Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-28 17:30:00
“Müəlliflərin  dərslikləri uzun illər monopoliyada saxlaması  düzgün deyil”-SƏRT İTTİHAM

 

 

“Dərsliklər  praktikadan keçdikdən sonra  müəyyən təhsil müəssisələrində  eksperimental qaydada yoxlanıldıqdan sonra  tədrisə veriləcək. Əgər müsbət nəticə əldə olunsa, birbaşa məktəblərə təqdim ediləcək”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında ADPU-nun İbtidai təhsil fakültəsinin  dekanı, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov deyib.

 

Uzun illər ölkəmizdə çap edilən dərsliklərin monopoliyalaşması və onların tək əldən nəşr edilməsi ilə bağlı fikirlər səslənib.

 

Bir çox tədqiqatçılar dərsliklərdə olan çatışmazlıqların monopoliyanın təsirindən baş verdiyini qeyd ediblər.

 

Fərrux Rüstəmov dərslik monopoliyasının formalaşmasının əsas səbəblərini qeyd edib:

 

10 illər ərzində bir qrup şəxs dərslikləri yazmağa davam etdilər. İndi isə Azərbaycan Respublikası Təhsil İnstitutunda  təhsil texnologiyaları və resursları üzrə mərkəz yaradılıb. Bu yer ümumtəhsil məktəblərindəki müəllimləri prosesə qoşmaq şərti ilə yeni dərsliklər hazırlayır. Bu çap məhsulları ehtiyac dərslik xarakteri daşıyır. Onlar praktikadan keçdikdən sonra  müəyyən təhsil müəssisələrində  eksperiment qaydada yoxlanıldıqdan sonra  tədrisə veriləcək. Əgər müsbət nəticə əldə olunsa, birbaşa məktəblərə təqdim ediləcək. Bunun nə dərəcədə uğurlu olub-olmayacağı sonranın işidir. Bir müəllifin  uzun illər dərslikləri monopoliyada saxlaması  düzgün hadisə deyil.

 

 

“Yəhya Kərimov 1960-cı illərdən 90-cı illərə kimi dərsliklər yazdı və çox mükəmməl işlərə imza atdı. Neçə nəsil isə ondan örnək aldı. Lakin əsas problem və səhv siyasət dərsliklərin yazılması zamanı işin mütəxəssis, alim və müəllimlərə deyil, nəşriyyatlara həvalə edilməsi oldu. Həmin nəşriyyatların isə xüsusi müəllifləri yox idi. Onlar özlərinə yaxın  insanları ətraflarına topladılar. Onlar arasında uğurlu olan və olmayanlar da kifayət qədər idi. Nəşriyyatlar yaxşı qonorar verməmək üçün keyfiyyətli mütəxəssisləri  buraya cəlb etmədilər. Çünki onlar yüksək məbləğdə qonorar istəyirdilər. Bu, da həmin sahə ilə əlaqəsi olmayan şəxslərin dərslik sektoruna daxil olmasına şərait yaratdı. Bir qayda olaraq, dərsliyin sahibi Elm və Təhsil Nazirliyidir. Bu rəsmi qurum mütəxəssisləri dəvət etməli, dərsliyi onlara hazırlatmalı, sonra isə buna cavabdehlik daşımalıdır”.

 

Fərrux Rüstəmov dərslik monopoliyasının qarşısının alınmasının üçün nə kimi tədbirlərə əl atılmasının vacibliyini qeyd edib:

 

2018-2019-cu illərdən layihə şəklində ehtiyyat dərsliklər hazırlanıb. Həmin çap məhsulunu görməmişəm və onlarla işləmək imkanım olmayıb. Onların nəticəsini isə 3-4 ildən sonra bilmək mümkün olacaq. Amma yaxşı cəhət odur ki, hazırda dərsliklər müzakirəyə təqdim olunur. 1-2 il dərsliklər layihə şəklində olmalı, ümumtəhsil məktəblərində   sınaqdan keçməlidilər. Çünki müəllimlərin də fikrini almaq dərsliklərin nəşri üçün vacibdir”.

 

O, ölkəmizdə dərslik sahəsində yaxşı nümunələrin də olduğunu xatırladıb:

Hesab edirəm ki, Azərbaycanda dərslik yaratmaq sahəsində  yaxşı ənənə formalaşıb. İbtidai sinif üzrə ana dili dərslikləri də yazılıb, qeyd edim ki, bu fənn üzrə ilk dərsliyi Üzeyir Hacıbəyəv qələmə alıb. Arzulayıram ki, şəxsiyyət və şagirdyönümlü dərsliklər dərc olunsun”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları