Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-02 16:32:00
Dərsliklərdə keyfiyyətin artırılması üçün çox zəruri təkliflər-Mütləq tətbiq edilməli

 

 

“Elm və Təhsil Nazirliyi nəşriyyatlarla müqavilə bağlayaraq dərslik sahəsində baş verən monopoliyaların qarşısını almalıdır”.

 

Bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti  Fəxrəddin Yusifov AzEdu Təhsil Portalının nəznində yaradılan Dərsliklərin Müstəqil Monitorinqi Mərkəzinin təşkil etdiyi müzakirə zamanı deyib.

 

O, dərsliklərin monopoliyadan qurtulması istiqamətində bir sıra təkliflərlə çıxış edib:

 

Düşünürəm ki, dərsliklərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı olan məsələlərdə  məzmun formalaşmasına xidmət edən proseslərə baxmaq daha effektiv yol olacaq.

 

Dərslik materialları layihələr formasında təqdim edilməlidir. Onların monitorinqi aparılmalı və  monopoliyadan qurtulması istiqamətində  ciddi qabaqlayıcı işlər görülməlidir. Bütün fənlər üzrə monitorinqlərin aparılmasına  ehtiyac var. Bu gün ölkəmizdə savadlı və kadr baxımından inkişafa meyilli şəxslərin sayı artıb. Monopoliyaların daha da geniş miqyas almasına imkan verməyəcəyik. Çünki layihələr formalaşdıqdan sonra müəlliflərin hər biri süzgəcdən keçiriləcək”.

 

Fəxrəddin Yusifov dərsliklərin məzmunu ilə bağlı bir təkliflə də çıxış edib:

 

İkinci məsələ isə dərsliklərin məzmununun ümumi prinsipləri ilə bağlıdır. Yaradılan pedaqoji prinsiplərə yenidən baxılmalıdır. Burada şagird və nəticəyönümlülük kimi məsələlər nəzərə alınmalıdır. Vətənpərvərlik və azərbaycançılıq ideyaları geniş şəkildə təbliğ edilməlidir. Nazirlik bunun üçün ekspert və mütəxəssislər toplamalı, bütün fənlərin ümumi prinsiplərinin nələrdən ibarət olması ilə bağlı real faktlara üstünlük verməlidir”.

 

O, qeyd edib ki, nəşriyyatlarla müqavilələrin bağlanmasına ciddi ehtiyac var:

 

İnkişaf edən nəşriyyatların olması çap işlərinin keyfiyyətinə, dizayn məsələlərinə kömək edəcək. Nəşriyyatlarla müqavilənin bağlanması dərslik yazılması  üçün vacibdir. Burada daha yaxşı müəlliflərin seçilməsi üçün geniş imkanlar formalaşacaq, bu ənənəyə qayıtmaq lazımdır. Burada yenə də əsas rol Elm və Təhsil Nazirliyinin üzərinə düşməlidir.

 

Monopoliyanın qarşısı kəsilməsə, yeni təfəkkür tərzinə formalaşa bilinməyəcək. Məktəblərdə 5-11-ci siniflərdə eyni insanlar dərsliklərin müəllifi qismində çıxış edirlər. Belə olduqda eyni müəllif öz təfəkkür tərzi ilə məsələyə yanaşacaq. Bu istiqamətdə məhdudiyyət qoyulmalıdır, bir müəllim kollektivi yalnız bir dərslik üzərində işləməlidir”.

 

Qeyd edək ki, müzakirə zamanı dərsliklərin keyfiyyətinin artırılması üçün bir çox zəruri təkliflər irəli sürülüb. Həmin təkliflər Dərsliklərin Müstəqil Monitorinqi Mərkəzi tərəfindən sistemləşdirilib. Onlara əlavə olunduqdan sonra təkliflər aidiyyatı dövlət qurumlarına təqdim ediləcək, problematik məqamlar ictimailəşdiriləcək.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları