Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-05 13:36:00
BMU-nun rektoru müəllimləri təbrik edib  

 

BMU-nun rektoru, professor Havar Məmmədovun Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib.

 

AzEdu.az rektorun təbrikini təqdim edir:

 

"Sizləri 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi qəlbdən təbrik edir, şərəfli və məsuliyyətli pedaqoji fəaliyyətinizdə yeni-yeni nailiyyətlər diləyirəm!

 

Müəllim cəmiyyətin rifahının asılı olduğu peşələr siyahısında başlıca yer tutur və bu peşə sahiblərinin əməyinin nəticəsində yetişən savadlı, vətənpərvər insanlar cəmiyyəti daim inkişaf etdirərək irəli aparırlar. Müəllimlərin cəmiyyətdəki mövqeyi, həyat bələdçisi kimi fədakarlığı, təhsil və ölkənin inkişafındakı rolu, həmçinin sağlam cəmiyyətin formalaşdırılmasında xidmətləri danılmazdır. Müəllim əməyi sağlam dünyanın təməli, sağlam gələcəyə sərmayədir.

 

Bu gün hər birimiz tutduğumuz mövqe və vəzifədən asılı olmayaraq, məhz bu şərəfli peşənin nümayəndələrinə, dünyaya nur saçan, müəllim adının ülviliyini, müqəddəsliyini uca tutan, həyat təcrübəsini və əvəzsiz biliklərini hər zaman bizlərlə paylaşan, peşəsinə sadiq pedaqoqlara borcluyuq. Müəllim adını böyük hörmət və ehtiramla anan, onun əməyini layiqincə qiymətləndirən ölkə Prezidentimiz cənab İlham Əliyevin də vurğuladığı kimi, bu gün Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur.

 

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə  30 il işğal altında olan torpaqlarımızı düşməndən azad edən, bizə qələbələr qazandıran, Vətənə bağlı igid əsgərlərimizin yetişdirilməsində də müəllimlərin böyük əməyi vardır.  Milli ruha sahib vətənpərvər, yeni dövrün innovasiyalarını əxz etmiş  gənclik həm cəbhədə, həm də informasiya məkanında haqq işimiz uğrunda mübarizədə fəal iştirak edir.

 

Belə bir tarixi və şərəfli dövrdə tutduğu mövqedən asılı olmayaraq, hər bir şəxsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin böyük və danılmaz xidmətlərinin olduğu bir daha təsdiqini tapır.

 

Əziz müəllimlər, Vətənimizin bütövlüyü uğrunda başladılan bu müqəddəs missiyada üzərimizə düşən vəzifələri bundan sonra da  layiqincə yerinə yetirməli, imkanlarımızdan səmərəli şəkildə istifadə edərək birgə fəaliyyətimizi daha da gücləndirməli, xalqımızın intellektual potensialının formalaşdırılması, dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın qorunması, gənclərin vətənpərvərlik ruhunda xalqına sadiq, torpağına bağlı şəxsiyyət kimi yetişdirilməsi istiqamətində daha əzmlə çalışmalıyıq.

 

Sizlərə ən səmimi təbriklərimi çatdırır, hər birinizə möhkəm cansağlığı, şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycanın qalib dövlət kimi qüdrətinin artırılması işində hər birinizə tükənməz enerji arzu edirəm!  Çətin, lakin nəcib müəllimlik peşəsi Sizlərə daim şərəf, iftixar, məmnunluq gətirsin!"