Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-05 09:41:00
“Məktəb və uşaqlar şiddətin sadəcə həmin gün olduğunu bildirsələr də, araşdırmalar əksini göstərir”-Şura SƏDRİ

 

“Məktəb rəhbərliyi və uşaqlar şiddətin yalnız həmin günə məxsus olduğunu vurğulasalar da, araşdırma zorakılığın təkrarlanmış formada olduğunu göstərir”.

 

112 nömrəli tam orta məktəbdə baş verən hadisənin videogörüntüləri yayıldıqdan sonra Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri həmin məktəbdə olub.

 

Şura üzvləri məktəbdə hadisə ilə bağlı ilkin araşdırma və monitorinq aparıb.

 

AzEdu.az xəbər verir ki, şura sədri monitorinq nəticələrilə bağlı məlumatları bölüşüb:

 

“Məlumat İcimai Şuraya bu gün səhər saatlarında daxil oldu və şuranın üzvü hörmətli Məleykə Əlizadə ilə birlikdə məktəbə getdik. Orda həm məktəb rəhbəri, həm DİN nümayəndələri, həm BŞTİ-nin nümayəndələri, həm də Ailə, Qadın və Uşaq məsələləri üzrə dövlət komitəsinin nümayəndəsi iştirak edirdi. İctimai Şura olaraq valideyinlərlə, uşaqlarla, məktəb psixoloqu ilə görüşdüb danışdıq. İlk növbədə onu qeyd etmək lazımdır ki, məsələnin iştirakçılarının uşaqlar olduğunu və istənilən məsələdə uşaq rifahının əsas olduğunu unutmamalıyıq”.

 

Şura sədri hadisənin əvvəllər də baş verdiyini bildirərək, görüntülərdə digər uşaqların hadisəyə səssiz qalmasının səbəbinə aydınlıq gətirib:

 

“Hadisə 30 sentyabr 2022-ci il tarixində məktəbdə tənəffüs zamanı baş verib. Lakin eyni zamanda həmin uşaqların aralarında yaranan anlaşılmazlığın hadisə baş verməzdən öncə olması digər mənbələr tərəfindən verilib. Məktəb rəhbərliyi və uşaqlar şiddətin yalnız həmin günə məxsus olduğunu vurğulasalar da, araşdırma zorakılığın təkrarlanmış formada olduğunu göstərir. Hadisədə ictimayyəti narahat edən əsas hallardan biri digər uşaqların zorakılığa mane olmamalarıdı. Uşaqlar bunun səbəbini şiddətin qurbanı olmaqdan qorxmaları ilə izah etdilər. Bu isə bir daha şiddətin təkrarlanan hal olduğunu təsdiq edir. Valideyinlərlə görüş zamanı (həm videonu çəkən, həm də zorakılıq qurbanı olan) müəyyən edilib ki, uşaqlar heç bir psixoloji yardım almayıb və valideyin olaraq onları kifayət qədər müşahidə altına almayıblar. Valideyinlərlə bağlı ciddi iş aparılmalı və valideyin məsuliyyəti məsələsi bir daha gündəmə gəlməlidir”.

 

O,məktəbdə bu istiqamətdə müəyyən boşluqların olduğunu nəzərə çatdırıb:

 

“Eyni zamanda məktəb rəhbərliyi və müəllimlərin hadisənin baş verməməsi üçün kifayət qədər preventiv tədbirlərin görmədikləri, məktəbdə bununla bağlı mexanizmin olmadığı müəyyən edilib. Məktəbdə psixoloq fəaliyyət göstərir və tanış olduğumuz sənədlərə əsasən uşaqlarla məhdud formada olsa da psixoloji danışıqlar aparılır. Lakin, yalnız bu məktəbin timsalında deyil, ümumilikdə psixoloqlar üçün hər hansı bir dərs saatının olmaması, məktəbin özünün psoxoloji xidmətin təşkili ilə bağlı metodlar formalaşdırmaması, psixoloji diaqnostikanın kifayət qədər aparılmaması müşahidə edildi”.

 

“Lakin bir daha qeyd edirəm ki, bu ilkin nəticələrdir və sizinlə paylaşmalı idim. Eyni zamanda Elm və Təhsil Nazirliyinə məktəblə və inzibati məsələlərlə bağlı təklifləri hazırlayıb təqdim edəcəyik. Qeyd edim ki, bütün təkliflər ictimailəşdiriləcək”-deyə, o bildirib.