Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-27 14:57:00
Vətən Müharibəsində ən çox bu universitetlərimizin məzunları şəhidliyə yüksəlib-SORĞU

 

27 Sentyabr-30 illik həsrətin sona çatmasının başlandığı, bu uğurda canını fəda edən qəhrəman şəhidlərin anım günüdür.

 

44 günlük Vətən müharibəsində qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalanlar arasında yerli ali təhsil müəssisələrimizin onlarla tələbə, məzun və əməkdaşları da var.

 

AzEdu.az Azərbaycan universitetlərinin hər biri üzrə şəhid tələbə, məzun və əməkdaşlarının sayını təqdim edir:

 

Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva Vətən müharibəsində universitetin 19, son sentyabr hadisələrində isə 1 şəhid verdiyini bildirib.

 

Azərbaycan Texniki Universitetin mətbuat katibi Sevinc İsgəndərova universitetin ümumi olaraq 35 tələbə və məzununun 44 günlük savaşda şəhidlik zirvəsinə ucaldığını qeyd edib.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev 44 günlük Vətən müharibəsində 24, müharibədən bugünə qədər isə ayrı-ayrı vaxtlarda 3  məzunun şəhid olduğunu söyləyib:

 

“AzMİU-nun 27 nəfərdən əlavə də şəhid məzunları, eləcə də tələbələri olub. I Qarabağ müharibəsində, həmçinin suverenliyimizi və dövlətçiliyimizi qorumaq üçün xalq olaraq apardığımız mübarizələrdə AzMİU-nun onlarla tələbə və məzunu şəhidlik zirvəsinə ucalıb. Tələbə və məzunlarımızdan 10 nəfəri göstərdikləri şücaətə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüblər. Şəhidlərimizin və Milli Qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi üçün AzMİU-da Memorial-Xatirə Kompleksi yaradılıb”.

 

Azərbaycan  Dövlət  iqtisad  Universitetinin  İctimaiyyətlə  əlaqələr  şöbəsinin müdiri Elnarə  Məmmədova universitetin Vətən müharibəsində 23 tələbə və məzununun şəhid olduğunu qeyd edib.

 

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova universitetin 44 günlük döyüşlərdə iştirak edən 18 məzunun öz müqəddəs həkimlik peşələrini yerinə yetirəm zaman qəhrəmancasına şəhid olduqlarını nəzərə çatdırıb.

 

Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə  əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı universitetin 3 şəhidinin xatirəsinin əbədiləşdirildiyini bildirib:

 

“Universitetimizin hər üç korpusunda şəhidlərimizin xatirəsinə lövhələr asılıb. Həmçinin universitetin müxtəlif 3 auditoriyasına şəhidlərimizin hər birinin adı verilib. Həmin auditoriyaların açılışında şəhid tələbələrimizin valideynləri, yaxınları iştirak ediblər”

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov universitetin 13 məzununun torpaqların bütövlüyü uğrunda şəhid olduğunu bildirib.

 

Lənkəran Dövlət Universitetinin mətbuat katibi Esmira İsmayılova universitetin 11 məzununun şəhidlik zirvəsinə ucaldığını qeyd edib:

 

“Şəhid məzunlarımızla yanaşı, universitetimizin əməkdaşları arasında döyüşlərdə şücaət göstərən qazilərimiz var. Şəhidlərimizdən biri olan baş leytenant Vüsal Kazımov Şuşa uğrunda döyüşlərdə şəhadətə ucalıb. Onun atası universitetimizin sosial məsələlər üzrə prorektoru Kamran Kazımovdur”.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi Şahanə Müşviq müharibə zamanı 3 şəhid verdiyini bildirib:

 

“Müharibədən sonra-ötən il bir qazimiz döyüşlərdə tutulduğu xəstəlikdən vəfat etdi. Həmçinin bu il sentyabrın 12-si hadisələrində də 1 məzunumuz şəhid oldu”.

 

Mingəçevir Dövlət Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin nümayəndəsi Qurban Qurbanzadə 44 günlük müharibədə universitetin 5 məzununun şəhidlik zirvəsinə ucaldığını qeyd edib:

 

“MDU-nun 120-dən çox tələbə və məzunu, həmçinin, 3-ü müəllim olmaqla 5 əməkdaşı Vətən müharibəsində iştirak edib. 5 məzunumuz şəhidlik zirvəsinə yüksəlib. Bundan əlavə, 2022-ci ilin 12 sentyabrında Ermənistan silahlı qüvvələrinin törətdiyi geniş miqyaslı təxribatların qarşısının alınması zamanı daha 1 tələbəmiz də şəhid olmuşdur. Şəhidlərimizin adları: Əzəmi Hüseynov, Faiq Həsənov, Oruc Nəcəfli, Yusif Cəfərov, Kənan Abdullayev və Qorxmaz İsgəndərov”.