Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-05 14:08:00
“Kolleclərin heç nəyə lazım olmadığını görürük” – Millət vəkilindən təhsil iradları

“Məsələyə ciddi yanaşsaq, bu gün faktiki olaraq kolleclərin heç nəyə lazım olmadığını görərik” 

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, xüsusi ixtisaslaşma getmirsə, müəyyən texniki bilgilərə və ixtisasa yiyələnmək imkanı yoxdursa, kadr bazası da güclü deyilsə, deməli kolleclərin heç bir effekti yoxdur:

“Azərbaycan cəmiyyətində uşağın 4 il təhsil alması tələbənin dərsə gedib-gəlməsi və ailə tərəfindən yolpulu ilə təmin olunmasından ibarətdir. Həmin uşaq gələcəkdə iş tapacaqmı, yaxud, onun oxuduğu ixtisasa ölkədə nə dərəcədə ehtiyac var? və s. kimi sualların cavabını düşünən yoxdur. Çox  şöhrətpərəst cəmiyyətik. Təki deyilsin ki, uşaq gedib hardasa təhsil alır. Kollecdə oxuyub, gələcəkdə kim olacaq?-  Bu sualın cavabını heç kim bilmir. Təhsilin məqsədyönlülüyü məsələsi üzərində durmaq lazımdır. Hansı istiqamətdə müasir peşələrə uyğun hazırlıq prosesi gedirsə, ora  axın olmalıdır. İnsanlar bilməlidirlər ki, hansı ixtisası öyrənsələr, daha çox bilik və qazanc əldə edə bilərlər”.

Millət vəkili hazırda ən çox ehtiyac duyulan təhsil sahəsi kimi bunu  göstərir:

“Azərbaycanda bu gün ən çox ehtiyac olan sahə peşə təhsiliylə bağlıdır. Peşə təhsilinin özü də modernləşməlidir. Bu gün savadsız fəhlə bazarda o qədər də faydalı olmur. Fəhlə otu biçəndə, nəyisə təmizləyəndə texniki vasitələrlə bunu etməlidir. Bu səbəbdən də texniki peşə  təhsilinə daha çox diqqət yetirilməlidir. Savadı, intellekti yetərli olmayan adamlar bura yönəlib, hansısa peşəni öyrənib gələcəkdə dolanışıqlarını təmin edə bilərlər.

Fazil Mustafa açıqlamasında həmçinin, cəmiyyətin universitetlərə ifrat meyillərindən danışıb: 

“Azərbaycanda bir xəstəlik var: Hamı universitet damğası daşımalı, universitetdə oxumalıdır. Bu ailə, nəsil üçün yetərlidir. Fikir vermisinizsə, Azərbaycanda uşağın məzun olması yox, ancaq universitetə qəbul olunması qeyd olunur. Ali məktəbə daxil olmaq dünyada, Avropada, hətta Hindistanda belə adi bir hadisədir. İstənilən adam orta bal toplayıb istədiyi universitetə pulunu ödəməklə qəbul oluna bilər. Öz başımızı mənasız televiziya şouları, seriallarla qatırıq, zamanımızı kolleclə öldürürük. Hədəfimiz, məqsədimiz, nəticəyə varma düşüncəmiz yoxdur. Hər kəs kənardan kimlərinsə bəyənməsi xatirinə nələrsə edir. Hamının həyatı sosial şəbəkədən- Facebookdan ibarətdir. Yuxudan durmuşuq və gözləyirik ki, bizi nə qədər adam bəyənəcək. Özünüz özünüzü bəyənin. Facebookda  Azərbaycan qədər bəyənməyə meyilli ikinci ölkə yoxdur”.

Fazil Mustafa qeyd edib ki, peşə məktəblərində tədrisin forması  kolleclərdə olduğu kimidir:

“Dəniz akademiyası, su akademiyası və  s. Azərbaycanda az qala hər şeyin adına akademiya var. Məsələn, hüquq ixtisasını  sanballı hüquq fakültəsində daha yaxşı tədris etmək faydalıdır. İdarəetmədən tutmuş hər qurumun bir akademiyası var. Hərənin bir akademiyası olan yerdə də akademik bilik olmur. Hazırda universitetlərin əksəriyyətinin yataqxana şəraiti yoxdur. Necə universitetdir ki, onun yataqxanası yoxdur? Ona görə ki, tələbəylə maraqlanan universitet modeli formalaşmayıb. Halbuki, yurd şərtlərində də təlim-tərbiyə məsələləri davam etməlidir. Biz hələ də təhsilin məqsədəuyğunluğu anlayışına varmamışıq. Təhsil bizim üçün vaxtımızı öldürmə vasitəsidir. Orta məktəbdə oxuyan uşaq hazırlığa getmirsə, sabahkı dərsinə yetərincə hazırlaşa bilmir. Dərsdə təhsilin keyfiyyətini qaldıra bilmirik ki, şagird evdə təhsilə bu qədər vaxt  sərf etməsin. Məktəbli dərsə mövzunu keçibsə, əlavə 4 saatını niyə başqa müəllimin yanında keçirməlidir?!11 il oxuyubsa, niyə repetitor yanına getməlidir?! Təhsil pulsuz olsa da, övladının təhsili üçün hər ailənin ayda minumun 300 manat xərci çıxır. Bu şəraitdə fərdi istedadlar yetişə bilir, amma kütləvi şəkildə gənclərin elm dalınca getməsi mümkünsüzdür. Çünki biz düşünən insan formasını hazırlaya bilmirik. Əyləncəylə vaxt öldürən insan yaradırıq. Bu, gələcəkdə bizimlə rəqabət aparan insan bazasına uduzmağımız deməkdir. Dünyada əsas sərvət neft, qaz, pambıq  sayılmır. Dünyada əsas sərvət insandır. İnsanı da sərvətə çevirə bilmək üçün ona yaxşı təhsil vermək lazımdır”