəliyeva AzEdu.az-a açıqlamasında dəyişiklik nəticəsində tələbələrin xarici dili ünsiyyət səviyyəsində öyrənməyə üstünlük verəcəklərini bildirib:

 

“Son illər xarici dil məsələsilə bağlı edilən dəyişikliklərin əsas məqsədi tələbələrin qrammatikaya deyil, dili danışıq səviyyəsində daha yaxşı mənimsəməyə yönləndirməkdir. Bunu nəzərə alaraq edilən dəyişikliyin son dərəcə normal olduğunu deyə bilərik. Çünki xarici dildə ünsiyyət zamanı qrammatikaya çox da önəm verilmir. Bu baxımdan dəyişikliyi müsbət qiymətləndirirəm. Beləliklə tələbələr dili rahat ünsiyyət qura biləcəkləri şəkildə öyrənməyə yönələcəklər”.

 

Təlimçi xüsusilə yeni nəsil gənclər üçün bu dəyişikliyin faydalı olacağını qeyd edib:

 

“Növbəti illərdə imtahan verəcək tələbələr əsasən son nəsil gənclərdir. Bu gənclər müəyyən qədər xarici dil öyrənməyə meyilli olurlar, hər hansı bir dili mənimsəməklə araları yaxşıdır. Ünsiyyət səviyyəsində mənimsəmənin yaxşılaşdıırlması üçün atılan addımlar da onlar üçün müsbət nəticə verəcək. Hər yeni il imtahana hazırlaşan tələbə xarici dil biliklərinə özündən əvvəlkindən daha yaxşı malik olur”.

 

Müəllim magistraturaya qəbulda xarici dil üzrə dəyişikliyə ehtiyac olan məqamlardan söz açıb:

 

“Ümumilikdə sual sayının bölüşdürülməsində müəyyən dəyişikliklər edilə bilər. Hazırda xarici dil üzrə 10 mətn sualı nəzərdə tutulub. Düşünürəm ki, bu sayın azaldılması arzuolunandır. Doğrudur, mətn üzrə tapşırıqlar işləmək tələbələrə qrammatikadan daha rahat gəlir. Bu baxımdan tələbələr üçün 10 sual sayı yaxşıdır. Amma bütövlükdə sual sistemində bu say nisbətən çoxdur. Əgər məqsəd danışıq səviyyəsinin yaxşılaşdırılmasına diqqət yönəltməkdirsə, bu zaman yazı və danışıqda da müəyyən dəyişikliklərə ehtiyac var. Bunun tələbələr üçün nə dərəcədə xoş olması sual altındadır, amma gözləniləndir”.