Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-01 10:39:00
Qaib limitinin “tıxacına düşən” tələbələr- Onlara hansı güzəştlər edilə bilər?

 

“Universitet rektorları, Elm və Təhsil Nazirliyi yollardakı problemləri nəzərə alaraq tələbələrə güzəşt etməlidirlər”

 

Xüsusilə səhər saatlarında Bakının yollarında müşahidə olunan tıxac paytaxt sakinlərilə yanaşı tələbələrə də ciddi problem yaradır.

 

Universitetlərdə səhər növbəsinin dərsləri əsasən 08:00-08:30 saatlarında başlayır. Yerli ali təhsil müəssisələrinin əksəriyyətinin Bakıda yerləşdiyini nəzərə alsaq, hər gün minlərlə tələbənin yollarda kifayət qədər vaxt itirməsi, tıxac səbəbilə dərsə gecikməsi danılmaz faktdır. Belə olan halda tələbə dərslərə davamiyyət problemlərlə üzləşir, gecikməyə görə qaib alır və bunun imtahana giriş balına öz mənfi təsirini göstərir. Həmçinin o limitə çataraq kəsr riski ilə üz-üzə qala bilər.

 

Bəs bu istiqamətdə nə kimi addımlar atılmalıdır? Tələbələrə hansı güzəştlər edilə bilər?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan “Azərbaycan universitetləri” təhsil səhifəsinin idarəçisi Zöhrab Süleyman tələbələrlə yanaşı,müəllimlərin də bu məsələdə çətinlik çəkdiyini qeyd edərək, problemin səbəblərindən söz açıb:

 

“15 sentyabrdan etibarən istər tələbələr, istərsə də müəllimlər - bir sözlə cəmiyyətin bütün təhsilverənləri və təhsilalanları çox böyük problemlə üz-üzə qalıb. Əslində illərdir ölkədə tıxac problemi mövcuddur. Ancaq bu problem son 2 həftə ərzindədaha ciddi hal alıb. Bütün Bakı küçələri, metro, avtobuslar, Bakı-Sumqayıt yolu, Bakı -Sumqayıt sürət qatarı, bir sözlə hər yer tıxacla bir növ "boğulur". Qısa arayış verim ki, hazırda Azərbaycan universitetlərində 200.000-ə yaxın tələbə təhsil alır. Ümumi tələbələrin tam yarısı Bakının payına düşür. Ölkənin 51 ali məktəbinin 70%-i Bakıda və Abşeron yarımadasında yerləşir. Bu çox böyük problemdir. Zaman-zaman ali məktəblərin Bakıdan köçürüləcəyi ilə bağlı xəbərlər gündəmə gəlsə də, bu elə xəbər olaraq qaldı. Əhali artır, Bakı isə yüklənir. İş yerləri, dövlət idarələri universitetlər kolleclər - bir sözlə hər şey Bakıdadır. Bu cür yüklənmənin məntiqi sonluğu belə olmalı idi”.

 

O, xüsusilə Bakı ətrafından mərkəzdə yerləşən universitetlərə gələn tələbələrin yollardakı problemlər səbəbilə dərsə zamanında çata bilmədiyini nəzərə çatdırıb:

 

“Məsələ ilə bağlı danışan ekspertlər çoxdur. Mən isə bütün bunların təhsilimiz üçün yaratdığı problemdən danışım. Bilavasitə tıxacın yaratdığı ən böyük problem səhər tezdən tələbəyə yazılan qaiblərdir. Bir -iki universiteti çıxsaq, yerdə qalanlar 08:30-da tədrisə başlayır. Tələbələrin isə hamısı universitet yaxınlığında yaşamır. Əksəriyyət kimi mən də hər səhər Sumqayıtdan Bakıya gəlirəm. İş yerim mərkəzə yaxın olduğundan sürət qatarından istifadə mənə daha rahat gəlir. Ancaq son zamanlar yaranmış tıxac hər kəsi Bakı-Sumqayıt sürət qatarlarından istifadə etməyə sövq edib. Qatarların qrafiki tələbələrin ilk dərsə yetişməsinə mane olur. Paralel olaraq işə tələsənlər də tələbələrlə eyni vaxtda getdiyindən yaranan mənzərəni özünüz təsəvvür edin”.

 

Zöhrab Süleyman, problemin nəzərə alınaraq tələbələrə güzəşt edilməsinin vacibliyini vurğulayıb, həmçinin bu istiqamətdə öz təkliflərini qeyd edib:

 

“İlk təklifimiz universitet rektorlarına və Elm və Təhsil Nazirliyinədir ki, 08.30-da ilk dərsə gecikən tələbələrə güzəşt edilsin. İkinci təklifimiz Azərbaycan dəmir Yollarınadır ki, qatarların sayı artırılsın, 4 qatarkifayət etmir. Onların da biri biznes-klasdır. Digər vaqonlarda inanılmaz dərəcədə sıxlıq olduğu halda biznes vaqonları boş qalır. Bu təklifə əlavə olaraq qatarların intervalları azaldılsın. Bakı metrosu əlindən gələnin artığını edir ki, yerüstü nəqliyyatda baş verən tıxacları aradan qaldırsın. Metro haqda heç bir təklif verə bilmirik. Bizə görə hətta insanların hissə hissə metroya buraxılması son dərəcə məqbul addımdır. Bir anlıq təsəvvür edin ki, stansiyanın bütün qapıları açılır insanlar sel kimi metroya daxil olur. İçəridə baş verə biləcək potensial xaosu özünüz düşünün. Metro əlavə qatar, interval azaldılması baxımından ən məhdud nəqliyyat növüdür. Ancaq yerüstü ictimai nəqliyyat bu baxımdan korluq çəkməməlidir. Hər səhər tələbələrin universitetlərə gedərkən çəkdikləri zülmü görməmək mümkün deyil. Marşrut sayını artırmaq çətin proses olmamalıdır”.

 

“Bütün bunların fonunda universitetlərimizin yataqxana problemi, üstəlik bahalaşan kirayə evlərdə yaşayan tələbələr tıxacın miqyasını artıran ən böyük amillərdən biri hesab olunur. Heç bir zaman bu barədə fikir bildirməmişəm - ancaq indi deyəcəm. Həqiqətən də universitetlərimizin Bakıdan köçürülməsi çox zəruridir. Bu halda regionlarımızın da inkişafını sürətləndirəcək. Bakı yükdən qurtulacaq və nümunəvi şəhərə çevriləcək”-deyə, o bildirib.