Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-29 17:09:00
BDU-da “Qarabağ mühazirələri” adlı yeni layihəyə başlanılıb

Bakı Dövlət Universitetinin (BDU) könüllülərinin təşəbbüsü ilə “Qarabağ mühazirələri” adlı yeni layihəyə başlanılıb.

 

Bu barədə AzEdu.az-a BDU-dan məlumat verilib.

 

Layihənin məqsədi gənclərimizin 44 günlük Vətən müharibəsi ilə bağlı məlumatlarını daha da zənginləşdirmək, onlarda vətənpərvərlik hisslərini gücləndirməkdir.

 

Layihənin ilk qonağı Milli Məclisin deputatı, I Qarabağ müharibəsi veteranı, BDU-nun İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev olub.

 

Arzu Nağıyev 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti barədə gənclərə məlumat verib, bu Qələbənin Prezident-xalq-ordu birliyinin məntiqi nəticəsi olduğunu deyib. O bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz qısa müddət ərzində uydurma erməni mifini darmadağın edib, 30 ildən çox müddətdə işğalda qalmış torpaqlarımızda üçrəngli bayraqlarımızı əbədi ucaldıb. A.Nağıyev müharibənin yalnız ön cəbhədə deyil, informasiya cəbhəsində də getdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə xarici mediaya verdiyi müsahibələr Azərbaycanın haqq səsini və haqlı mövqeyini dünyaya bəyan edib. “Müzəffər Ali Baş Komandanın rəsmi tviter hesabında Qələbə müjdəli paylaşımları xalqımızı, ordumuzu daha da ruhlandırırdı və tarixi Zəfəri yaxınlaşdırırdı”,- deyə A.Nağıyev bildirib.

 

Deputat doğma Qarabağımızda aparılan sürətli yenidənqurma və bərpa işləri ilə bağlı tələbə könüllülərə məlumat verib. Qeyd edilib ki, dövlətçiliyimizin qorunmasında, haqq səsimizin dünyaya çatdırılmasında Azərbaycan gəncliyinin üzərinə böyük məsuliyyət düşür. O, gəncləri yaxşı təhsil almağa, ölkəmizin mənafeyini qorumağa səsləyib.

 

Sonra Arzu Nağıyev tələbələrin suallarını cavablandırıb.