Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-06 12:04:00
DİM-in əməkdaşları Azərbaycanın təcrübəsini paylaşıblar

Meksikanın paytaxtı Mexiko şəhərində Anaxuak Universitetinin təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assessment) “Qiymətləndirmənin keyfiyyətli təhsilə töhfələri” mövzusunda keçirilən 47-ci illik konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn Niderlandın İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzi (RCEC) təşkilatının direktoru Arnold Brouver ilə birgə “Qiymətləndirmə təşkilatlarının keyfiyyətinin təmin edilməsi: Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin RCEC-nin auditi ilə bağlı nümunə araşdırması” mövzusunda çıxış edib. O, DİM tərəfindən təşkil olunan imtahanların keyfiyyətinin RCEC təşkilatının auditindən keçməsi ilə bağlı məlumat verib. V.Hüseyn çıxışı zamanı RCEC audit alətləri və prosedurlarının çevikliyi və aydınlığı, auditin DİM-in inkişaf strategiyalarına töhfələri kimi məsələlərə toxunub.

 

Şöbə müdiri, həmçinin Azərbaycanda ingilis dilinin qiymətləndirilməsinə aid islahatların dillər üzrə ümumavropa çərçivə sənədinə (CEFR) uyğunlaşdırılmış xarici dil kurikulumunun inkişafına təsiri barədə danışıb, DİM tərəfindən ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə birgə həyata keçirilmiş “Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” proqramı, “Xarici dillər üzrə fənn kurikulumu, tədris və qiymətləndirmə vəsaitlərinin (ingilis dili) təkmilləşdirilməsinə dəstək” layihəsi, onların nəticələri və CEFR sənədinin Azərbaycan dilinə tərcüməsi barədə məlumat verib.

 

Bununla yanaşı, V.Hüseyn konfransın “Ali təhsil müəssisələrinə qəbul üçün qiymətləndirmə” və “K-12 qiymətləndirməsi” adlı sessiyalarına moderatorluq edib.

 

Konfransda DİM-in Statistik araşdırmalar və elmi layihələndirmə şöbəsinin baş məsləhətçisi Elmir Şirinov “Azərbaycan Respublikasında buraxılış imtahanlarının nəticələrinin təhlili” mövzusunda məruzə ilə çıxış edib.

 

Xatırladaq ki, DİM (əvvəlki TQDK-nın fəaliyyəti də daxil olmaqla) 1999-cu ildən IAEA-nın daimi üzvüdür. 2007-ci ildə IAEA-nın 33-cü illik konfransı da DİM-in təşkilatçılığı ilə MDB və Şərqi Avropa dövlətləri arasında ilk dəfə Azərbaycanda keçirilib. 2019-cu ildə DİM tərəfindən IAEA-nın 45-ci illik konfransı keçirilib və həmin tədbirdə 500-dən artıq xarici təşkilatların nümayəndələri iştirak edib.