Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-06 15:45:00
Döyən şagirdləri gözləyən hüquqi cəzalar - Rəsmi əsaslar  

 

Zaman-zaman məktəblərdə təhsilverənlərin şagirdlərə şiddət göstərməsilə bağlı informasiyalar yayılır.

 

Sabunçu rayonunda yerləşən 310 nömrəli məktəbdə müəllimin 4-cü sinif şagirdini döyməsi ilə bağlı məlumatların yayılmasını nümunə göstərə bilərik. Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı araşdırma aparıldığı bildirilib.

 

 

Əgər müəllim təhsilalana qarşı fiziki və psixoloji şiddət göstərirsə hansı qayda və qanunları pozmuş olur? Ümumilikdə təhsilverənlərin fəaliyyəti hansı rəsmi sənədlər əsasında tənzimlənir?

 

AzEdu.az xəbər verir ki,təhsil müəssisələrində rəhbərlərin, təhsilverənlərin hüquq və fəaliyyət prinsipləri “Təhsil haqqında” Qanunda, “Müəllimlərin etik davranış Qaydaları” vasitəsilə tənzimlənir.

 

Təhsil müəssisəsində tədris prosesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulmasını təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verməməklə bağlı “Təhsil haqqında” Qanunun 11-ci maddəsində qeyd olunub.

 

Bununla yanaşı müəllimlərin təhsil müəssisəsində təhsilalana, rəhbər şəxsə, valideynə və kollektivə qarşı davranışlarının tənzimlənməsi, tələblərə riayət etməsi “Müəllimlərin etik davranış Qaydaları”-da vurğulanır. Bu Qaydalar təhsilin bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir.

 

Qaydalara uyğun olaraq müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.

 

Burada “Müəllimin şəxsiyyəti” adlı müddəalarda qeyd olunur: Müəllim təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşır, əsassız mühakimələrə yol vermir, obyektivlik və qərəzsizlik nümayiş etdirir.

 

Qaydaların təhsilalanlarla münasibət müddəasında xüsusi olaraq qeyd olunur:

 

  • Müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməlidir.
  • Müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır.
  • Müəllim təhsilalanlara qarşı xeyirxah və ədalətli olmalı, onlara qarşı haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmalı, onun nəticələrini aradan qaldırmağa çalışmalıdır.
  • Müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir.
  • Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

 

Yəni təhsilalana  qarşı hər hansı fiziki və psixoloji təzyiqin göstərilməsi bu qaydaların pozulması və həmin şəxs haqqında müəyyən ölçü götürülməsi ilə nəticələnir.

 

Müəllimlərin and içməsi zamanı oxuduğu mətndə “peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma and içirəm”-deyə bildirir. Bu hərəkətlərə yol verən şəxs öz müəllim andını da pozmuş hesab olunur.

 

“Bu Qaydaların pozulması hallarının rəhbərlikdə və kollektivdə müzakirəsini təşkil etməli və qayda pozmuş müəllimlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir”-deyə etik davranış Qaydalarında qeyd olunur.

 

Qaydalar pozulduğu və təhsilverən şəxs səhvlərini təkrar etdiyi halda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir.

 

Eyni zamanda bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən müqavilə ləğv edilir.

 

Qeyd edək ki, uşağa qarşı şiddət göstərən bağça tərbiyəçisilə bağlanmış əmək müqaviləsi  Təhsil Naziliyinin məlumatına görə,yuxarıda qeyd olunan qaydalara əsasən ləğv edilib. Hazırda Daxili İşlər Nazirliyi tərəfindən həmin şəxs barəsində araşdırma aparılır.

 

http://www.e-qanun.az/framework/18343

 

http://www.e-qanun.az/framework/28869

 

http://e-qanun.az/framework/46943